“LAND CRUİSER”LƏ 9 MAŞINI ƏZƏN “SÜRÜCÜ”NÜN KİMLİYİ BƏLLİ OLDU

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 54/56 ünvanında yerləşən binanın həyətində “Land Cruiser” markalı maşınla həyətdə dayanmış avtomobilləri əzən sərxoş “sürücü”nün kimliyi müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Modern.az-a bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb:

“Bu, həmin ərazidə kirayədə yaşayan Sənan Kərimov adlı şəxsdir. Müayinə zamanı Sənan Kərimovun sərxoş olduğu müəyyənləşib. Hazırda Binəqədi rayon Polis İdarəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

O.Mansurzadə qeyd edib ki, hadisə zamanı 9 nəqliyyat vasitəsi zərər görüb:

“Nəqliyyat vasitələrinə dəymiş zərər müəyyən edildikdən və araşdırmalar başa çatdıqdan sonra məsələyə hüquqi qiymət veriləcək”.

DİN rəsmisinin sözlərinə görə, maşınları əzən “Land Cruiser” avtomobilinin sahibi xaricdə yaşayır:

“O, avtomobilin açarlarını qonşusuna həvalə edərək, müəyyən vaxtlarda mühərrikin işə salmağı xahiş edib. Sənan Kərimov da bundan istifadə edərək belə xoşagəlməz hadisəni törədib”.

Qeyd edək ki, hadisə nəticəsində ən az zədələnən avtomobilə 1500-2000 manat ziyan dəydiyi bildirilir. Əzilən avtomobillərin arasında son model “Land Cruiser”, “X-Trail”, “Passat”, “Range Rover”, “Mercedes”, “Niva” və s. var.

Bina sakinlərindən biri hadisəni mobil telefonla çəkməyə imkan tapıb. Kadrlardan görünür ki, “Land Cruiser”in sükanı arxasında olan şəxs avtomobili tamamilə qeyri-adekvat idarə edir, sanki bilərəkdən park vəziyyətində olan avtomobilləri əzir. Avtomobilin sahibi Rafiq adlı şəxsin Türkiyədə yaşdığı qeyd edilir.

Related Articles

050-295-94-79
top