XARİCDƏN AVTOMOBİL GƏTİRƏN ŞƏXSLƏR ƏLAVƏ ÖDƏNİŞLƏRƏ MƏCBUR EDİLİR – ŞOK FAKTLAR

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Xatırlayırsınızsa, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev ötən ilin dekabr ayının 27-də ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşmüş və bu zaman Azərbaycanda inhisarçılığın olmadığını bəyan etmişdi. Belə ki, “Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Sabah kimsə ölkəyə 100 ton banan gətirirsə, görə bilməz ki, kimsə ona irad bildirir. Belə fakt varsa, birini göstərin” deyən DGK sədri inhisarçılığın bir faizini göstərən olacağı təqdirdə istefaya gedəcəyini bildirmişdi.

Onun sözlərinə görə, gömrük sistemində hər hansı məhsulun inhisarçılığı mümkün deyil: “Biz malların ixracı ilə məşğul olmağa şərait yaradırıq. Kimsə elə bilir ki, mən inhisarçılığı qoruyuram. Xeyr, biz daxili bazarı qoruyuruq. Daxili bazarı və yerli istehsalı qorumaq məqsədi ilə hansısa xammalın rüsumlarını aşağı salırıqsa, bu da Nazirlər Kabinetinin qərarına uyğun olaraq həyata keçirilir. Daxili bazarın tənzimlənməsinin açarı gömrük orqanlarındadır. Bu səlahiyyət də bizə cənab prezident tərəfindən verilib. Daxili bazarı hansı şəkildə qorumaq lazımdırsa, qiymət siyasəti, tarif və qeyri-tarif bunu həyata keçirəcəyik”.

Nədən yerli istehsalı olmayan, yalnız avtomobil yığımı ilə məşğul olan Azərbaycana nəqliyyat vasitəsinin idxalı xaricdəki satış qiymətindən bir neçə dəfə baha başa gəlir?

Gördüyünüz kimi, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin inhisarçılığı deyil, məhz daxili bazarı qoruduğunu qeyd edib. Bununla yanaşı, o, daxili bazarın tənzimlənməsinin açarının gömrük orqanlarında olduğunu vurğulayıb. Əgər həqiqətən də belədirsə, o zaman nədən yerli istehsalı olmayan, yalnız avtomobil yığımı ilə məşğul olan Azərbaycana nəqliyyat vasitəsi idxal etmək xaricdəki satış qiymətindən bir neçə dəfə baha başa gəlir? Ekspertlərin açıqlamalarından da aydın olur ki, avtomobil istehsal edən ölkələrdə belə, bu qədər böyük rüsumlar tətbiq olunmur. Bundan başqa, xaricdən Azərbaycana avtomobil gətirən şəxslər də bildirirlər ki, nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı onlardan dövlət rüsumundan artıq pul tələb olunur. Bu isə öz növbəsində, Azərbaycan Respublikası ərazisinə idxal edilən yüngül minik nəqliyyat vasitələrinə şamil olunan gömrük ödənişlərinin hesablanması qaydalarına, o cümlədən Vergilər Məcəlləsinə ziddir.

Vətəndaş idxal etdiyi nəqliyyat vasitəsini rəsmiləşdirərkən gömrük orqanının əməkdaşları kalkulyatorda göstərildiyindən artıq pul tələb ediblər

Nəzərinizə çatdıraq ki, bugünlərdə Gürcüstandan Azərbaycana avtomobil gətirən şəxslərdən biri gömrükdə üzləşdiyi problemlərlə bağlı “Hürriyyət”ə ətraflı məlumat verib. Beləliklə, 2012-ci ilin Cənubi Koreya istehsalı olan “Hyundai Elantra” markalı minik avtobolini Gürcüstanda 4800 ABŞ dollarına (8160 manat-red.) aldığını deyən vətəndaşın sözlərinə görə, həmin nəqliyyat vasitəsini almamışdan öncə Dövlət Gömrük Komitəsinin saytına daxil olub və orada yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması üzrə kalkulyator vasitəsiylə nə qədər rüsum ödəməli olduğunu müəyyənləşdirib: “Maşını gətirməzdən öncə gömrük kalkulyatoruna baxdım və məlum oldu ki, mən mühərrək həcmi 1800 kubsantimetr olan “Hyundai Elantra” markalı minik avtobolinə görə 6580 manat 56 qəpik rüsum ödəməliyəm. Qeyd edim ki, bu məbləğin 540 manatı aksiz vergisinə, 3672 manatı mühərrikin işçi həcminə görə tutulan rüsuma, 60 manatı əməliyyat haqqına, 30 manatı vəsiqə haqqına, 2243 manat 16 qəpik ƏDV, 30 manatı elektron gömrük cidmətinin göstərilməsinə, 50 manat 40 qəpik isə elektron gömrük cidmətinin göstərilməsinə görə ƏDV üçün tələb olunur. Beləliklə, hesabladım ki, Gürcüstandan 8160 manata alacağım maşına görə gömrükdə 6580 manat 56 qəpik rüsum alacaqlar. Bununla da avtomobil mənə 14740 manat 56 qəpiyə başa gəlməli idi”.

Təəssüf ki, vətəndaşın gözləntiləri heç də özünü doğrultmayıb. Belə ki, onun iddiasına görə, şəxsi istifadəsi üçün əldə etdiyi nəqliyyat vasitəsini rəsmiləşdirərkən gömrük orqanının əməkdaşları kalkulyatorda göstərildiyi qədər, yəni 6580 manat 56 qəpik deyil, 7500 manata yaxın vəsait tələb ediblər: “Gömrük kalkulyatorunda qeyd olunur ki, həmin maşına görə 2243 manat 16 qəpik ƏDV ödəməliyəm. Ancaq gömrük rəsmiləşdirilməsi zamanı 2547 manat 90 qəpik ƏDV ödəməli oldum. Bundan başqa, gömrük kalkulyatorunda mühərrikin işçi həcminə görə 3672 manat rüsum ödəməli olduğum göstərilsə də məndən 4337 manat 89 qəpik ödəməyim tələb olundu. Bu isə onu deməyə əsas verir ki, aldığım avtomobilin mühərrək həcmi 1800 kubsantimetr olduğu halda, gömrük əməkdaşları 2000 kubsantimetrin rüsumunu tələb ediblər. Nəzərinizə çatdırım ki, gömrük kalkulyatorunda uyğunluq sertifikatı deyilən ödəmə növü olmasa da, həmin sertifikata görə 52 manat ödəməyim tələb olundu. O cümlədən, bank vasitəsiylə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin hesabına bir dəfə 9 manat 20 qəpik, sonra isə 40 manat ödədim. Qeyd edim ki, gömrük kalkulyatorunda belə bir ödəniş növü də öz əksini tapmayıb. Maraqlısı odur ki, qəbzdə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin hesabına ödəmiş olduğum məbləğin təyinatına dair heç bir məlumat yoxdur. Bundan başqa, Dövlət Gömrük Komitəsinin “Meyvəli” bazarının yaxınlığında yerləşən Avtonəqliyyat Terminalına 2 günlük qaraj pulu üçün 20 manat, terminalın ərazisinə daxil olarkən isə 50 manat ödədim. Bununla bağlı verilən qəbzlərdə isə nə imza, nə də möhür var”.

Beləliklə, vətəndaşın sözlərindən bu qənaətə gəlmək olar ki, xaricdən idxal edilən nəqliyyat vasitələrinin sənədləşdirilməsi zamanı Azərbaycan Respublikası ərazisinə idxal edilən yüngül minik nəqliyyat vasitələrinə şamil olunan gömrük ödənişlərinin hesablanması qaydaları deyil, gömrük orqanı əməkdaşlarının tətbiq etdiyi “şərt”lər əsas meyar kimi götürülür. Məhz bunun nəticəsində xaricdən avtomobil gətirən insanlar süni maneələrə, bürokratik əngəllərə, əlavə ödənişlərə məruz qalır. Söz yox ki, gömrük əməkdaşlarının xaricdən idxal olunan nəqliyyat vasitələrini qanunda göstərilən, gömrük kalkulyatorunda qeyd olunan dövlət rüsumları əsasında qeydiyyata almamaları Dövlət Gömrük Komitəsində şəffaflığın olmadığını, eyni zamanda adıçəkilən qurumun əməkdaşlarının yazılmamış qanunlarının hələ də qüvvədə olduğunu deməyə əsas verir. Əgər belə olmasaydı, o zaman gömrük əməkdaşları ölkəyə xaricdən avtomobil gətirən vətəndaşlardan rüsumdan artıq ödəniş tələb etməzdilər.

“Əgər vəkil kimi öz hüquqlarımızı müdafiə edə bilmiriksə, adi vətəndaşlar nə etməlidir mən bilmirəm”

Bu arada, onu da nəzərinizə çatdıraq ki, təxminən, eyni hadisə bir neçə il əvvəl tanınmış vəkil Bəhruz Bayramovun da başına gəlib. Belə ki, həmin vaxt üzləşdiyi problemlə əlaqədar “Azadlıq Radiosu”na açıqlama verən vəkil dövlət rüsumundan əlavə pul istənildiyi üçün Gürcüstandan gətirdiyi avtomobildən imtina etdiyini bildirmişdi. Bəhruz Bayramov qeyd etmişdi ki, Gömrük Komitəsində ondan rüşvət tələb edilir, hətta vəkil kimi hüquqlarını qoruya bilmədiyindən maşını komitənin o zamankı sədrinə peşkəş etmək qərarına gəlib: “Mən avtomobili Güncüstandan 15 min dollara almışam. 2009-cu ilin maşınıdı, bir az əzilib. Motorun gücü 3500 kubsantimetrdir. Gömrük tarifləri kalkulyatoru ilə hesabladım 7326 manat edir. Amma məndən 10 min manat istəyirlər. Deyirəm sənəd verin, mən məhkəməyə müraciət edim, vermirlər. Mənim də imkanım yoxdur o pulu verməyə. Dövlət Gömrük Komitəsinin sədrinə teleqram vurdum ki, mənə şəxsiyyət vəsiqəniz barədə məlumatları göndərin istənilən pulu ödəyə bilmədiyim üçün avtomobili sizin adınıza keçirməklə bağışlayım”. Bunun açıq rüşvət olduğunu bəyan edən vəkil gömrük əməkdaşlarının heç kimdən çəkinmədən “Bu qədər verməlisən, vəssalam” dediklərini də əlavə etmişdi: “Mən müxtəlif yerlərə müraciət edəndən sonra zəng edib deyirlər ki, get avtomobilini götür, amma mən onu götürmək fikrində deyiləm. Maşını Gömrük Komitəsinin sədrinə bağışlayacam. Biz əgər vəkil kimi öz hüquqlarımızı müdafiə edə bilmiriksə adi vətəndaşlar nə etməlidir mən bilmirəm. Gürcüstanda 1000 dollar qeydiyyatına pul vermişəm qəbzlər də əlimdə. Bütün proses 20 dəqiqə çəkib”.

“Hazırda əhali arasında ən çox gömrük kalkulyatorunda tətbiq edilən avtomobillərin qiymətləndirilməsi ilə bağlı ciddi narazılıqlar var”

Mövzu ilə əlaqədar “Hürriyyət”ə açıqlama verən müstəqil iqtisadçı ekspert Razi Abasbəyli isə bildirdi ki, Nazirlər Kabinetinin 2015-ci il 486 saylı qərarına görə, ölkə ərazisinə idxal olunan nəqliyyat vasitələrinin, xüsusilə də avtomobillərin Avro-4 və Avro-5 standartlarına cavab verməsi tələb olunur: “Bundan başqa, avtomobillərin idxalı ilə bağlı məhdudiyyətlər tətbiq olunur. Qeyd edim ki, hazırda əhali arasında ən çox gömrük kalkulyatorunda (Yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması üzrə kalkulyator- red.) tətbiq edilən avtomobillərin qiymətləndirilməsi ilə bağlı ciddi narazılıqlar var. Çünki burda bir sıra boşluqlar mövcuddur. Ümumiyyətlə, bu məsələdə gömrük əməkdaşlarının müstəsna fərdi yanaşmaları hüquqi əsasla öz qüvvəsindədir. Bu, o deməkdir ki, gömrük əməkdaşı istənilən nəqliyyat vasitəsinin ölkəyə idxalı zamanı şəxsi olaraq, yəni hər hansı bir normativə əsaslanmadan qiymətləndirməni həyata keçirə bilir. Və gömrük keçid məntəqələrində təqdim edilmiş bəyannamələrdə ölkəyə idxal olunan nəqliyyat vasitələri ilə bağlı gömrük əməkdaşının şəxsi iradəsi mühüm rol oynayır. Bu zaman vətəndaş ölkəyə idxal etdiyi nəqliyyat vasitəsini Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq öz adına rəsmiləşdirməyə çalışarkən çox ciddi problemlərlə üzləşir. Məsələn, vətəndaş hər hansı xarici ölkədə hərrac vasitəsiylə aldığı nəqliyyat vasitəsini qiymətləndirilmə ilə əldə etdiyi sənədlə bəyannaməni doldurmaqda çətinlik çəkir. Qeyd edim ki, Nazirlər Kabinetinin qəbul etdiyi həmin normativdə bir məqam var: Gömrük əməkdaşının müəyyən etdiyi qiymətləndirilmə. Bu kimi hallar isə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin “Biz çalışırıq ki, gömrük qiymətləndirilməsində və bəyannaməsində elektronlaşmaya, şəffaflığa nail olaq”, deyə verdiyi bəyanatlarda heç də özünü ehtiva etmir. Yəni həmin maddədə artıq fərdin şəxsi iradəsi mühüm rol oynayır”.

“Gömrük əməkdaşının qiymətləndirmə zamanı öz iradəsini ifadə etməsi vətəndaşların haqlı olaraq narazılıqlarına səbəb olur”

Gömrük əməkdaşının qiymətləndirmə zamanı öz iradəsini ifadə edə bildiyini vurğulayan iqtisadçı ekspertin sözlərinə görə, bu isə öz əksini Azərbaycana idxal edilən nəqliyyat vasitəsinin dəyərində göstərir: “Təbii ki, bu da vətəndaşların haqlı olaraq narazılıqlarına səbəb olur. Burada bir məqam da var. Məsələn, ölkəyə eyni maldan 2, 3 və ya 4 ədəd gətirilməsi ilə bağlı müxtəlif vergi rüsumları tətbiq olunur. Lakin bu zaman gömrük əməkdaşı vətəndaşın ölkə xaricindən Azərbaycana həmin məhsuldan neçə dəfə və yaxud şəxsi istehlak məqsədiylə gətirdiyini yazaraq vətəndaşı cərimələrdən, rüsumlardan azad edə bilər. Yəni gömrük əməkdaşı öz iradəsiylə vətəndaşın xeyrinə qərar verə bilir. Bununla da vətəndaş eyni maldan 2 və ya 3 ədəd gətirərkən cərimələrdən azad olur. Bir sözlə, gömrük əməkdaşı istənilən adamla şəxsi ünsiyyətdə olaraq eyni maldan 5 və ya 10 ədəd gətirən vətəndaşın həmin malları şəxsi istehlak məqsədiylə gətirdiyinə dair rəy yaza bilər. Bununla da həmin vətəndaşa cərimə tətbiq edilə bilməz. Və yaxud da gömrük əməkdaşı eyni maldan 2 ədəd gətirən vətəndaşa “Bu şəxsi istehlak məqsədiylə gətirilməyib” deyib karqo xərcləri ödənilsə belə, malı geri qaytara və vətəndaşa ziyan vura bilər. Odur ki, burda artıq gömrük əməkdaşının fərdi iradəsi əks olunur. Təbii ki, əgər ortada gömrük əməkdaşının iradəsi varsa, o zaman müxtəlif gizli sövdələşmələrə gedərək rüşvət və korrupsiya faktına yol açıla bilər”.

“Nə qədər ki, gömrük əməkdaşının bu prosesdə iştirakı davam edəcək, ortada rüşvət və korrupsiya olacaq, gömrük kalkulyatorunda göstərilən məbləğlə vətəndaşın faktiki olaraq ödədiyi məbləğ arasında fərq ortaya çıxacaq”

Razi Abasbəyli hesab edir ki, məhz elə bu səbəbdən də gömrük əməkdaşı ölkəyə idxal olunan nəqliyyat vasitəsinin xarici ölkədə hərracda və yaxud da şəxsi, ikitərəfli fiziki alqı-satqı müqaviləsində göstərilən qiymətləndirməni qəbul edə və ya etməyə bilər: “O ki qaldı Azərbaycana idxal edilən nəqliyyat vasitəsinin ölkə ərazisinə gətirildikdən sonra rəsmiləşdirilməsinə, yəni vətəndaşın onun şəxsi daşınan əmlak olaraq mülkiyyətinə keçirməsi üçün prosedurlara, burda da müəyyən boşluqlar var. Məsələn, vətəndaş nəqliyyat vasitəsini qiymətləndirib ölkəyə gətirib, lakin sübut edə bilmir ki, bu Avro-4 və ya Avro-5-dir. Avropa ölkələrində elə nəqliyyat vasitələri var ki, 2005-2006-cı illərdə istehsal olunsa da, Avro-4 standartına cavab verir. Bu cür hallarda vətəndaşlara deyirlər ki, siz gedin nəqliyyat vasitələri istehsal edən şirkətlərin Bakı ofislərində arayış gətirin. Vətəndaşlar həmin arayışı alıb gətirdikdə isə onu da qəbul etmirlər. Bu cür prosesin yaranması, əlavə gediş-gəliş, bürokratik əngəllər, Azərbaycana idxal edilən nəqliyyat vasitəsinin 10 gün tranzit xərcləri ilə qalma imkanlarının, o cümlədən vaxtın məhdud olması və üzərinə cərimələrin tətbiq olunması, hətta nəqliyyat vasitəsinin geri qaytarılması kimi tələblərin olduğuna görə, vətəndaş istənilən sövdələşmə ilə razılaşmaq məcburiyyətində qalır”.

Xaricdən gətirilən nəqliyyat vasitələrinin gömrük orqanlarında rəsmiləşdirilməsi zamanı vətəndaşa verilən təyinatı olmayan qəbzlərlə bağlı mövqeyini bildirən ekspert qeyd etdi ki, tranzit haqlarının ödənilməsi tələbi doğru deyil: “Ümumiyyətlə, idxal olunan nəqliyyat vasitələrinin özününküləşdirilməsi prosesinin həyata keçirilməsi zamanı birtərəfli olaraq Azərbaycan Respublikası adına Dövlət Gömrük Komitəsi və ölkə vətəndaşı çıxış edir. Baxmayaraq ki, vətəndaş həmin nəqliyyat vasitəsini hər hansı bir xarici hərracdan hüquqi və ya xarici ölkə vətəndaşı olan fiziki şəxsdən alıb. Yəni proseslərin yönləndirilməsində də gömrük əməkdaşlarının şəxsi iradəsi rol oynayır. Bütün bu problemlərin ortaya çıxması, gömrük kalkulyatoru ilə ölkəyə nəqliyyat vasitəsi gətirən vətəndaşların əldə etdiyi qiymətlər, aksiz vergisi, ƏDV, idxal və tranzit rüsumları, nəqliyyat vasitəsinin mühərrikinin həcminə görə tətbiq olunan rüsumlar arasında yaranan fərqlərin ən başlıca səbəbi gömrük sistemində şəffaflığın və islahatların həyata keçirilməməsidir. Belə ki, 2017-ci ildən bu günə qədər gömrük sistemində insan faktoru, gömrük əməkdaşının iradəsinin ortada olması rüşvət və korrupsiyaya yol açır. Nə qədər ki, gömrük əməkdaşının, yəni insan amilinin bu prosesdə iştirakı davam edəcək, ortada rüşvət və korrupsiya olacaq, vətəndaşlar da bundan əziyyət çəkəcək. Eyni zamanda, gömrük kalkulyatorunda, elektron sistemdə göstərilən məbləğlə vətəndaşın faktiki olaraq ödədiyi məbləğ arasında fərq, onun qarşılaşdığı əlavə xərclər ortaya çıxacaq”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
/Xalqxeber.az

Related Articles

050-295-94-79
top