“Dəmirbank” orta məktəb müəlliminə necə qənim kəsilib… – Prezidentə müraciət

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Cənab Prezident siz 28 fevral 2019-cu ildə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzaladınız. 

Bu sizin Azərbaycan vətəndaşlarınıza olan sevginizin, onların sosial qayğısına qalmağınızın, insanlarımızın həyat səviyyəsinin yüksəldilməsi üçün atdığınız daha bir mütərəqqi addım idi. 

Cənab Prezident! Sizin rəhbərliyiniz altında həyata keçirilən islahatlar bu gün sizin şəxsi iradənizlə, bu istiqamətdə həyata keçirilən tədbirlər, reallaşdırılan iqtisadi və institusional islahatlar vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşmasında, yeni iş yerlərinin açılması sayəsində əhalinin məşğulluğunun və gəlirlərinin artmasında, yoxsulluq səviyyəsinin daha da azalmasında öz müsbət nəticələrini göstərməkdədir. 

Sizin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə imzaladığınız fərmanı səmimi qəlbdən alqışlayırıq. 

Azərbaycan xalqı bu islahatı böyük bir uğur, böyük bir qayğıkeşlik olaraq qarşıladı. Lakin ümidlərimiz və sevinclərimiz puç oldu. Səbəbini isə öyrənə bilmirik. Bu işdə sizin bu mütərəqqi addımınızı kimlərsə kölgə altına almaq, kimlərsə bu prossesdən narazı insanlar yaratmağa çalışır. 

Cənab Prezident! Mən Sabirabad Rayon Cavad kəndində şəhid Teymur Məmmədov adına orta məktəbdə sıravi bir orta məktəb müəllimiyəm. Aldığım əmək haqqından da narazı deyiləm. Sadəcə olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından, sizin Fərmanınıza uyğun olaraq yaradılan komissiyanın işindən narazıyam. 

Cənab Prezident! Mən 2014-cü ildə ləğv edilmi, Dəmirbank ASC-dən o zamankı məzənnəyə , yəni 1 Dollar – 0.78 AZN olanda 1569.38 ABŞ dolları kredit götürmüşəm. Sonradan kreditin bir neçə ayını ödədikdən sonra çətinliklə qarşılaşdım və krediti ödəyə bilmədim. 2014-cü ilin dekabr ayının 22-də Dəmirbank ASC mənə qarşı borcun ödənilməsi iddiası ilə Sabirabad Rayon Məhkəməsində iddia qaldırdı. 31 avqust 2016-cı ildə Sabirabad Rayon Məhkəmə Qərarlarının İcrası Şöbəsindən Sabirabad Rayon Təhsil Şöbəsinə 405 saylı məktub ünvanlanıb. Məktubda mənim – Abasov Elşad Umudəli oğlunun adına olan 1985 manat borcun Dəmirbank ASC-yə tam olaraq ödənildiyi qəti olaraq ifadə olunub. Sabirabad Rayon Məhkəməsinin 22.12.2014-cü il tarixli 2(056)-884/2014 saylı əmrinin tam icra edildiyi yazılır. Hətta həmin il mənim sonuncu olaraq məzuniyyət pulum da əmək haqqımdan tutuldu və borcumun tam olaraq bağlandığı haqda mənə İcra Şöbəsindən məktub daxil oldu. Məktubda mənim müəllim olaraq əmək haqqımdan 138 manat 95 qəpik də məhkəmə icra şöbəsinin hesabına vəsait tutuldu. Beləliklə mən 2015-ci ilin 2016-cı ilin iyul ayına qədər demək olar ki, əmək haqqı almadım. 

Cənab Prezident! Mən o zamanlarda demək olar ki, 1 ildən çox çətin maddı sıxıntı içində aylıq 270 manat əmək haqqımdan 208 manat tutularaq yaşadım. Eturaz etmədim, çünki Məhkəmə qərarı qəti idi və heç bir yerə etiraz edə bilməzdim. 

Sizin bu ilin fevral ayında imzaladığınız fərmandan sonra ümidləndim ki, mənə edilən haqsızlıqla bağlı ədalətli qərar qəbul olunar. Ən son olaraq ləğv edilmiş bank kimi Dəmirbank ASC-nin problemli kreditləri ilə bağlı siyahılar sistemə yükləndi. Adımı siyahıda konpensasiya edilmiş dollar krediti üzrə problemli ödəyici olaraq 600 azn borclu qalanlar arasında görəndə dəhşətə gəldim. Axı mən banka olan borcumu artıqlaması ilə, hətta dolların bahalaşması nəticəsində hesablanan məzənnə və gecikmə faziləri, o cümlədən də məhkəmə icra işinə xərclədiyim əlavə pulla ödəmişəm. 

Cənab Prezident! Mən bir kənddə orta məktəb müəllimiyəm. Rayonumuzda Dəmirbankla bağlı bu şikayətimi ünvanlamağa hər hansı bir qurum yoxdur. Mən Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayətimi canlı olaraq çatdırmaq üçün Sabirabad rayonundan Bakıya gəlməliyəm. Həm nəqliyyat xərclərini ödəməliyəm, həm də dərs saatlarında, iş günündə, işimdən ayrılaraq günlərlə paytaxtda ünvanlar axtarmalıyam. 

Cənab Prezident sizdən artıq dərəcədə rica edirəm! Bizim bu dərdimizə, bizə qarşı edilən bu ədalətsizliyə qarşı müdaxilə edəsiniz.

Böyük Hörmət və Ehtiramla Abasov Elşad Umudəli oğlu. Sabirabad Rayon Cavad Kənd T.Məmmədov adına 1 saylı orta məktəbin müəllimi. 050 434 04 66 \\gundeminfo.az\\

Related Articles

050-295-94-79
top