“Rəsul Quliyev, Lalə Şövkət kimi iri kalibrli şəxslər müxalifə keçəndə…” – Sərdar Cəlaloğlu

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Xeyli müddətdir ki, ölkənin ictimai-siyasi həyatında, xüsəsən də müxalifət cəbhəsində ciddi hərəkətlilik hiss olunmur.

Lakin Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun verdiyi açıqlamalar siyasi gündəmdə tərpəniş yaratdı. 

Hətta bəzi müxalif partiyaların rəsmiləri Əli İnsanovla əməkdaşlıq etməyin, eləcə də birgə fəaliyyətin mümkün olması barədə mesajlar da verdilər.

Maraqlıdır, ölkənin ictimai-siyasi kəsiminin, eləcə də müxalifətin ümidi Əli İnsanovamı qalmışdı? Niyə ənənəvi müxalif siyasi düşərgə yeni proses yarada bilmir?

Bu barədə fikirlərini Mia.az-la bölüşən ADP sədri Sərdar Cəlaloğlu deyib ki, burada təəccüblü bir şey yoxdur. 

Onun sözlərinə görə, əgər Azərbaycan müxalifətinin gücləndiyi dönəmləri analiz etsək, aydın təsəvvür yaranar:

“Bilıirsiniz, təcrübə həqiqətin meyarıdır, Azərbaycan müxalifətin nə zaman güclənib? 

O vaxt Lalə Şövkət Rəsul Quliyev hakimiyyətdən ayrılıb müxalifətə keçdi, o zaman müxalifət gücləndi. Yəni Rəsul Quliyev, Lalə Şövkət kimi irikalibrli şəxslər hakimiyyətdən müxalifətə transfer olanda, cəmiyyətin də inamı artırdı. Çünki Azərbaycan cəmiyyəti daha çox hakim komandadan qopan adamların arxasınca gedir. 

Əli İnsanov da kiçik fiqur deyil. Bu adam Heydər Əliyevin silahdaşı olub, nazir vəzifəsində çalışıb, təmsil olunduğu regionun güclərinin böyük əksəriyyətinin ağsaqqalı hesab olunur. Yəni Əli İnsanov həm hakimiyyət daxilindən kimlərisə, həm də cəmiyyətdə tam siyasiləşməmiş müəyyən kəsimi cəlb edə bilər. Eyni zamanda, onun maliyyə imkanları da digər müxalifət liderlərindən fərqlidir. Sonra ailəsi vasitəsiylə xarici əlaqələrinin geniş olması faktı da gözardı edilməməlidir. Yəni, bir çox məqamlar var ki, Əli İnsanov düzgün siyasət aparsa, real gücə çevrilə biləcək”.

Partiya sədri onu da nəzərə çatdırıb ki, müxalifət cəbhəsi də bütün bu amilləri nəzərə alaraq, Əli İnsanovla əməkdaşlığın, birgə fəaliyyətin mümkünlüyü barədə mesajlar verir.

“Müxalifət nümayəndələri də anlayırlar ki, Əli İnsanovun siyasətə gəlməsi minlərlə adamın siyasi proseslərə qoşulması, aktivliyin artması deməkdir. O vaxt Lalə Şövkət müxalifətə keçdi, yüz minlərlə adam siyasi proseslərə qoşuldu. O, siyasətdən çəkildi, həmin kütlə də getdi. Rəsul Quliyev gəldi, ADP oldu bir nömrəli partiya, gedəndən sonra, oldu on nömrəli partiya. Yəni, bütün bunlar nəzərə alınmalıdır” – deyə S.Cəlaloğlu fikrini tamamlayıb.

Mia.az

Related Articles

050-295-94-79
top