Azərbaycanda Kosa və Keçələ hücumlar başladı – MTRŞ etiraz etdi

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Ötən həftə Media FM radiosunda “Manpası” verilişinin aparıcıları Novruz bayramının əsas personajları olan Keçəl və Kosanın dövrə, zamana uyğun olmaması ilə bağlı fikirlər səsələndiriblər. Ümumilikdə Novruz bayramını tənqid edən aparıcılar bu bayramın rebredinq olunmalı olduğunu deyiblər.Bu tənqidlərə Milli Televiziya və Radio Şurasından kəskin münasibət bildirilib

MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov aparıcıların bu cür “böyük-böyük” danışmasının yolverilməz olduğunu və ənənələrə hər kəsin hörmətlə yanaşmalı olduğunu deyib: “Bu dəyərlər uzun əsrlərin sınağından çıxıb. Novruz adətləri hansısa aparıcının tənqid edə biləcəyi mövzu deyil. Aparıcının efirdə bu cür sərbəstliyi, böyük-böyük danışması yolverilməzdir. Aparıcı zəhmət çəksin öz miqyasında olan məsələlərə münasibət bildirsin. Ümumiyyətlə bəzi aparıcılarda verilişlərinin reytinqinin gətirdiyi başgicəllənməsi hiss olunur. Ola bilsin həmin aparıcıdan da kimlərinsə, xoşu gəlmir. Onda tələb etsinlər ki, həmin aparıcını da “rebredinq” eləsinlər?”

Əslində son illər Novruz personajları, hətta bu bayramın özü ilə bağlı ağız büzənlərin artdığı gizli deyil. Digər tərəfdən Bayramla bağlı təşkil olunan kütləvi tədbirlər ildən-ilə sönük alınır. Müxtəlif məkanlarda hazırlanan Novruz tamaşalarında Kosa və Keçəl bayağı, şit, görməmiş kimi təqdim olunurlar. Nəticədə Novruz personajlarını sevdirmək əvəzinə, onları gözdən salırlar. Sosial şəbəkələrdə də Novruz bayramının əsas personajları ilə bağlı neqativ fikirlərin yayılmasının şahidi oluruq. Xüsusən Yeni il personajı olan Şaxta baba ilə müqayisə olunan Kosa və Keçəlin daha çox təlxəklik, dilənçilik etdiyi, insanlardan pay umduğu bildirilir.

Qədim tariximizi, əski inanclarımızı, folklorumuzu özündə əks etdirən Novruz bayramını çıxdaş edib əvəzində mentalitetimizə uyğun olmayan “Hellouin” – Cadılar bayramını keçirmək təbliğ olunur. Novruzda Kosanın pay toplamasını, qulaq falına çıxmağı qeyri-etik hesab edilir, amma Cadılar bayramında ifritə roluna girib şeytanı təmsil etmək normal qarşılanır.

Bu bayramın keçirildiyi məkanlarda dəhşətli səhnələr – kəsilmiş qol, ayaq, qanlı əzalar, geyimlər nümayiş olunur, dəhşətli dekorasiya qurulan məkanlara azyaşlı uşaqlar da aparılır. Nəticədə Avropadan gələn hər şey mədəniyyət, müasirlik və tərəqqi, Şərqdən gələnlər isə cəhalət, savadsızlıq və gerilik kimi təqdim olunur.

Əslində Novruz atributlarını tənqid etmək, tariximizə, mədəniyyətimizə, kimliyimizə əl uzatmaq nə dərəcədə düzgündür? Milli dəyərləri rebredinq etmək olarmı?

AMEA Folklor İnstitutu Mərasim folkloru şöbəsinin müdiri, Filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil virtualaz.org-a açıqlamasında bu cür yanaşmanın kökündən səhv olduğunu deyir. Folklorşünas alim deyir ki, bütün dünya xalqlarında qədim dövrü simvolizə edən, həmin dövrlə bağlı olan personajlar var. İndiki müasir baxışla ola bilər ki, həmin peronajlar komik görünsün. Hətta bəzən tənqid olunan tərəfləri də ola bilər. Amma bu yalnız müasir baxışla belədir.

“Nəzərə almaq lazımdır ki, bu personajlar ibtidai mədəniyyətin yadigarıdır. Bəşəriyyətin uşaqlıq dövrünün məhsuludur. Hər bir xalq öz mədəniyyətinin başlanğıcına da hörmətlə yanaşmalıdır, onu keçmişinin yadigarı kimi qorumalıdır. Bizim mərasim folklorunda olan personajlara da bu cür yanaşmaq lazımdır. Kosa və Keçəl obrazları arxaik ritual personajlardır. Onlar sonrakı inkişaf etmiş dünyagörüşlərdə mənasını və əhəmiyyətini itirib və bu funksiyalar arxaikləşib, müəyyən qədər komik obraz səciyyəsi daşıyır. Biz bunları qorumalı, yaşatmalı və müasir mədəniyyətimizdə davam etdirməliyik”, – A. Xəlil qeyd edir.

Kosa və Keçəl obrazının mahiyyətini izah edən folklorşünas deyir ki, çox qədim dövrdə insanlar qışı yola salarkən onu obrazlaşdırıblar. Sonrakı dövrlərdə bu səhnələşdirilib və onu aktyorlar oynayıblar. Burada inanc ondan ibarətdir ki, qış tez yola salınsın, gələn il – bahar daha bol məhsulla qarşılansın.

“Bu mərasimin sonunda kosa ölür, o dünyaya yola salınan ritual personaja müxtəlif hədiyyələr verirlər. Əvvəllər insanlar ölümdən sonrakı həyata inanırdılar və həmin vacib ərzaqları Kosaya ona görə verirdilər ki, o nemətlərdən istifadə eləsin. O dünyadan qayıdanda isə bu nemətlər daha da bollaşsın. Bu özündə ölüb-dirilmə arxaik ritualını simvolizə edir. Bununla gələcək mövsümə məhsuldarlıq dəstəyi qazandırılmış olur. Biz qışı ölən kosanın simasında yola salırıq”, – deyə A. Xəlil bildirir.

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli isə hesab edir ki, Kosa və Keçəlin miskin, fərsiz kimi təqdimatına yol vermək olmaz. Bu obrazların təqdimatı bir qədər müasirləşdirilməli, onlara müsbət cizgilər əlavə olunmalıdır. Onları tənqid də etmək olar, amma…

“Bu qəhrəmanları bir qədər də süni şəkildə düzəldib ortaya çıxarıblar ki, diqqəti cəlb eləsin. Mən demirəm ki, uğurlu qəhrəmanlardır. Kosa və Keçəlin idealları nədir, dərinliklərə varmadan hesab edirəm ki, bunlar bir qədər müasirləşdirilməli, cazibəsi artırılmalı, əlavə ştrixlər qoyulmalıdır. Bunları bu şəkildə – fərsiz, miskin, gözü onun bunun əlində olan kimi tədim etmək olmaz. Bunun üzərində düşünmək lazımdır. Belə təqdimata yol vermək olmaz. Novruzun fəlsəfəsini düz anlamaq, obrazlarda ştrixləri müşahidə etmək lazımdır. Xalqın ortaya çıxardığı qəhrəmandırsa, onun əlbəttə ki, müsbət xüsusiyyətləri olmalıdır. Şən olmağının əsası olmalıdır, oyanışı, yeniliyi ifadə edir, insanlara ruh verə bilir. Bu ştrixlər qabarıq olmalıdır. Yoxsa “onu ver”, “bunu ver”, “gedim filan şeyi gətirim” formasında təqdimat müasirləşdirilməlidir”.
Azərbaycanda Kosa və Keçələ hücumlar başladı –
Q. Məhərrəmlinin sözlərinə görə, bu qəhrəmanlar uşaqların təəvvüründə müsbət obraz olmalıdır. Mütəxəssis hesab edir ki, folklorçu alimlərin dedikləri ilə oturub-durmaq, Novruz personajlarını kiminsə ideyası kimi ortaya qoymaq tamamilə yanlışdır. Bu xalq oyunlarından gələn qəhrəmanlardırsa, çox ümumiləşmiş tiplər olmalıdır.

“Ona görə də, hesab edirəm ki, kütləvi tamaşaları yaradanlar bu məsələlərə diqqət etməlidir. Hər kəs bu barədə söz deyə bilər, tənqid də edə bilər, amma çox ciddi şəkildə əsaslandırılmış, elmi faktlara əsaslanan fikirlər olmalıdır, lağlağı yox. Min illərdir bu obrazlar var, amma biz bunu indiki halda necə ortaya çıxardırıq – məsələ budur. Hər şeyi çox mənfi dalğaya kökləmək olmaz, amma deyilən həqiqətləri də nəzərə almaq lazımdır. Novruz personajlarını müasirləşdirmək, ideya baxımından uşaqların dünya görüşünə, davranışına müsbət təsir edəcək bir hala gətirmək lazımdır”, – deyə Qulu Məhərrəmli bildirib.Teref.az

Related Articles

050-295-94-79
top