BAKI NƏQLİYYAT AGENTLİYİ ƏHALİNİ NECƏ İNCİDİR? – ARAŞDIRMA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bir müddət əvvəl Bakı şəhərində avtomobillərin dayanma-durma qaydalarının müəyyənləşməsi və xüsusilə də buna görə cərimələrin tətbiq edilməsi ilə bağlı səlahiyyətlərin Bakı Nəqliyyat Agentliyinə verilməsi barədə məlumat yayıldı. Sadə dillə bunun izahı beləydi, artıq bu qaydaların pozulmasına görə cərimələri polisin DYP kimi klassik strukturu deyil, yeni yaradılmış BNA toplayacaqdı.

Məhz cərimələrin yığılması ilə bağlı məqamı təsadüfən xatırlatmadıq. Çünki BNA-nın bu istiqamətdə apardığı maarifləndirmə və təbliğat işlərində, nədənsə, cərimələrin məhz onlar tərəfindən toplanacağı xüsusi qabardılırdı. Üstüörtülü reklam xarakterli həmin mətnlərlə tanış olan hətta savadlı insanlarda belə təəssürat yaranırdı ki, sanki BNA-nın təyinatı DYP-nin əvəzindən cərimə yığmaqdan ibarətdir. Əslində, bu qurum çox böyük səlahiyyətlərə malikdir. Demək olar ki, paytaxtın ictimai nəqliyyat sahəsinin tənzimlənməsində geniş səlahiyyətləri əlində cəmləyir. Ancaq, nədənsə, həmin qurum üçün şəhərin daha çox yaralı yeri sayılan ictimai nəqliyyatda olan problemlərin aradan qaldırılması deyil, məhz cərimələrin toplanması cəzbedici görünməyə başlamışdı. Cərimələrin yazılması və toplanması üzrə səlahiyyətləri əlinə keçirəndən sonra BNA-nın ilk olaraq sevincək şəkildə təqdim etdiyi nailiyyətlərindən biri də toplanan cərimələrin miqdarı ilə bağlı oldu. Dərhal nəzərə çarpdı ki, bunlar DYP-dən qat-qat çox cərimə yığıblar. İlk baxışdan belə rəy yarana bilərdi ki, DYP-nin həmin istiqamətdəki fəaliyyəti olduqca zəif olub. Amma həmin cərimələrin BNA tərəfindən hansı qaydada toplandığını araşdırdıqda məlum olur ki, sözün həqiq mənasında, həmin pulu əhalidən sanki çığırda-çığırda alılblar. Bunu biz demirik. Qurumun yürütdüyü cərimə siyasətilə bağlı aparılan ictimai müzakirələri, sosial və ənənəvi media nümunələrində yazılanları oxuduqdan sonra bu qənaətə gəlirik. Hətta ictimai qınaq o həddə çatıb ki, bir çox vətəndaş BNA-nın ləğv edilməsi təklifini belə irəli sürür. Dövlət Agentliyi isə bunun əhalinin xeyrinə olduğunu israrla bildirir. Bu sahənin mütəxəssisləri hesab edirlər ki, Bakı şəhərində dayanma və durma, parklama üçün ərazilər çox məhduddur, bu baxımdan sürücülər üçün müəyyən şərait yaradılmalıdır. Ancaq BNA bunu nəzərə almadan yalnız daha çox cərimə yığmağa meyllənib. Çox təəssüf ki, qurum hər yerdə tikinti bumunun olduğunu nəzərə almır. Guya bilmirlər ki, əksər ərazilər tikinti şirkətləri tərəfindən zəbt olunub. Hətta bəzi binalar səkilərin üzərində inşa edilir. Parkinqlər nəzərə alınmır və az qala yolun hərəkət hissəsində marketlər, müxtəlif ticarət mərkəzləri, iaşə obyektləri tikilir. Bununla şəhərdə bir xaos yaradıblar. Buna görə də sürücülər bəzən məcbur olurlar ki, hansısa aptekin və mağazanın önündə 5 dəqiqəlik avtomobilini saxlayıb ordan nəsə alsın. BNA isə “Yol hərəkəti haqqında” Qanunun tələbləri çərçivəsində fəaliyyətə üstünlük verir. Həmin qanuna görə, dayanma-durma qadağan olunan yerdə sürücü maşını 5 saniyə də saxlasa, bu, artıq qayda pozuntusudur. O da aydındır ki, qanunu kim pozursa, onun cəriməsini də ödəməlidir. Ancaq yaxşı olardı ki, BNA bu gün tətbiq etdiyi sərt cərimə siyasətinə görə tənqid ediləcəyini əvvəlcədən proqnozlaşdıraydı. Parklanma yeri yaratmadan cərimə yazmağa başlamayaydı. Məsələn, “Neftçilər” prospektində “Azneft” meydanından Dəniz Vağzalına qədər dayanma-durma qadağandır. Deyək ki, siz taksi sürücüsüsünüz, sərnişininiz əcnəbi vətəndaşdır, ailəlidir, maşında uşaq arabası var və Dənizkənarı Bulvarı gəzmək istəyir. Maşını saxlayırsınız və baqajından arabanı, yaxud da sərnişinin başqa bir yükünü çıxarmalısınız. Bu da təxminən 30 saniyə – 1 dəqiqəarası vaxt aparır. Müştəri sürücüyə 6-10 manat pul verəcəkdi, onun əvəzinə isə BNA 20 manat cərimə yazdı. Söhbət bundan gedir. Sürücü nə etməlidir?! O, müştərisinə deməlidir ki, “mən 3-ə qədər sayıram, özünüzü maşından atın?”

Bəzi ekspertlər hesab edirlər ki, Bakı Nəqliyyat Agentliyilə nəqliyyat sahəsində fəaliyyət göstərən bir neçə dövlət qurumu hansı sahəyə kimin və necə nəzarət etməli olduğu barədə bir-birilə münasibətlərini hələ ki, tənzimləyə bilməyib.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, həmin səbəbdən də nəqliyyatın idarə edilməsində belə ciddi problemlər yaşanır: “Bu sahədə hüquqi nonsens də yaranıb. Qanunvericiliyə görə, parklanmaya görə cərimələri Dövlət Yol Polisi yazmalıdır. Amma, nədənsə, Nəqliyyat Agentliyi bunu öz üzərinə götürüb və parklanma ilə bağlı yeni bir cərimə strategiyası qurub. Sanki BNA-nın işi ona yönəlib ki, daha çox insanı, sürücünü cəzalandırsın, nəinki təşviq etsin. Hər hansı dövlət qurumu iki istiqamətdə fəaliyyət göstərməlidir: işin yaxşı təşkili, təşviq siyasəti və cəza mexanizmi vasitəsilə qaydaların pozulmasının qarşısının alınması. Amma burada görünən odur ki, strateji olaraq BNA-nın əsas işi məhz cərimələrin sayının artırılması, daha çox cərimələr məsələsinə üstünlük verməkdən ibarətdir. Onun nəticəsidir ki, BNA yenicə fəaliyyətə başlamasına rəğmən, ən çox məhz cərimələr vasitəsilə büdcəsinə daha çox pul cəlb edən bir quruma çevrilib. Bu da təbii ki, vətəndaşlarla sürücülərin ciddi narazılığına səbəb olur. Cərimələri BNA yazsa da, işin təşkililə bağlı cavabdehin kim olduğu isə hələ bilinmir. Bakı Şəhər İcra Hakimiyyəti özlərinə aid olmadığını deməklə öz boynundan atır. BNA isə strukturun qurulması, alternativlərin təklifini ikinci plana atıb. Parklanma qadağandırsa, onun alternativi də olmalıdır. Bununla bağlı isə BNA təəssüf ki, ciddi iş aparmır”.

Apardığımız araşdırmalar göstərir ki, BNA ilə bağlı əsas narazılıqlardan biri də parkomatların quraşdırıldığı ərazilərdə onlara cərimənin yazılmasıdır. Bununla bağlı ilk olaraq parkomatları quraşdıran Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə əlaqə saxladıq. BŞİH-dən bildirdilər ki, ötən ilin aprel ayında parkomatların idarəçiliyi Bakı Nəqliyyat Agentliyinə verilib.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bu mövzu ilə bağlı ona ünvanlanan suala belə cavab verib: “Durma qadağandır” işarəsi varsa, orada parkomatın olub-olmaması önəm kəsb etmir. Belə ki, işarə parkomatı qüvvədən salır. “Durma qadağandır” işarəsi olan yerdə avtomobili park etmək olmaz. Əks halda, sürücülər cərimə olunacaq”.

Qeyd edək ki, BNA-nın sərt cərimə siyasətindən narazı olanların sırasında tanınmış şəxslər də az deyil. Belə narazılığı ən sərt formada çatdıranlardan biri də “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid olub. O öz “Facebook” profilində BNA-nı sərt tənqid edəndən sonra qurumun rəsmisi Mais Ağayev baş redaktorun sanki yalan danışdığını sübut etməyə çalışmışdı. Buna Rəşad Məcidin münasibəti belə olub: “Mən “Facebook”da şəxsi bir məsələ yazmamışam. Ümumiyyətlə, sürücülərdən eşitdiyim şikayətlərlə bağlı fikrimi bildirmişəm. Taksi sürücüləri deyirlər ki, bir yerdə 20-30 saniyə saxlayanda 20-40 manat cərimələyirlər. BNA-nın 10 dəqiqə saxladığına görə cərimələdiyi 90 PV 525 nömrəli “Toyoto Prado” markalı avtomobilin mənə dəxli yoxdur. Mənim maşınımın nömrəsi 10 PV 525-dir. Bu qurumun açıqlamasını təbəssümlə qarşılayıram. Məni heç kim cərimələməyib. Çünki burada söhbət məndən getmir. Özlərinə də demişəm ki, bu, ümumi ictimai problemdir.

BNA deyir ki, indi maşını 20-30 saniyəlik bir yerdə saxlayan şəxslərə cərimə yazılmır, olubsa da, aradan qaldırılıb. Əgər belədirsə, lap yaxşı. İstəyimiz şəhər nəqliyyatının normal qaydada işləməsidir”.

Digər bir narazılıq isə sabiq millət vəkili, məşhur YAP-çı Xeyrəddin Qoca tərəfindən edilib. Onunla da BNA arasında bu mövzuda qalmaqal yarandı. Belə ki, Xeyrəddin Qocanın qızı övladını 20 nömrəli məktəbə aparan zaman dayanma-durma qaydalarını pozub və BNA kamera görüntüləri əsasında ona protokol tərtib edib.

Yazıçı isə sosial şəbəkələrdə bu məsələyə etiraz edərək sözügedən protokolun qanunsuz olduğunu bildirib. Ardınca BNA-nın mətbuat katibi Mais Ağayev açıqlama yayaraq fotolar paylaşıb, X.Qocaya tövsiyələr verib. X.Qocanın isə məsələyə münasibəti belə olub: “Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarının küçələrə tökülüb sürücülərə qanunsuz cərimələr yazmaları haqqında 4 martda açıqlama vermişdim. Yazıda qeyd etmişdim ki, qızıma qanunsuz cərimə yazıblar. Niyə qanunsuz? Çünki agentlik əməkdaşlarının sürücülərə protokol yazmaq ixtiyarları yoxdur! Ona görə ki, agentlik yaradılıb, lakin onların səlahiyyətləri dövlət tərəfindən hələ təsdiq olunmayıb. Bir də ki, qızım avtobus dayanacağından 15 metr aralıda maşın saxlayıb. Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor midiri Mais Ağayev isə 15-20 maşının içərisindən qızımın maşınını seçərək qanuna zidd olaraq maşının şəklini sosial mediada yayıb. Maşının sahibi var, maşının nömrəsi var… Mais Ağayev özünü kim hesab edir? Bizi çox məhkəmə ilə qorxudur, onun bu hərəkəti məhkəməlikdir! Bəs, Mais Ağayev niyə belə “iş” görüb? Çünki mənim yazımdan sonra o mənə zəng edib, məsələni öyrənmək istəyərkən, ona bildirmişəm ki, qızım agentliyə zəng edib, Ərəstun Məcidovla danışıb. Ərəstun Məcidov kobudluq edərək ona cavab verib ki, “biz heç kimi tanımırıq!”

Qeyd edək ki, BNA rəsmilərinin tanınmış şəxslər tərəfindən səslənən tənqidi fikirlərə aqressiv yanaşmaları da təəccüb doğurur. Növbeti belə aqressiya ilə qarşılaşanlardan biri də İKT eksperti Osman Gündüz olub. Onun ifadə etdiyi mövqeyə diqqət edək: “Bir neçə gün öncə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə bağlı bir açıqlama vermişdim. Təxmini mahiyyəti beləydi ki, 100 milyon vəsait xərclənən bu Nəqliyyatın İntellektual İdarəetmə sistemi Nəqliyyat Nazirliyində olduğu zaman iflasa uğrayıb və artıq 2-3 ildir ki, Bakı Nəqliyyat Agentliyinə verilməsinə baxmayaraq, fəaliyyəti bərpa edilməyib. Yumşaq da bir yazı idi. Buna rəğmən, BNA rəsmisi statusun altında çox aqressiv bir rəy yazmışdı.

Düzü, çox da təəccüblənmişdim. Çünki fikrimcə, adi bir tənqid idi, sadəcə, BNA-ya çağırış edilirdi ki, zaman gedir, NİİM bərpa edilməldir.

Vaxt tapıb son iki ildə NİİM-lə bağlı görülən işlər üzrə qısa bir araşdırma apardım. Və hədsiz təəccübləndim, düzü, dəhşətə gəldim.

Baxıram ki, NİİM BNA-ya veriləndən sonra bu sistemin bərpası, həmin o məşhur video monitorla bağlı texniki xidmət, videorabitə işləri ilə bağlı, serverlərlə bağlı, nəqliyyat planlaması və trafik təhlili proqram təminatları ilə bağlı BNA-ya təxminən 28 000 000 manat vəsait ayrılıbmış. Təsəvvür edin, son 1-2 ildə BNA-ya 28 milyon manat vəsait ayrılıb, amma Nəqliyyatın İntellektual İdarəetmə sistemi hələ də ortada yoxdur.

BNA rəsmisi də vətəndaş cəmiyyətindən verilən adi bir təklifə, adi bir tənqidə aqressiya ilə yanaşır”.

Bütün bu sadalanan faktlardan sonra bir nəticəyə gəlmək olar. Yaxşı olar ki, BNA cərimələrin yığılmasına çox da meyllənməsin. Şəhərin bərbad gündə olan ictimai nəqliyyat sektoruna bir diqqət ayırsın. Çünki sanki onlar öz nəzarətlərində olan sərnişin avtobuslarını cərimə edilməyən kateqoriya sırasına aid ediblər. Halbuki, daha çox narazılıq məhz həmin avtobus sürücüləri və marşrut sahiblərindəndir. Bir məsələni də xüsusi vurğulamaq istərdik ki, bu üsulla cərimələri toplayıb özünü yaxşı işləyən qurum kimi göstərməyin fəsadlı tərəfləri də var. Son vaxtlar Prezident əhalinin içinə gedib, şəxsən onların problemi ilə tanış olub, həlli istiqamətində konkret addımlar atırsa, BNA niyə sərt cərimə siyasətilə kütləvi narazılığa şərait yaratmalıdır? 

“Bakı-Xəbər”

Xalqxeber.az

Related Articles

050-295-94-79
top