BNA Ziya Məmmədovun yeyintisini uğurla davam etdirir… – İntellektual İdarəetmədə BÖHRAN

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 7
    Shares

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi(NİİM) Bakı Nəqliyyat Agentliyinə veriləndən sonra bu sistemin ayrı-ayrı komponentləri üçün bütövlükdə 29 milyon manat vəsait ayrılıb.

“Yeni Müsavat” xəbər verir ki, informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz bu məlumatı facebook hesabında paylaşıb. Onun sözlərinə görə, NİİM nəhəng infrastrukturdur, tərkibində müxtəlif sektorlar, rəqəmsal xəritələr, proqram təminatları, divar monitoru, serverlər və s. var. Son iki ildə NİİM-in ayrı-ayrı komponentləri üçün bir neçə şirkətə toplam 29 261 302 manat vəsait ödənilib və bununla bağlı müqavilələr bağlanıb.

Yoxa çıxan fiber optik infrastruktur, GPS və…
O.Gündüz bildirib ki, NİİM üçün BNA-ya 29 milyon ayrılması dəhşətdir. Bu sistem 2007-ci ildə yaradılıb. Artıq 12 il ərzində bu struktur təkmilləşməli, şəhərin ictimai nəqliyyat sistemi intellektuallaşmalıydı. Sanki qurum qeybə çəkilib, bu nəhənglikdə qurum mövcud deyil. Qurumun internet resursları da aktiv fəaliyyət göstərmir.

Əslində çox gözəl bir təşəbbüs olan intellektual idarəetmə mərkəzi, çox təəssüf ki, böyük miqdarda maliyyə ayrılan, lakin faydasını yetərincə görmədiyimiz layihələrdən oldu.

Nəqliyyat Nazirliyi və Cənubi Koreyanın birgə layihəsi olan NİİM-in reallaşmasına büdcədən 100 milyon manat vəsait ayrılmışdı. O zamankı nəqliyyat naziri Ziya Məmmədov bu layihə ilə bağlı böyük vədlər verirdi. O, bütün ölkəboyu bu sistemin işləyəcəyini bildirirdi. Təəssüf ki, nazirlik zamanında bu qurumun effektiv fəaliyyəti üçün zəruri olan addımları atmadı.

Dayanacaqlarda quraşdırılan və hərəsinin dəyəri az qala 10 min dollar olan monitorların vəziyyəti göz qabağındadır və ümumilikdə 100 milyonun necə göyə sovrulduğu göz önündədir. Yüzlərlə müşahidə kamerasına, kilometrlərlə fiber optik infrastruktura, yüzlərlə avtobusda quraşdırılan GPS tipli avadanlıqlara, dünyanın ən böyük monitoruna məxsus olan bu nəhəng infrastruktur tamamilə sıradan çıxıb. Kiyevdə intellektual idarəetmə sistemi təxminən 30 milyon manata başa gəldiyi halda, Bakıda bu sistemə 100 milyon xərclənməsinin heç bir məntiqi izahı yoxdur.

Avtomatik işıqforlar, SMS sistemi da tam hazır deyil
NN-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra NİİM BNA-ya verildi. Lakin son iki ildə də agentliyə ayrılan 29 milyon manatla heç bir ciddi addım atılmayıb. Əslində qarşıya qoyulan vəzifə Bakıda nəqliyyatı texnologiyaların köməyi ilə intellektual formada idarə etmək, işıqforları tam avtomatik idarə etmək, texnologiyalar vasitəsilə tıxacların qarşısının alınmasına və idarə olunmasına nəzarət etmək, SMS məlumatlandırma ilə tıxac vəziyyətindən çıxış, alternativlər təqdim etmək, sürücülərin məlumatlandırılmasını təşkil etmək və s. olub.

2015-ci ildə Bakı Nəqliyyat Agentliyi yaradılanda Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi BNA-nın tabeliyinə keçdi.

Yəni həmin tarixdən nəqliyyatın vahid mərkəzdən intellektual formada, mərkəzləşdirilmiş formada tənzimlənməsi BNA səlahiyyətindədir.

Ondan sonra qəbul edilən bütün fərman və sərəncamlarda, qərarlarda BNA-ya tapşırıqlar verilib ki, bu sahədə qayda yaradılsın.

“Elektron protokol” sistemi nə tez işə düşdü?
Bakı şəhərindəki bütün işıqforlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməli idi. Hətta prezident fərmanı ilə DİN-in idarəetməsində olan işıqforlar da BNA-nın tabeliyinə keçirilib.

BNA-nın digər dövlət qurumları tərəfindən elektron qaydada məlumatlandırılması üçün də addımlar atılıb.

Yəni effektiv idarəetməni təşkil etmək üçün BNA-ya yetərincə köməkliklər olunub. Bütün bu tapşırıqlar isə 2015-2018-ci illər aralığında olub. Nəticə varmı? Nəqliyyat mərkəzləşdirilmiş formada, intellektual olaraq idarə olunurmu? Təəssüf ki, bu suala müsbət cavab vermək olmur.

Bu müddətdə BNA hansı addımları atıb? Köhnə infrastrukturdan nə qalıb, nələrdən istifadə olunur. Yeni hansı həllər təklif olunur?

Bu haqda heç bir rəsmi açıqlamalar yoxdur. Yeri gəlmişkən, prezident fərmanı ilə BNA-ya daha bir səlahiyyət verilib.

Dayanma və durmanın qadağan edildiyi yerlərdə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması və qaydanı pozanlarla bağlı tədbirlər görmək də BNA- ya tapşırılıb.

Qəribədir ki, 4 ildə əsas vəzifə olan NİİM problemini həll edə bilməyən BNA “elektron protokol” sistemini tezliklə quraşdırıb və dərhal da fəaliyyətə başlayıb

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirmişdi ki, monitorların işləməməsinin bir neçə səbəbi var:

“Bildiyiniz kimi, monitorlar bizdən öncə quraşdırılıb və quraşdırılan zaman da yaradılan sistemdə müəyyən çatışmazlıqlar olub. Digər bir yandan, bu monitorların işləməməsi müxtəlif vaxtlarda yollarda koordinasiyasız işlərin aparılması olub. Müxtəlif təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən qazıntı işləri zamanı monitorları qidalandıran xətlər, optik naqillər yararsız hala salınıb. Ona görə də monitorlar bu gün işləmir. Bakı Nəqliyyat Agentliyi ötən dövr ərzində NİİM-in fəaliyyətinin təkmilləşdirilməsi, dayanıqlı sistem əsasında fəaliyyət göstərməsi istiqamətində mühüm işlər görüb.

Bununla bağlı müxtəlif xarici ölkə şəhərlərinin aidiyyəti qurumları ilə də sıx əməkdaşlıq edilir. Bunlar hamısı zaman alan məsələlərdir. Müəyyən bir vaxtdan sonra dayanacaqlarda yenidən informasiya tabloları sərnişinlərimizə xidmət göstərəcək. Çətin proses olsa da agentlik tərəfindən bu istiqamətdə iş aparılır ki, dövlətin çəkdiyi xərclər nəticəsiz qalmasın və camaatımız rahat şəkildə bu sistemdən istifadə edə bilsin”.

Related Articles

050-295-94-79
top