Böyük əfv siyahısı imzalanmaq üzrə – Kimlər azadlığa buraxılacaq?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Hər il olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində ölkə prezidenti İlham Əliyevin humanist addımlarından biri kimi əfv sərəncamının imzalanacağı gözlənilir. Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2019-cu ilin yanvar ayından start verilən iclasları martın 6-da yekunlaşıb. İclaslarda yüzlərlə müraciətə baxılıb, müvafiq arayışlar hazırlanıb.

Artıq hamı əfv sərəncamının imzalanmasını gözləyir. Sərəncamın imzalanmasına sayılı günlər qaldığını söyləsək yanılmarıq. Əlbəttə ki, əfv sərəncamı imzalamaq birbaşa prezidentin müstəsna hüququdur.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirdi ki, komissiyaya daxil olan müraciətlərin hamısı araşdırılıb, müzakirə olunub və verilən rəylər hamılıqla prezidentə təqdim olunacaq.

Mediada daha çox müzakirə edilən məqam əfv sərəncamında tanınmış məhbuslardan, İnsan Haqları üzrə İşçi Qrupunun və digər hüquq müdafiə təşkilatlarının hazırladıqları siyasi məhbus siyahılarında adı olan şəxslərdən kimlərin adının olub-olmayacağıdır.

“Yeni Müsavat”ın əldə etdiyi ilkin məlumatlara görə, əfv siyahısı kifayət qədər böyük olmaqla yanaşı, yuxarıda qeyd etdiyimiz siyahılarda adı olan məhbusların əksəriyyətini əhatə edə bilər. Prezidentin humanistliyi sayəsində azadlığa qovuşacağı gözlənilənlər sırasında tanınmış məhbusların da olacağı deyilir.

Məsələn, Əli İnsanov – sabiq səhiyyə naziridir. 2005-ci ildə həbs edilib. 11 illik cəzasının bitməsinə üç ay qalmış ona qarşı əlavə ittihamlar irəli sürülüb. 2017-ci il aprelin 26-da 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Onu da qeyd edək ki, Əli İnsanov Novruz bayramı ərəfəsində həbsdən buraxılsa 22 martda 73 yaşını azadlıqda qeyd edəcək.

İlkin Rüstəmzadə – NİDA Vətəndaş Hərəkatının üzvüdür. “Əsgər ölümlərinə son” aksiyasına görə 2013-cü ildə həbs edilib. 8 il cəza alıb.

Elgiz Qəhrəmanlı – NİDA-çıdır. 2016-cı il avqustun 12-də saxlanılıb. 2017-ci ilin yanvarında 5 il yarım cəza alıb. Həmin ilin noyabrında onun cəzası 3 ilə endirilib. Həbs müddəti bu il avqustun 12-də başa çatır.

Seymur Həzi – AXCP sədrinin müavinidir. 2014-cü ilin avqustunda həbs edilib. 5 il cəza alan AXCP funksionerinin avqustda cəzası bitir.

Fuad Qəhrəmanlı – AXCP sədrinin müavinidir. 2015-ci ilin dekabrında saxlanılıb. 2017-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib.

Asif Yusifli – Qarabağ qazisi, AXCP funksioneridir. 2014-cü ilin noyabrında həbs olunub. İlk olaraq 7 il yarım cəza alan A.Yusiflinin həbs müddəti 2015-ci ilin iyulunda Ali Məhkəmə tərəfindən 6 ilə endirilib.

Fikrət Fərəməzoğlu – Jam.az saytının rəhbəridir. 2016-cı ilin iyununda həbs edilib. İlk olaraq 7 il cəza alan sayt rəhbərinin ötən ilin sentyabrında Ali Məhkəmədə şikayətinə baxılıb və onun həbs müddətindən bir il götürülüb.

Əlikram Xurşudov – Müsavat Partiyasının Şirvan rayon təşkilatının sədridir. 2017-ci ilin noyabrından məhbus həyatı yaşayır. 5 il cəza alan təşkilat sədrinin cəzası ötən ilin avqustunda 3 ilə endirilib.

Əliabbas Rüstəmov – vəkildir. 2014-cü ilin iyununda saxlanılıb. 7 il cəza alıb.

Gözəl Bayramlı – AXCP sədrinin müavinidir. 2017-ci ilin mayında saxlanılıb. Ötən ilin yanvarında 3 il müddətinə azadlıqdan məhrum edilib.

Əfqan Muxtarlı – jurnalistdir. 2017-ci ilin mayında həbs olunub. Ötən ilin yanvarında 6 il cəza alıb.

Murad Ədilov – AXCP üzvüdür. 2014-cü ilin avqustunda tutulub. 6 il müddətinə azadlıqdan məhrum edilib.

Fuad Əhmədli – AXCP üzvüdür. 2016-cı ilin avqustunda həbs olunub. 4 il həbs cəzası alıb.

Rüfət Səfərov – Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Mövsüm Səmədov – İslam Partiyasının sabiq sədridir. 2011-ci ildən həbsdədir. 12 il cəza alıb.

Abgül Süleymanov – ilahiyyatçıdır. 2011-ci ildə həbs edilib və 11 il azadlıqdan məhrum edilib.

Nicat Əliyev – azadxeber.net saytının baş redaktorudur. 2012-ci ilin mayından həbsdədir. 10 il cəza alıb.

Elnur Seyidov – “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qaynıdır. 2012-ci ilin martından həbsdədir. 7 il yarım cəza alıb.

Qeyd olunanlarla yanaşı, Nardaran hadisələrinə görə həbs edilmiş məhbuslardan da bəzilərinin əfvlə azadlığa qovuşacağı istisna deyil.
“Yeni Müsavat”

Related Articles

050-295-94-79
top