“Qiymətlər mart-aprel aylarında kəllə-çarxa qalxacaq” – Ekspert bahalaşma cədvəli yaydı

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 3
    Shares

“Qarşıdan gələn Novruzda bayram plovu bişirənlərin ən çox xərci kərə yağına çıxacaq”

Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, 5 nəfərlik ailə bayram süfrəsi üçün ən azından 121 manat 12 qəpik xərcləməlidir.

İqtisadçı bildirib ki, 2012-ci illə müqayisədə Novruz bayramının süfrəsi 1,64 dəfə bahalaşıb:

“Martın 1-dən minimum əmək haqqının artımına dair sərəncam qüvvəyə minib, artımla hesablanan ödənişlərin bu ayın sonunda həyata keçiriləcəyi, eləcə də artırılmış sosial müavinətlər 1 apreldən sonra veriləcəyi gözlənilsə də, istehlak bazarında əsas ərzaq məhsullarının qiymətləri artıq ötən aydan bahalaşmaya başlayıb. 

Bu ay ərzində qiymət artırıcı amillər daha da fəallaşacağından bahalaşmanın miqyaslarının, təsir dairəsi və gücünün genişlənəcəyi şübhəsizdir. Minimum əmək haqqı və sosial müavinətlərin artımından faydalananlar qrupuna yalnız işləyənlər və yardım alanlar daxildirsə, qiymətlərin bahalaşmasından həm işləyənlər və həm də işsizlər ziyan çəkir. 

Odur ki, hazırda Mərkəzi Bankın və hökümətin qarşısında duran başlıca vəzifə ant-inflyasiya tədbirlərini gücləndirmək olmalıdır. 

Nəzərə alsaq ki, yaxın günlərdə vaxtı keçmiş borcların devalvasiya xərcinə görə kompensasiyaların ödənilməsinə də start veriləcək, onda qiymətlər mart-aprel aylarında kəllə-çarxa qalxacaq”. 

İqtisadçının sözlərinə görə, qarşıdan gələn Novruzda bayram plovu bişirənlərin ən çox xərci kərə yağına çıxacaq: 

“Belə ki, 2012-ci ildə 7 manat 80 qəpik olan “Ankor” yağı 2,1 dəfə, 1 kq-ı 6 manat olan mal ətinin qiyməti 2 dəfəyədək, 1 kq-ı 2 manat 60 qəpik olan quş ətinin qiyməti 1,5 dəfədən çox, 1 kq-ı 4 manat olan kişmişin qiyməti 1,5 dəfədən çox bahalaşıb. Bütövlükdə eyni adlı məhsullar üzrə bayram süfrəsninin dəyəri 2012-ci ildəki 73 manat 80 qəpikdən 121 manat 12 qəpiyədək, yəni 1,64 dəfə bahalaşıb”.(mia.az)

Related Articles

050-295-94-79
top