KEÇMİŞ MƏMUR İŞÇİLƏRƏ “PUL ATDI” – SÜRÜCÜLƏR AKSİYAYA HAZIRLAŞIR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

İmişli Rayon Sarıxanlı kənd sakini Xankişiyev Fəyyaz və oğlanları sahib olduqları karyerdə işləyən sürücülərdən pul mənimsəməkdə ittiham olunurlar. Belə ki, onların İmişli Rayonunun Xubyarlı kəndində fəaliyyət göstərən qum-çınqıl karyerindən Bakı şəhərində ayrı-ayrı beton zavodlarına qum, çınqıl, otsep və ballas daşıtdırdığı 17 sürücüyə ödəyəcəyi 50 min manatı mənimsədiyi deyilir.

Bu barədə Yenicag.az-a sürücülər məlumat verib.

Sürücülərin sözlərinə görə, Xankişiyev Fəyyazın oğlu Zamiq Xankişiyev 2018-ci ilin noyabr-dekabr aylarında daşınan yükün pulunu əvvəlcədən razılaşıldığı kimi hər ayın sonunda ödəməli olduğu halda, bunu etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. “Bentley” markalı 10-PP-555 nömrə nişanlı maşının sahibi olması, Bakı şəhərində ən bahalı restoranlarda əylənib, hər gün minlərlə manat pul xərcləməsinə baxmayaraq, “alacağım var, onu gözləyirəm, alıb pulunuzu verəcəm” deyərək, 2019-cu ilin fevral ayınadək 17 ailənin gözünü dikdiyi çörək pulusunu mənimsəyir:

“Fevral ayının 10-da sürücülərin canı boğazına yığılaraq pullarını tələb etdikdə Zamiq Xankişiyev zərərçəkən sürücülərdən Salyan rayon Rəncbər kənd sakini Məlikov Vasif Möhübbət oğlu və onun həmkəndlisi Əzizov Fikrət Əzizağa oğlunu Bakı şəhərinə işgüzar görüş adı ilə çağırıb. Burada tanımadığımız on nəfər “qoçuları”nı da ətrafına yığaraq sözügedən sürücülərə qarşı alçaldıcı hərəkətlərə yol verib, sürücülər təhqir edilib. Onları elə oradaca şərləyərək, “bizə yükü az gətirmisiniz” adı ilə 300 min manat əsassız pul tələb edib. Üstəlik qeyd edib ki, “bilirsiniz, Azərbaycanda bizim əlimiz uzundu, general “krışam” var, haqq-nahaq sizi aparıb dolduracam “banditizm”in “padvalına”. Halbuki, bütün yüklər zavodun öz tərəzilərində çəkilib, buna aid qəbzlərdə zavoddan qəbul edən tərəf olaraq mühafizəçinin imzası var. Həmin qəbzlərin bir nüsxəsi sürücülərdədir. Sürücülər hədə-qorxu gəlinmək üçün görüşə çağırılan zaman Fəyyaz Xankişiyevin Ali Məhkəmədə işləyən oğlu Şafiq Xankişiyev də orada olub, lakin sürücülər çatana yaxın vəziyyətin necə olacağını bildiyi üçün oranı tərk edib. Bu hadisə “canavar yuvası” adı ilə tanınan zənginlərin övladlarının bahalı nömrəli maşınlarla toplaşdığı “Excelsior” oteldə, Xankişiyev Zamiqin icarəyə ofis götürdüyü məkanda baş verib”.

Hal-hazırda Xankişiyevlərin bahalı (sonu 400-lə bitən seriyalı) 15 ədəd “Shacman” yük maşınları, İmişli rayonunun Xubyarlı kəndində qanuni fəaliyyət göstərdiyi şübhə altında olan karyerləri, İmişli Rayonunun Sarıxanlı kəndinin girişində və Cəfərli kəndinin girişində YDM-ləri var. Bu məlumatı da sürücülər verib.

Xatırladaq ki, Xankişiyev Fəyyaz eks nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşıdır. Xankişiyev Hələ 2014-cü ilin noyabrında “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışdığı müddətdə işində yol verdiyi ciddi nöqsanlara və quruma vurduğu külli miqdarda maddi ziyana görə tutduğu vəzifədən azad olunub. Bacısı oğlu İmişli Rayonu dəmiryol stansiyasının eks-rəisi Nizami Məmmədov dəmiryol stansiyasının ərazisini qum bazarına çevirdiyi üçün 2014-cü ildə işindən qovulub. Bu həmin Xankişiyevdir ki, nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşı olduğunu bəyan edərək, İmişlidən Bakı şəhərinə hər gün sənədsiz vaqonlarla qum-çınqıl materialları daşıtdırırdı.

Fəyyaz Xankişiyevin qardaşı Aydın Xankişiyev də bu cür əməllərinə görə Vətağa stansiyasının rəisi vəzifəsindən kənarlaşdırılıb.

Sürücülər haqlarının bərpa olunması üçün aidiyyatı qurumlara müraciət ünvanlayıblar.

Pullarının mənimsənildiyini deyən sürücülər bildirib ki, əgər onların pulları ödənməsə, aksiyalar həyata keçirəcəklər. Onların sözlərinə görə, ya kamazları ilə yolu bağlayacaqlar, ya da Prezident Administrasiyasının qarşısında dinc aksiya keçirəcəklər.

Sürücülərin iddialarını cavablandırmaq üçün Xankişiyev Fəyyazla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilməyib.

Related Articles

050-295-94-79
top