BAYILDA KÖÇKÜN AİLƏLƏRİ AKSİYA KEÇİRDİLƏR: “EVİMİZİ TƏRK ETMİRİK” – FOTOLAR, VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bayıl yamacı sürüşmə zonasında yaşayan 27 məcburi köçkün ailəsi aksiya keçirib. Sakinləri narahat edən isə ötən həftə onlara Səbayel Rayon İcra Hakimiyyətindən verilən məlumatdır. Belə ki, onlara bildirilib ki, sürüşmə zonasında yaşayan köçkün ailələrinə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Qobudan ev verəcək. Bu isə onların narazılığına səbəb olub.

Narazı sakinlərin dəvəti ilə “Yeni Müsavat”ın əməkdaşı olaraq Bayılda olub onların problemlərini dinlədik. Biz əraziyə çatan zaman Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşları oradan uzaqlaşırdılar. Sakinlərdən öyrəndik ki, MİS-in nümayəndələri, sadəcə, vəd veriblər ki, şikayətlərə baxılacaq.

Yada salaq ki, Bayıl ərazisindəki “Teleqüllə” yaxınlığında olan sürüşmə səbəbindən ərazidə məskunlaşan 98 ailə 2018-ci ilin yanvar ayından etibarən 11 aylıq müddətə kirayə mənzillərə köçürülüb. Sakinlər bildiriblər ki, verilən kirayə pulu az olduğu üçün Bayıl ərazisində ev tapmaqda çətinlik çəkiblər. Ona görə də məcbur qalıb, ya kənar ərazilərdə ev tutublar, ya da öz evlərinə geri dönüblər.

Kirayə pulunun məbləğinə gəlincə isə qeyd edək ki, normativlərə uyğun olaraq, ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 8-dən çox olanlara isə 300 manat müəyyən olunub. Həmin əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. Cari ilin yanvar ayından etibarən isə kirayə pullarının verilişi saxlanılıb. Lakin ötən həftə Səbayelin icra başçısı Vüqar Zeynalov sakinlərə bildirib ki, mart ayından etibarən onlara 6 aylıq kirayə pulu veriləcək.

Sakinlərin dediyinə görə, V.Zeynalov söyləyib ki, onların evlərindən tam köçürülməsi planlaşdırılır. Yuxarıda da qeyd etdiyimiz kimi, narazılıq da məhz bu xəbərdən sonra başlayıb.

Məcburi köçkün Fatma Əliyeva “Yeni Müsavat”a söylədi ki, nəvələri ilə birlikdə aylardır soyuq evdə yaşamağa məcburdur: “Bir ildən çoxdur burada kommunal xətlərimizi kəsiblər. Bu aylar ərzində zülm çəkmişik. Kirayə pulu da az olduğu üçün evimizi tərk edib, kirayə mənzildə qala bilmədik. İndi də bizə deyirlər ki, sizi məcburi köçkünlər üçün tikilən evlərə köçürəcəyik. Gedib baxa bilərsiniz. Evimizdə heç bir çat yoxdur. Burada yaşayanların çoxu köçkündür. Həmin ailələr evlərini itirib, şəhid verib. Zülmlə burada ev tikmişik. Nə üçün sürüşmə adı ilə bizi çıxarırlar? İkincisi də bizdən aşağı küçələrdə böyük binalar tikilir. Bəyəm orada sürüşmə yoxdur? Eləcə də bizim küçədən yuxarıda bina tikilir. Orta ərazidən ”sürüşmə var” deyib, bizi çıxarmalarının məqsədi nədir? Xahiş edirəm ki, bizə kömək edilsin. Biz buranı tərk edib getməyəcəyik. Burada hər kəs əziyyətlə ev tikib. İndi bizi niyə Qobuya və ya digər bu kimi yerlərə göndərirlər?”

Related Articles

050-295-94-79
top