Əhali ödəyə bilmədiyi kreditlərlə bağlı dövlətdən dəstək gözləyir – GƏLİŞMƏ

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycan prezidentinin əhalinin sosial durumuna müsbət təsir edəcək addımları insanlarda onların davamlı olacağına dair inam yaradıb. Bu baxımdan, son günlər əhali arasında problemli kreditlər məsələsinə də dövlət tərəfindən müdaxilə olunacağına dair müzakirələr aparılır.

Qeyd edək ki, son aylarda Azərbaycanın yaxın qonşuları olan 3 ölkədə əhalinin kredit borclarının ödənməsinə dövlət tərəfindən dəstək verilib. Gürcüstanda kredit borcunu ödəyə bilməyən 600 min nəfərin borcu dövlət və özəl fond hesabına tamamən bağlanıb. Ermənistanda dövlət borcların mühüm bir hissəsini öz üzərinə götürüb. Eyni zamanda Türkiyədə əhalinin kartlar üzrə toplanan borclarının ödənməsinə uzunmüddətli dövr müəyyənləşdirilib. Bununla bağlı prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verərək kredit kartları üzrə vətəndaşların müxtəlif banklara olan borclarını “Ziraət Bankı”nın ödəyəcəyini və bu borcların həmin bankda toplanacağını bəyan edib. Bildirib ki, borclu vətəndaşlar bundan sonra bu borcları ailə büdcələrinin imkanlarına uyğun olaraq müəyyən ediləcək müddətdə xüsusi olaraq tərtib olunacaq qrafiklə hissə-hissə həmin banka ödəyəcəklər.

Qeyd edək ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 milyard 585 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 6,1 faiz, ötən il yanvarın 1-nə nisbətən isə 2,6 faiz azdır.

Dekabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,2 faiz təşkil edib. Bu nisbət noyabrın sonuna 13,4 faiz, ötən ilin əvvəlinə isə 13,8 faiz olub.

Qeyri-rəsmi hesablamalara görə, Azərbaycanda 700 min nəfərdən çox insanın problemli krediti var. Bundan əlavə, mövcud problemli kreditlərin 95 faizindən yuxarısı xarici, əsasən isə ABŞ dollarında olan kreditlərdir. Onların böyük əksəriyyəti 2015-ci ildə baş verən devalvasiyalardan sonra yaranıb.

Əksər ekspertlər hesab edirlər ki, problemli kreditlərin həll olunması həm də bank sektorunda inkişafa böyük təkan verə bilər.

Millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun “Yeni Müsavat”a bildirdiyinə görə, 2019-cu ilin əvvəlindən etibarən ölkə rəhbərliyi ciddi islahatlara başlayıb: “Struktur islahatları həyata keçirilir, müəyyən qurumlar ləğv olunur, nazirliklərdə mühüm dəyişikliklər həyata keçirilir. Bunlar Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, əhalinin sosial vəziyyətinin, rifah halının yaxşılaşdırılması üçün addımlar atılır. Minimum əmək haqqının yaşayış minimumu səviyyəsinə çatdırılması bu baxımdan çox müsbət addımdır. Əhali arasında müəyyən şikayətlərə səbəb olan məsələlərdən biri də dollar kreditləri ilə bağlıdır. Biz bununla bağlı kifayət qədər şikayətlər alırıq. Düzdür, banklarla əlaqələrimiz var, bizə gələn şikayətləri onlara yönləndirib, həll etməyə çalışırıq. Amma bununla əlbəttə ki, vəziyyət düzəlmir. Bu gün bu, ən aktual məsələlərdən biridir. Prezidentin son qərarları əhali tərəfindən çox müsbət qarşılanır”.

Millət vəkili həmkarı Əli Məsimli ilə birlikdə dollar kreditlərinin qaytarılmasında dövlət dəstəyinin mexanizmini əks etdirən təkliflər hazırladıqlarını deyir: “Təkliflərimizi hökumətə təqdim etmişik. Hesab edirəm ki, əhalinin vəziyyətini və banklarla bağlı şikayətlərin çoxluğunu nəzərə alaraq dövlət bu məsələdə vətəndaşlara dəstək verə bilər. Bu gün məhkəmələrdə 200 mindən çox bank iddiası üzrə qaldırılan işlər var. İnsanlar incidilir, evləri, digər əmlakları əllərindən alınır. Yəni ciddi problemlər var. Ona görə də çox istəyərdim ki, Azərbaycanın dövlət başçısı digər məsələlərdə olduğu kimi, bu məsələ ilə bağlı da bir sərəncam imzalayardı və məsələ həllini tapardı”.

V.Əhmədovun fikrincə, bu, həm əhalini böyük bir problemdən xilas edə, həm də banklar üçün stimul ola bilər: “Bank və maliyyə sistemində proseslər normal axarına düşər, bankların sağlamlaşmasına mühüm töhfə olar. Bu yaxınlarda cənab prezident əmanətlərin tam sığortalanması müddətinin uzadılmasına dair layihəni Milli Məclisə göndərib. Biz o layihəni təsdiq edəcəyik. Bu, banklar üçün böyük dəstək deməkdir. Problemli kreditlər məsələsi də əhali ilə yanaşı, banklar üçün də mühüm əhəmiyyətli məsələdir”.

Onu da qeyd edək ki, Ə.Məsimli və V.Əhmədovun 2016-cı ildə hökumətə təqdim etdiyi təkliflər paketi 4 blokdan ibarət idi. Birinci blokda maliyyə sabitləşməsi, bank sisteminin sağlamlaşdırılması, iqtisadiyyatın real sektorunda gedən proseslərin müsbətə doğru hərəkət etdirilməsi üçün onun maliyyə təminatının gücləndirilməsi istiqamətində olan təkliflər vardı. İkinci blokda dollarla kredit alanların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı olan təkliflər idi. Millət vəkilləri təklif edirdilər ki, üzrlü səbəbə görə, artıq qaytarılması mümkün olmayan 1000 dollara qədər olan kreditlər tam bağlansın. Həcmi 5 min dollara qədər olan kreditlər isə dolların kursu 1 manat 5 qəpik götürülməklə qaytarılsın: “Bu zaman kreditin bir hissəsini banklar güzəştə gedir, bir hissəsini əhali ödəyir, bir hissəsini Mərkəzi Bank, qalanını isə dövlət üzərinə götürür. Burada söhbət yüksək məbləğli kreditlərdən getmir. Söhbət aşağı təbəqələrin, kiçik və orta sahibkarların aldıqları kreditlərdən gedir. Çox istəyərdik ki, dövlət başçısı bu məsələdə də humanistliyini göstərib müvafiq sərəncam imzalasın”.
“Yeni Müsavat”

Related Articles

050-295-94-79
top