CAVİD QURBANOV LATVİYADAN 5 QATAR ALDI, BİRİ YOLDA “YOXA ÇIXDI”! – ADY QSC-YƏ QARŞI ŞOK MƏHKƏMƏ İŞİ BAŞLAYIB

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Beynəlxalq aləmdə Azərbaycan dövlətinin etibarını zədələyəcək, xarici şirkətlərin Bakı ilə ticari münasibətlərdə daha ehtiyatlı mövqe tutmasına səbəb olacaq qalmaqallı məhkəmə prosesi başlayıb.

Yavarın 25-də Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsində Latviyanın “ALBUVE” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.

Təqdim olunan sənədlərdən belə məlum olur ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə Latviyanın “ALBUVE” ASC şirkəti arasında 02.03.2015- ci il tarixdə 5 ədəd elektrik qatarının alınması barədə müqavilə imzalanıb. Ümumi dəyəri 4 669 500 avro (dörd milyon altı yüz altmış doqquz min) olan müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “ALBUVE” ASC-nin sədri Albert Uvarov imzalayıblar.

Müqavilədə Latviya şirkəti Azərbaycan tərəfinə hər biri 4 vaqondan ibarət ER-2 seriyalı 5 elektrik qatarını 2015-ci ilin may ayının 31-nə qədər təhvil verməyi öhdəsinə götürüb. “Azərbaycan Dəmir Yolları” QSC-nin isə həmin qatarları təhvil alması və 15 il ərzində müvafiq qaydalara uyğun onların əsaslı təmirini həyata keçirməsi nəzərdə tutulub.

Məlumata görə, Latviyanın “ALBUVE” ASC şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-ni müqavilənin şərtlərini yerinə yetirmədiyini əsas göstərərək məhkəməyə verib – həm Bakıda, həm də Latviyada.
Şirkət bütün elektrik qatarlarını təqdim etməsinə, bununla bağlı iki tərəfin təmsilçiləri arasında elektrik qatarlarının təhvil-təsliminə dair Akt tərtib edilməsinə baxmayaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin müqavilədə nəzərdə tutulan vəsaiti tam ödəmədiyini, 522 000 avro borclu qaldığını iddia edir. Buna görə də məhkəmədə “Azərbaycan Dəmir Yolları” QSC-nin hesabından 522 000 avro tutularaq “ALBUVE” ASC-yə ödənilməsi barədə iddia qaldırıb. İddiasında, həmçinin bu vəsait ödənilənə qədər “Azərbaycan Dəmir Yolları” QSC- nin 522 000 avro dəyərində əmlakına həbs qoyulması tələbi əksini tapıb.

“Azərbaycan Dəmir Yolları” QSC borclu qaldığı 522 000 avro vəsaiti ödəməməsinin səbəbi kimi “ALBUVE” ASC-nin elektrik qatarlarından birini təhvil verməməsini göstərir.

Ancaq şirkətin təmsilçiləri bunun həqiqətə uyğun olmadığını iddia edirlər. Bildirirlər ki, əvvala ortada təhvil-təslim Aktı var.

İkincisi, elektrik qatarının birinin qiyməti təxminən 934 min avroya bərabərdir. “Azərbaycan Dəmir Yolları” QSC-nin Latviyanın “ALBUVE” ASC şirkətinə isə cəmi 522 000 avro borcu qalıb.

Nə qədər təəccüblü olsa da, belə çıxır ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Latviyadan aldığı 5 elektrik qatarından biri yoxa çıxıb. Baxmayaraq ki, Azərbaycan dövləti bu qatarların pulunu son qəpiyinədək ödəyib! Lakin təxminən 2 milyon manat dəyərində olan bir qatar ortada yoxdur və Latviya Şirkətinə də 1 milyon manatlıq borc yaranıb.

“Latviya şirkətinə ödənilməli olan pulun Gürcüstan üzərindən bir Avropa ölkəsinə – Avstriyaya ötürüldüyünə dair çox ciddi şübhələr var”, – mənbə bildirib.

İlk iclas fevralın 5-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Səbinə Nuriyevanın sədrliyi ilə baş tutmalıdır.

Azpolitika.info

Related Articles

050-295-94-79
top