TOVUZ SAKİNLƏRİ ÖLÜLƏRİN DƏRDİNİ ÇƏKİRLƏR… – GİLEY

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Tovuz sakinləri şəhərin ən böyük qəbiristanlığının avtodayanacaq və zibilliyə çevrilməsindən narazıdırlar. Sakinlər qəbiristanlığın rayonun əsas ticarət mərkəzi olan “Köhnə bazar”la üzbəüz yerləşdiyinə görə bu vəziyyətə düşdüyünü iddia edirlər.

Bildirirlər ki, bazarda çalışan, eyni zamanda ticarət üçün gələn insanlar avtomobillərini məzarlıq ərazisində saxlayır, çox vaxt artıq əziyyət çəkmək istəməyərək evdən gətirdikləri zibilləri belə, qəbiristanlığın ərazisinə atırlar.

Nəticədə məzarların üstündə gül çiçəkdən çox zibil tullantıları görünür. Yaxınlarını ziyarət etməyə gələn insanlar da çox vaxt, tullantıları yemək üçün toplaşan sahibsiz itlərin hücumuna məruz qalırlar.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan rayon sakini Nailə Rzayeva əraziyə cavabdeh qurumların məsələyə biganə münasibətindən gileylənib: “Qəbiristanlıq müqəddəs yerdir, burada yaxınlarımız dəfn edilib. Amma çoxları bunu başa düşmək istəmir, müqəddəs yeri zibilliyə çevirirlər”.

“3 gündür gəlirəm, amma yaxınlarımız dəfn edilən ərazini təmizləyib qurtara bilməmişəm. Neçə dəfə bələdiyyəyə, icra hakimiyyətinə getmişəm, bir ölçü götürülməsini istəmişəm, amma heç bir nəticəsi olmayıb” – N.Rzayeva bildirib.

Digər sakin İbadxan Rzayev isə ölüsünü dəfn etmək üçün gələn insanların dəfələrlə ərazidə saxlanılan avtombil sıxlığından çətinliklə üzləşdiklərini bildirib: “Buranın gözətçisi də var. Qanunla o, nəzarət etməlidir. Amma gözətçinin özü maşınları içəri buraxır. Girənlərin də biri zibil atır, biri məzar daşını aşırır, nəticədə belə bir mənzərə yaranır”.

“İkinci qrup əliləm, həftədə bir dəfə gəlib təmizlik etməsəm, zibilin içində məzar daşlarını tapa bilmərik. Dəfələrlə şəhər bələdiyyəsinə müraciət etsəm də, şikayətimə müsbət cavab almamışam” – deyə İ.Rzayev qeyd edib.

Sözügedən qəbirstanlıq Tovuz Şəhər Bələdiyyəsinin balansındadır. Ərazidə yaranmış problemlə bağlı Sputnik Azərbaycan-ın əməkdaşı həmin bələdiyyə ilə əlaqə saxlayıb. Bələdiyyə sədrini əvəz edən Firdovsi Fəttayev şikayət edən sakinlərin haqlı olduqlarını bildirib.

Onun sözlərinə görə, bələdiyyənin maddi vəsaiti olmadığından əraziyə nəzarətçi təyin edə bilmirlər: “Qəbiristanlıq 16 hektar ərazidə yerləşir. Ona görə ora nəzarət etməkdə çətinliklər yaranır. Buna baxmayaraq, mütəmadi olaraq ərazidə reydlər keçiririk, avtomobil saxlayanları polislərin köməyi ilə ərazidən çıxarırıq”.

“2-3 aydan bir əhaliyə müraciət edib ərazidə iməcilik təşkil edirik. Lakin bu, ərazinin təmizliyinin qorunmasında kifayət etmir. Təmizliyin aparılması üçün tək bələdiyyənin gücü yetərli deyil. Əhali əl-ələ verərək bu işdə bələdiyyəyə yaxından kömək etməlidir” – deyə F.Fəttayev vurğulayıb.

Related Articles

050-295-94-79
top