Ziya Məmmədov məşhur hotelini itirdiyini təsdiqlədi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 3
    Shares

Sabiq nazir hotelin “nə mənə, nə də mənim oğluma heç bir aidiyyəti yoxdur” deyir

“Bunun nə mənə, nə də mənim oğluma heç bir aidiyyətı yoxdur” – sabiq nəqliyyat naziri Ziya Məmmədov ailə biznes-imperiyasına daxil olmuş “Trump Tower Baku”, sonrakı adı isə “Yelkən hotel” olan binanın əlindən alınmasına münasibət bildirərkən belə deyib.

Azxeber.com əməkdaşının hotelin əllərindən alınması ilə bağlı sualı sabiq naziri özündən çıxarıb.

“Sökmürlər e, qoy lap partlatsınlar. Nə hotel, hotel nədir? Mən ilk dəfədir eşidirəm bunu. Boş-boş şeylərlə özünüzün də vaxtını almayın, mənim də. Hotel lap tutaq ki, kiminsə olub və söküblər? Bunun sizə nə dəxli var? Bunun nə mənə, nə də mənim oğluma heç bir aidiyyəti yoxdur” deyə,  sabiq nazir bildirib.

Ziya Məmmədovun kreslosu laxlayandan sonra ailə şirkəti “Garant Holdin”qə daxil olan bir çox şirkətlər, hotel və binaları “milliləşdirilib”. Məmmədovların Bakının mərkəzində ucaltdıqları və bir vaxtlar hər kəsin Ziya Məmmədovun klanı üçün “xilas kəməri” hesab etdiyi “Trump Tower Baku” da istisna deyildi. Ziya Məmmədovun son açıqlaması bir daha əvvəllər yayılan məlumatları təsdiq etmiş oldu. Yada salaq ki, Ziya Məmmədov hakimiyyətdəki mövqelərini itirdiyi günlərdə onun oğlu Anar Məmmədovun özünə dost elan etdiyi Donald Tramp ABŞ-da prezidentliyə namizəd idi. Trampın prezident seçilməsindən sonra Azərbaycanda buna ən çox sevinən Məmmədovlar ailəsi idi.

Ziya Məmmədovun karyerasının qürub etdiyi bir zamanda oğlu Anar Məmmədovun dostu Trampın supergüc dövlətin başına gəlmişdi. Belə iddialar da vardı ki,  Ziya Məmmədov Trampın prezident seçilməsi şərəfinə ziyafət təşkil edib. Oğlu Anar Məmmədov da ABŞ seçkilərinin nəticəsini toy-bayrama çevirmişdi. Hətta belə xəbərlər dolaşırdı ki, Ziya Məmmədov yolunun vitse-prezidentliyə açıldığını düşünür, revanşa hazırlaşırmış. Lakin çərxi-fələk tam əksini ortaya qoydu. Tikinti maqnatı olan  milyarder Donald Tramp azərbaycanlı oliqarx Anar Məmmədova görə ölkəsində kəskin tənqidə məruz qaldı, iş o yerə çatdı ki, Donald Trampın adını daşıyan dəbdəbəli hotellər şəbəkəsinin Azərbaycandakı binası üzərindən “Trump Tower Baku” sözləri söküldü. Halbuki 2014-cü ildə Tramp bəyan etmişdi ki, “Trump İnternational Hotel & Tower Baku” “Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir. Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı hotel də ona məxsus deyildi. Bina Məmmədovun nəzarət etdiyi “Garant Holdinq” tərəfindən tikilmişdi və onun şirkətinə məxsus idi.

Tramp adının bu hoteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komission haqqı  olaraq 2,5 milyon dollar alıb. Yayılan maliyyə sənədlərindən məlum olurdu ki, Anar Məmmədovun hotelini idarə etmək üçün “THC Baku Hotel Manager Services LLC”, “THC Baku Hotel Manager Services Member Corp.” , “THC Baku Services LLC” və “THC Baku Services Member Corp.” adlı şirkətlər təsis edilib. Həmin şirkətlərin ikisində Donald Tramp 100 faiz, ikisində isə 99 faiz paya malikdir. Hotelin Trampın dəbdəbəli hotellər zəncirinin bir hissəsi kimi idarə olunacağı haqda da xəbərlər vardı. Amma bu baş vermədi. Hoteldən “Trump Tower Baku” sözləri söküləndən sonra Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik də yenidən təşkil edildi. Ziya Məmmədov isə işsiz qaldı.

Related Articles

050-295-94-79
top