Nevroloji problemlərin yaranma səbəbləri

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

insanlarda nevroloji problemlər son vaxtlar artıb. Gündəlik həyatda yaşanan stress, yanlış qidalanma və digər amillər nevroloji problemlərə gətirib çıxarır ki, bu da insan sağlamlığında fiziki qüsurlara səbəb olur. Bu və digər mövzularla bağlı e-tibb.az-ın suallarını Mərkəzi Gömrük Hospitalının həkim-nevroloqu, neyrofizioloq, neyroreabilitoloq, idman sahəsi üzrə dietoloq və nutrisioloq Lalə İbrahimova cavablandırıb.
 – Lalə həkim, istər dünyada, istər ölkəmizdə insanlarda nevroloji problemlərə rast gəlinməsi halları artıb. Nevroloji problemlər insanlarda özünü necə büruzə verir?
– İnsanlarda nevroloji problemlər özünü, əsasən ağrılar, baş hərlənməsi, yuxu pozğunluğu, həyəcan, ətraflarda hissiyyatın pozulması, əsəbilik və s. kimi göstərir. Nevroloji problemləri olan insanlar həyatlarından məmnun olmurlar, yaşamaqdan zövq almırlar, bir sözlə yaşamırlar, sadəcə, mövcud olurlar. Bu vəziyyət isə, əmək qabiliyyətinin kəskin sürətdə aşağı düşməsinə səbəb olur. Düzgün diaqnoz qoyulub, düzgün müalicə aparılmasa, nevroloji problemlər hipertonik kriz, insultlar, artrozlar və s. kimi fəsadlar yarada bilər. Bu isə sonda əlilliyə səbəb olur.– Bəs, hansı amillər nevroloji problemlərin yaranmasına səbəb olur?
– Mübadilə pozğunluqları, stress, bioloji ritmin düzgün qurulmamağı, düzgün qidalanmamaq, travmalar və s. nevroloji problemlərin yaranmasına səbəb olur. Mən həmçinin bir məsələyə toxunmaq istəyirəm. Fitnesslə məşğul olduqdan sonra nevroloji problemlərlə bizə müraciət edənlərin sayı artıb. Bu cəmiyyətimizdə çox ciddi problemdir. Fitnesslə məşğul olmaq istəyən şəxslər, idmançılar mütləq müayinə olunmalıdırlar. Dayaq hərəkət sisteminin vəziyyəti, ən əsası bütün əzələlərin funksional vəziyyəti dəyərləndirilməlidir. Çünki çox vaxt problemi olan əzələlərə əlavə fiziki yüklənmə verdikdə, əzələdə distrofik dəyişikliklər artır və yekunda nevroloji problemlərin kəskinləşməsinə səbəb olur.– Siz özünüz trigger nöqtələrinin terapiyası ilə məşğul olursunuz. Trigger nöqtələrinin baş ağrılarını, oynaq ağrılarını, qıc olmaları aradan qaldırması barədə fikirlər mövcuddur. İstərdik ki, trigger nöqtələrinin terapiyası barədə danışasınız…
– Mən artıq bir neçə ildir ki, trigger nöqtələrinin elektropunkturası və elektroakapunkturası ilə məşğulam. Prosedura trigger point adlanır. Bu prosedura yalnız baş ağrılarında deyil, həmçinin oynaqlarda əməliyyatdan sonra yaranmış ağrılar, oynaq ağrıları, keyləşmələrdə, şəkərli diabet zamanı ayaqlardakı qıcolmalarda, əzələ yırtıqlarında, tunel neyropatiyalarında tətbiq edilir. Stresslərin, depressiyaların terapiyası kimi bu proseduranı tətbiq etmirəm. Trigger nöqtələri ağrı nöqtələridir. Bu nöqtələr açılınca orqanizmdə endorfin sintezi artır, insanların əhval-ruhiyyəsi yaxşılaşır. Bu xoşbəxtlik hormonu adlanır. Təsəvvür edin ki, ağrı ilə və ya başqa şikayətlərlə müraciət etmiş qəmli, kədərli pasiyentin əhval-ruhiyyəsi qəfil dəyişir, gülür, sevinir. Bu anı kənardan müşahidə etmək isə çox xoşdur.– Uzun müddətdir ki, peşəkar idmançıların reabilitasiyası ilə məşğul olursunuz. İdmançılarla sıravi insanların reabilitasiyası arasında hansı fərqlər var?
– İdmanda reabilitasiya dərman, fiziki və psixoloji istiqamətdə olmalıdır. İdmançılar sıravi insanlar kimi deyillər. Onlar travmalara tez-tez məruz qalırlar. Təsəvvür edin ki, hər idmançının yarış zamanı yaşadığı stressin dərəcəsi, bir əsgərin döyüş zamanı yaşadığı stress qədərdir. Burada bir məsələyə toxunmaq istəyirəm. Sıravi insanlar ildə iki dəfə 10-15 günlük fizioproseduralar qəbul edə bilərlər. Bunun orqanizmə heç bir ziyanı yoxdur. Amma təsəvvür edin ki, idmançı tez-tez travma alır, ağrı yaranır və təyinatda azı 3 prosedur olmaqla 10 günlük fizioterapiya təyin olunur. Bir neçə gün sonra idmançı başqa bir nahiyəsindən travma alır, yenə də təxmini 20-30 prosedur qəbul edir. Bu şəkildə fizioterapiya davam edir. Bu sayda elektroprosedurlar orqanizmə ziyandır. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, ağrılar zamanı onun aradan qaldırılmasında bütün fizioterapevtik proseduralar trigger nöqtələrinin açılmasına istiqamətlənib. Mən bu gün çox şadam ki, bizim idmançıların çoxunun trigger nöqtələri haqda məlumatı var. Trigger point prosedurası zamani biz bu problemləri idmançılarda 1-2 seansla aradan qaldırırıq.– İdmanda qidalanma və qida əlavələri haqda da qısaca olaraq fikirlərinizi bilmək istərdik.
– İdmançıların reabilitasiyasında qidalanma çox mühüm rol oynayır. Bu idmançının performansı, travmaların azalması, zədələrin tez sağalması üçün önəmlidir. İdmançılarda sutkalıq lazım olan kilokalori çox yüksəkdir. Bunu yalnız qida ilə tamamlamaq çox çətindir və deyərdim ki, mümkün deyil. Bu halda qida əlavələrindən istifadə olunmalıdır. Qida əlavələrindən istifadə idmanın növündən, məşqlərin sayından və qan analizlərinin nəticələrinə əsasən təyin edilməlidir. Əks halda, yəni müayinəsiz qida əlavələrini qəbul etmək ürək, böyrək, qaraciyər, əzələlərin funksiyasına ciddi zərər gətirə bilər.

Related Articles

050-295-94-79
top