Alışanovun 2 illik fəaliyyəti yoxlanılır – Auditorlar içərisində həyat yoldaşı da olacaqmı?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu il Hesablama Palatasının İş Planına uyğun olaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılmış vəsaitlərin istifadəsinin auditi həyata keçiriləcək. 
Şirkətdə sonuncu planlı yoxlama 2015-ci ildə aparılıb. 
Hesablama Palatası yoxlamanın nəticələrini 2016-cı ilin aprelində açıqlayıb. Məlum olub ki, dövlət televiziyasında UEFA çempionlar liqasının final oyunlarından reportajlar hazırlamaq üçün ezam olunan işçilərə artıq vəsait xərc edilib, proqram təminatı vaxtından əvvəl hesabdan silinib, videomaterialların yeni formatda köçürülməsi, bərpası və geniş annotasiyalarının yazılması işlərini həyata keçirmək üçün yaradılmış işçi qrupunun üzvlərinin əməyinin ödənişini tənzimləyən daxili qaydalar və normativlər müəyyən edilmədən onlara əlavə əmək haqqı hesablanıb. Eləcə də təhtəlhesab şəxslərin hesablarına ödənilən, lakin istifadə edilməyən ezamiyyə xərcləri üzrə vəsaitlər qaytarılarkən, banka təhvil verilmədən, birbaşa kassaya mədaxil edilərək, sonradan təyinatı üzrə xərclərin ödənilməsinə yönəldilib.

Palata aşkar edib ki, dövlət satınalmalarını tənzimləyən normativ- hüquqi aktların tələblərinə bəzi hallarda tam riayət edilməyib, məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə malların (işlərin, xidmətlərin) satınalaınması ayrı-ayrı müqavilələrə bölünüb. Məlum olub ki, auditlə əhatə olunan dövrdə alınmış material ehtiyatlarının dəyəri mühasibat hesabatında düzgün uçota alınmayıb, dekorasiya işlərinin və kitabların dəyəri uçota götürülməyib, işçilərə qonorar ödənilərkən hesablanmış qonorardan sosial sığorta haqqının hesablanması zamanı artıq vəsait ödənişinə yol verilib. Nəzarət tədbirlərinin nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. Dövlət televiziyasında həyata keçirilmiş audit tədbirləri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması və nöqsanlara yol vermiş şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə Kollegiya qərarının sürəti “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC-yə göndərilib. Ancaq “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC-nin nöqsanlara yol vermiş şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hansı işlər gördüyü ötən dövr ərzində ictimaiyyətə açıqlanmayıb. 
Bu il həyata keçiriləcək planlı yoxlama isə 2017-2018-ci illəri əhatə edəcək. Bunu teleradio şirkətinin maliyyə idarəsinin rəisi vəzifəsindən çıxarılan Şahrza Əliyev də təsdiqləyib. Bir sözlə, Arif Alışanovun  “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə sədrlik etdiyi son iki il yoxlanacaq. A. Alışanov Prezident İlham Əliyevin sərəncamı ilə  16 avqust 2006-cı ildə bu qurumun sədri vəzifəsinə təyin edilib, 2019-cu il yanvarın 15-də azad edilib.  

Bəs A. Alışanovun fəaliyyətinin son iki ilini hansı auditor yoxlayacaq?
Hesablama Palatasının 6 auditoru var. Bu auditorların hər biri faktiki bir nazir səlahiyyətindədir. Bunlar Cəfər Həsənov, Vaqif Həsənov, Fazil İbrahimov, Məhəmmədəli Süleymanov, Mehriban Əlişanova və Firsənd Qurbanovdur. Bu auditorların hər biri konkret istiqamətlər üzrə ixtisaslaşıb.  

Maraqlı məqam odur ki, M. Əlişanova A. Alışanovun həyat yoldaşıdır. 2003-2007-ci illərdə Milli Televiziya və Radio Şurasının üzvü və sədr müavini olmuş M. Əlişanova 2007-ci ilin oktyabr ayında Milli Məclisinin qərarı ilə  Hesablama Palatasının auditoru  təyin edilib. Ancaq M. Əlişanovanın fəaliyyət istiqaməti teleşirkətlərin auditi ilə bağlı olmayıb. Daha çox sosial yönümlü qurumları yoxlayıb. Məsələn, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsi üzrə gəlirlərin və xərclərin icrası vəziyyətinin auditi məhz onun tərəfindən həyata keçirilib və nazirliyin bu idarəsində ciddi qanun pozuntuları aşkarlanıb.    Hesablama Palatasında teleşirkətlər, kitabxanalar, xəstəliklərin müalicəsi ilə əlaqədar dövlət proqramları, Milli Arxiv İdarəsi üzrə yoxlanılması üzrə auditorlardan Firsənd Qurbanov ixtisaslaşıb. Məsələn, İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinin auditi də F. Qurbanov tərəfindən aparılıb. Audit 1 yanvar 2015-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək olan dövrü əhatə etməklə 2017-ci ilin fevral ayının 2-dən mart ayının 3-ü tarixinədək aparılıb. Yoxlamalar zamanı artıq əməkhaqqı ödənilməsi, bəzi vergi öhdəliklərinə əməl olunmaması, təmir-tikinti işləri zamanı podratçı şirkətlərə artıq vəsait ödənilməsi, malların (işlərin və xidmətlərin) satın alınmasının baha həyata keçirilməsi və digər pozuntular aşkarlanıb. 
Bu səbəbdən “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC-də də yoxlamaların məhz F. Qurbanova həvalə ediləcəyi gözlənilir.  

 Qeyd edək ki, F. Qurbanov 1960-cı il oktyabr ayının 6-da Masallı rayonunun Təzə Alvadı kəndində anadan olub. 1986-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsini, 1998-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1991-ci ildə N.Voznesenski adına  Leninqrad Maliyyə İqtisad İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi  dərəcəsini almışdır.  1986-1988-ci illərdə Maliyyə Nazirliyində iqtisadçı işləyən F. Qurbanov 1992-1996-cı illərdə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətində İcra Hakimiyyəti başçısının müavini, şöbə müdiri, 1996-2007-ci illərdə Maliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon Maliyyə idarəsinin rəisi, Nazirliyin şöbə rəisi, sektor müdiri, 2007-2015-ci illərdə  Hesablama Palatasının Təhsil, elm, səhiyyə və mədəniyyət  xərclərinə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib.  2015-ci ilin dekabr ayında Milli Məclisin Qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilib. 

///BakuPost 

Related Articles

050-295-94-79
top