Şahmar İbadova cinayət işi açıla bilər: gözdən əlillərin ev məhkəməsi qızışır – Kritik

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Paytaxtın Nərimanov rayon rəhbəri Abdin Fərzəliyev indi I müavini Şahmar İbadovdan üzlüşməyin yollarını axtarır. 

Cahan.info-nun əldə etdiyi məlumata görə,
 177 ailənin mənzil dələduzluğu işinin bütün məsuliyyəti İH rəhbərliyinin üzərindədir.

Ş.İbadovun məhkəmədə konkret ittihamlarla üzləşməsi, sabiq hüquq şöbəsi müdirinin başçı müavininin təzyiqi altında saxta sənədlərə qol çəkdiyini etiraf eləməsi vəziyyəti qəlizləşdirib. Hətta Ş.İbadov barəsində cinayət işi açıla bilər. Bu gözlənti istisna deyil.

Bilgilərə görə, A.Fərzəliyev I müavini vəzifəsindən azad edərsə, həm özünü gözdən əlillərin mənzil fırıldağı məhkəmə çəkişməsindən uzaq tutmuş olacaq, həm də İbadov məsuliyyət daşıyacaq. 

Təbii ki, bu məsələnin məsuliyyətindən yayınmaq çətin olacaq. Çünki şöbə müdiri başçı və müavinin icazəsi olmadan heç bir addım ata bilməz. Buna uşaq da inanmaz. 

Nərimanov rayonu, Faiq Yusifov küçəsi-196 ünvanında inşa olunan binadan ev almaq vədiylə adamlardan 50-60 min manat arası alınıb. Onlara Nərimanov Rayon İcra Hakimiyyətinin mənzil növbəsinə götürülmələri barədə sərəncamı verilib. 

2015-ci ilin dekabrında bina istifadəyə veriləndə onlar aldadıldıqlarını başa düşüb şikayət etməyə başlayıblar. 

Bu yolla aldananların sayı 177 nəfərdir. Bu şəxslər əlillər üçün binadan ev almaq məqsədilə rüşvət verdiklərinə görə zərərçəkmiş yox, şahid qismində tanınıblar.

Bu cinayət işi üzrə üç nəfər cinayət məsuliyyətinə cəlb olunub – Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, bu qurumun əməkdaşı Hikmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinə rəhbərlik etmiş Yoməddin Şıxəliyev. 

Onlar CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham olunurlar. Onların ümumilikdə 6.5 milyon manatdan çox ziyan vurduğu iddia edilir.

İcra başçısının müavini Ş.İbadov məhkəmədə iddia edib ki, növbəyə götürülmə barədə sərəncamlar saxta olub, icra hakimiyyətinin bundan xəbəri olmayıb. Bu da ev almaqdan ötrü pul vermiş adamları qəzəbləndirib.

«İcra başçısının müavini olaraq, 177 ailənin çöldə qalmasından necə xəbərsiz ola bilərsiz? 177 ailə 4-5 nəfərdən hesablasaq, 800-900 nəfər eləyir. 
Bunlar axı icra hakimiyyətinin sərəncamıyla qeydiyyata götürülüb», – Musa Ağayev icra başçısının müavininə deyib.

Əksər suallara «xəbərim olmayıb», «hüquq şöbəsi məşğul olub» kimi cavablar verən Ş.İbadovun bu cavabı isə şahidləri özündən çıxarıb: 

“Bu qədər insanın arasında bir savadlısı yox idi ki, onları aldadıb saxta sənədləri verəndə gəlib icra hakimiyyətinin başçısının, müavinin qəbuluna düşüb məsələni dəqiqləşdirsin?”.

Gülnar Qaraxanova deyir ki, onun ev növbəsinə qeydiyyata götürülməsi ilə bağlı iki sərəncam olub. Birincidə o, əlil kimi göstərilməyib. İkinci sərəncamda gözdən əlil olduğu qeyd edilib.

Cahan.info-nun əldə etdiyi məlumata görə, A.Fərzəliyev Ş.İbadova bu məsələdə heç bir qahmar çıxmaq fikrində deyil. Artıq məsələ prezidentə məruzə olunub. 

Dövlət başçısının qəzəbli olduğu, gözdən əlilləri aldadan, saxtakarlıq edən, vətəndaşlarla hökuməti üzbəüz qoyanların cəzalandırılmasına göstəriş verilib. 

Bu xüsusda Ş.İbadovu yaxşı perspektiv gözləmir. Belə iddialar səslənir ki, yaxın vaxtlarda onu müavin postundan kənarlaşdıracaqlar. Məhkəmənin də ədalətli qərar çıxaracağı gözlənilir. Çünki birbaşa dövlət rəhbərliyinin nəzarətində olan məsələdir.

təqsirləndirilən Hüquq şöbəsinin sabiq rəhbəri N.Şıxəliyev deyib ki, Ş.İbadov onu bu işlərə görə hədələyib: ”Belə çıxır ki, İcra Hakimiyyətində bu işləri yanlız mən görmüşəm, səlahiyyətlər də yalnız məndə olub. 

Mən orada yalnız sənədləri aparıb-gətirən şəxs olmuşam. Bu məsələ böyüyəndə Şahmar müəllim mənə dedi ki, “get polisdə izahat yaz”. 

Mən də gedib izahat yazdım. On bir aydır məhkəməyə gedib-gəlirəm, səhhətimdə problem yaranıb. Düzdü, bu işdə Şahmar müəllimin rolu olmayıb. 

Mənə göstərişləri Firdovsi müəllim verib. O deyirdi ki, “rəhbərliyin göstərişidir, işləri həll et”.

Niyaməddin Şıxəliyev ifadəsində söyləyib ki, bu işə onu Şahmar İbadov məcbur edib. Sənədləri də Şahmar İbadovun təzyiqi altında imzalayıb. N.Şıxəliyev ifadəsini təsdiq etdiyini bildirib.

Sadəcə, şöbə müdirinin üstünə atmaqla guya kimlərisə aldatmağa çalışırlar. Halbuki, Nərimanov RİH-nun hüquq şöbəsi məhz komissiya sədri olan Şahmar İbadov və icra başçısı Abdin Fərzəliyevin göstərişləri əsasında bu özbaşınalığa imza atıb, gözdən əlil olmayanlara mənzillər satıb, indi də iş məhkəmədədir, rayon rəhbərliyi şöbə müdirini qurban verməklə vəziyyətdən çıxmağa çalışır.

Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən əsas fiqurant kimi tanınan Məzahir Məmmədov hazırda Almaniyadadır və o, bu işi Nərimanov RİH rəhbərliyinin, habelə, Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin birbaşa iştirakı və himayəsi ilə görüldüyünü deyib.

Şikayətçi vətəndaş Mübariz Hacıyevin sözlərinə görə, M.Məmmədov internet vasitəsilə verdiyi açıqlamasında xüsusilə qeyd etmişdi ki, onun “gözdən əlillər binası”nda mənzil almağı təklif etdiyi 30-40 ailə məhz Şahmar İbadovla məsləhətləşəndən sonra, gəlib ona pul veriblər.

Şikayətçilərin tarixi çıxışlarından faktlar təqdim edək. Rəşad Səlimli: “Şahmar İbadov bizi yanına çağırıb dedi ki, üç qəpiklik hörmətim vardı, onu da heç etdiniz… Dedi rüşvət alanın balası ölsün, amma balası ölmədi, adam öldürdü”

Mübariz Hacıyev: “Məndə məlumat var ki, binada mənzil almağa tərəddüd 30-40 ailə məhz Şahmar İbadovla məsləhətləşəndən sonra, gətirib pulu Məzahir Məmmədova veriblər”. Nəticəni oxucular çıxarsın, biz yazıda adı keçən tərəflərin mövqeyini işıqlandıra bilərik.

Related Articles

050-295-94-79
top