SƏFƏR MEHDİYEVİN ABSURD POPULİZMİ… – “GÖMRÜK KOMİTƏSİNİN MÜSTƏQİL QURUM QALMASI DOĞRU DEYİL”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Dövlət Gömrük Komitəsinin sədri, general Səfər Mehdiyev ölkənin bəzi KİV rəhbərləri ilə görüşündə bir sıra maraqlı fikirlər səsləndirib.

Komitə sədrinin gömrükdə inhisarçılıqla bağlı fikirləri ciddi müzakirələrə səbəb olub. “Hesab edirsiniz ki, yüz faizlik inhisarçılıq var? Mən isə hesab edirəm ki, yoxdur. Başqa cür fikirləşirsinizsə, göstərin”,-deyə S.Mehdiyev bildirib.

Beləliklə, komitə sədri deyir ki, inhisarçılıq 100 faiz deyil. Yəni, əslində S.Mehdiyev məsələnin bir tərəfini açıq saxlayıb. Ola bilər ki, inhisarçılıq var, amma 50, 80, 40 faizdir, tam olaraq 100 yox. 

Komitə sədrinin dediklərini “Cümhuriyət” qəzetinə şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli Səfər Mehdiyevin çıxışını “populizm”adlandırıb:

“Əgər prezident sərəncamı ilə bu ilin aprel ayında anti-inhisar komissiyası yenidən qurularaq agentlik kimi fəaliyyətə başlayıbsa və bu quruma inhisarçılığa son qoyulması tapşırılıbsa, deməli ölkədə inhisarçılıq var. Yəni, ölkədə inhisarçılıq var ki, bununla mübarizə aparmaq məqsədilə agentlik yaradılıb. Digər məsələ ondan ibarətdir ki, Dövlət Gömrük Komitəsi sədrinin nə demək istədiyini anlayıram. O, demək istəyir ki, biz sərhəddə bu işi zorla-güclə görmürük. Qanun icazə verdiyi halda istənilən şəxs ölkəyə istədiyi məhsulu, malı gətirə bilər. Söhbət ordan gedir ki, elə Dövlət Gömrük Komitəsinin özünün analitik şöbəsi var. Əgər komitə sədri bunu bilmək istəyirsə, analitik şöbəyə göstəriş verə bilər ki, ölkə bazarını seqmentlər üzrə araşdırsınlar. Hansı şirkətlərin bazarda aparıcı rola sahib olduğunu görsünlər. Bunun nəyə görə baş verdiyini izah etsinlər. Bu arayış nəticəsində komitə sədri ölkədə inhisarçılığın olub-olmadığını özü ayırd edə bilərdi. Ölkədə elə şirkətlər var ki, seqmentlər üzrə az qala bazarın 100 faizinə nəzarət edirlər. Məsələn, “Azərsun” şirkəti ölkəyə çay gətirən tək şirkətdir. Çay, şəkər bazarında hegemon rola malikdir. Sual yaranır ki, əgər bu cəlbedici və gəlirli bir sahədirsə, digər şirkətlər və ya fiziki şəxslər niyə bununla məşğul olmurlar? Deməli, burada hansısa problemlər, süni əngəllər var ki, şirkətlər bu işlə məşğul ola bilmirlər. Məsələn, kərə yağını ölkəyə gətirən barmaqla sayılacaq qədər şirkət var, amma bazarda bu məhsula ciddi tələbat var. Əgər iş adamları ölkəyə kərə yağı gətirə bilərsə, o, zaman niyə yalnız bir neçə şirkət bu işlə məşğuldur? Yəni, bu suallara cavab vermək lazımdır. Əks halda komitə sədrinin bəyanatı populizmdən başqa bir şey deyil. Gömrük müstəqillik dövründə ən çox şikayət olunan sahələrdən biridir. Amma bunu da demək lazımdır ki, gömrükdə son zamanlar müəyyən dəyişikliklər olub, rəsmiləşdirmənin həcmi artıb”. 

N.Cəfərli hesab edir ki, Səfər Mehdiyev bu bəyanatla Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsinin qarşısını almağa çalışır:

“Açığı bu bəyanatın Gömrük Komitəsini qorumaq məqsədilə verildiyi qənaətindəyəm. Çünki çox ciddi söhbətlər gəzir ki, Gömrük Komitəsinin müstəqil qurum qalması doğru deyil. Mən də bu fikrin tərəfdarıyam. Ümumiyyətlə, gömrük və vergilərlə məşğul olan vahid mərkəz olmalıdır. Yəni, Gömrüyün Vergilər Nazirliyinin tabeliyində bir departament kimi fəaliyyət göstərməsi daha doğru olar. Çünki vergi və rüsumlar bir mərkəzdən yığılssa, yaxşıdır. Hesab edirəm ki, Gömrük Komitəsinin sədrinin bu bəyanatının kökündə siyasi məsələ durur. İndiki rəhbərlik Dövlət Gömrük Komitəsinin ayrıca qurum kimi saxlanılmasına çalışır”.

Xalqxeber.az

Related Articles

050-295-94-79
top