Vergi Məcəlləsinə edilmiş dəyişikliklər – BİZ NƏ EDƏ BİLƏRİK?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Artıq yeni dəyişikliklər öz növbəsində şəffaf fəaliyyət göstərmək niyyətində olmayan ödəyicilərə də vergilərdən yayınmamaqları üçün bir çox imkanlar yaradır, bu imkanları dəyərləndirməyən, yenə də kölgəli fəaliyyət göstərən sahibkarlar üçün iri məbləğdə cərimələr nəzərdə tutulur”.
AYDINLIQ.AZ AMVPRESS.AZ-a istinadən, “AMV Consulting” şirkətinin təsisçisi, Maliyyə və Mühasibatlıq üzrə ekspert Orxan Şükürovun “Yeni məcəllə dəyişikliyi” üçün yaranmış məqamlara münasibətini təqdim edir.

Məcəlləyə edilən dəyişikliklərin əsas məqsədi nədir?
Ümumiyyətlə, məcəlləyə edilən yeni dəyişikliklərin əsas məqsədi – uçot siyasətinin təkmilləşdirilməsi, vergi ödəyicilərini düzgün uçot aparmağa sövq etmək, vergi ödəyicilərinin artıq kölgə iqtisadiyyatından kənarlaşmağa, vergi öhdəliklərini düzgün müəyyənləşdirməyə və nəticədə dövlət büdcəsinə müvafiq ödənişləri həyata keçirməkdir.
Siz “AMV Consulting” şirkəti olaraq uzun müddətdir sahibkarlara mühasibatlıq və maliyyə xidmətləri göstərirsiniz və tez-tez sahibkarlarla ünsiyyətdə olursunuz. Bu gün sahibkarlar kölgə fəaliyyətlərindən kənarlaşmağa nə dərəcədə maraqlıdırlar?
“AMV Consulting” şirkəti olaraq fəaliyyətə başladığımız andan sahibkarlarla bu mövzuda müzakirələr aparırıq və birmənalı şəkildə hər bir yeni müraciət edən sahibkarlara uçotun düzgün aparılmasının, sahibkarlıq fəaliyyətinin şəffaf həyata keçirilməsinin, vergilərin düzgün və vaxtında ödənilməsinin nə qədər vacib və səmərəli olduğunu izah edirik. Bu bizim fəaliyyətimizin prioritetidir. Artıq sahibkarlar da anlayırlar ki, müəssisənin uçotu olmadığı halda vergi orqanı sahibkarın öhdəliklərini qanunvericilikdə qeyd edilən hesablama metodlarından istifadə edərək müəyyən edir, bu da əksər hallarda müəssisənin uçotunu aparmadığından onun əleyhinə olur və bununla bərabər böyük məbləğdə maliyyə sanksiyaları tətbiq edilir. Bu səbəbdən sevindirici haldır ki, sahibkarlar bu gün mühasibat və maliyyə uçotlarının şəffaf və düzgün aparılmasında köməklik göstərməyimiz üçün çoxsaylı müraciətlər edirlər. Artıq yeni dəyişikliklər öz növbəsində şəffaf fəaliyyət göstərmək niyyətində olmayan ödəyicilərə də vergilərdən yayınmamaqları üçün bir çox imkanlar yaradır, bu imkanları dəyərləndirməyən yenə də kölgəli fəaliyyət göstərən sahibkarlar üçün iri məbləğdə cərimələr nəzərdə tutulur. Əgər müəssisə bazarda uğurlu fəaliyyətini təşkil etmək, rəqabətə davamlı bir şirkət olaraq uzun müddət fəaliyyət göstərmək istəyirsə, ilk növbədə düzgün uçot sistemini həyata keçirməlidir.
Sadələşdirilmiş vergi ödəyiciləri olan bəzi sahibkarlar yeni məcəlləyə görə Gəlir və ya Mənfəət vergisi ödəyicisi olacaqlarından narahatdırlar. Buna səbəb varmı?
Hər bir şəxsin Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınarkən Sadələşdirilmiş vergi, Əlavə Dəyər Vergisi, Gəlir və ya Mənfəət vergi ödəyicisi olmaq hüququ vardır (bəzi fəaliyyət növləri istisna olmaqla). Əksər sahibkarlar sadələşdirilmiş vergi ödəyici olmağın daha səmərəli olduğunu düşünürlər. Çünki, bu zaman onlar ümumi dövriyyənin müvafiq olaraq 2-4 faiz dərəcələrində vergi ödənişi həyata keçirmək və heç bir uçot aparmadan fəaliyyət göstərməyi səmərəli hesab edirlər. Amma bir məsələni də unudurlar. Bu halda Sahibkar xalis mənfəətindən deyil, dövriyyəsindən vergi ödəyir, müəssisənin dövriyyəsinin həcmindən asılı olmayaraq xərclərlə münasibətdə müəssisə ziyanla rastlaşa da bilir. Sadələşdirilmiş vergi ödəyicisi olmaqla bu ziyana baxmayaraq onlar yenə də dövriyyələrinə görə vergi ödəməli olurlar.  Ümumiyyətlə, belə düşünürəm ki, sadələşdirilmiş verginin bu zamana qədər geniş müstəvidə tətbiq edilməsi sahibkarların uçotlarının xüsusi ilə xərclərinin uçotunun aparmasına mane olan səbəblərdən biri olmuşdur. Çünki sahibkarlar Sadələşdirilmiş vergi ödəyicisi olduğu halda onların xərclərinin ödəyəcəkləri verginin məbləğinə təsir etmədiyini bildikləri üçün bu uçotu aparmırdılar. Burada söhbət vergi ödəyicisi olan fiziki şəxslərdən gedir. Hüquqi şəxslər xalis mənfəətləri yarandıqda təsisçilərinə ödəniş etdikləri zaman ödəmə mənbəyindən dividend vergisi öhdəliyi yaranır, bunun üçün də hüquqi şəxslər xalis mənfəətlərini müəyyən etmək üçün mütləq gəlirlərinin və xərclərinin uçotunu aparmalı idilər. Qeyd etdiyiniz sahibkarların narahatçılığına heç bir əsas yoxdur. Yeni məcəlləyə əsasən, sadələşdirilmiş vergi ödəyici ola bilməyən, gəlir və ya mənfəət vergisi ödəyicisi olan ödəyicilər uçotlarını düzgün apardıqları halda daha az vergi ödəmiş olacaqlar.
Yeni məcəllə dəyişikliyi bütün məhsulların və xidmətlərin satış qiymətlərinin artmasına yol verəcəkmi?
Bəli, yeni dəyişikliklərə görə satış qiyməti artacaq məhsullar var, lakin bu bütün məhsul və xidmətlərə aid deyil, yalnız aksiz dərəcəsi artırılan məhsullara aid olacaq. Buna misal olaraq, energetik içkiləri, elektron siqarları, avtomobilləri qeyd etmək olar.
Lakin sualınızın cavabında başqa hallara da aydınlıq gətirmək istəyirəm, bir daha uçot məsələsinə qayıdıram, çünki əfsuslar olsun ki, bəzi vergi ödəyiciləri hansı vergilərin onların öhdəliyində, hansıların qarşı tərəfin öhdəliyində olduğunu bilmirlər. Sahibkarlar vergi məcəlləsi, mühasibat uçotu standartları və digər normativ hüquqi aktlardan anlayışları olsa da, onlar bu sahədə mütəxəssis olmaq məcburiyyətində deyillər. Çünki bu insan biznesmendir və onun işi həmin biznesi təşkil etmək və idarə etməkdir. Məni məyus edən bu gün bəzi insanlardır ki, maliyyə və  mühasibatlıq sahəsindən anlayışı olmadan, sahibkarlara özlərini mühasib kimi təqdim edib, onların işinə maneəçilik və zərər vururlar. Bu cür insanların da sahibkarı vergi öhdəlikləri ilə bağlı düzgün məlumatlandırmamaqlarının nəticəsində sahibkar məhsulun maya dəyərini və satış qiymətini düzgün müəyyən edə bilmir. Mən bir daha buradan da bildirmək istərdim ki, sadələşdirilmiş vergi, gəlir və ya mənfəət vergiləri satıcının öhdəliyidir və bu vergiləri o öz gəlirlərindən ödəməlidir. Əlavə Dəyər Vergisi və Ödəmə mənbəyində tutulan vergi kimi öhdəliklər qarşı tərəflərdən tutulan vergilərdir. Buna görə sahibkarlar işlərini həvalə edəcək insanları seçəndə diqqətli olmaları vacibdir. Az öncə qeyd etdiyimiz kimi, sahibkarlar uçotlarını düzgün apardıqları halda bu onların vergi öhdəliklərinin artmamasına, əksinə, azalmasına yol verirsə, birmənalı şəkildə digər məhsullarında satış qiymətinə təsir etməməlidir.

Related Articles

050-295-94-79
top