Nazirlik 5 milyonluq icarə müqaviləsini Baba Rzayevin qardaşı ilə bağlayıb – Fərid Fərhadzadə Rahib Rzayevin şirkətində təmsilçidir?

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Dünən ölkə mediasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir fiziki şəxslə 5 milyon manatlıq icarə müqaviləsi bağlaması haqda informasiya yayıldı. İlk olaraq yayılan xəbərlə bağlı rəsmi açıqlama yox idi. 

Fərhadzadə Fərid adlı fiziki şəxslə 4,8 milyon manatlıq icarə müqaviləsi bağlanması məlum idi. Lakin rəsmi mənbələrdə icarə obyekti və müqavilənin məqsədi haqqında məlumat açıqlanmamışdı.

Bu gün nəhayət nazirlik 5 milyonluq icarə müqaviləsi məsələsinə aydınlıq gətirib. Nazirlikdən verilən açıqlamada deyilir ki, nazirlik adı çəkilən şəxslə Yasamal rayonundakı böyük binanın icarəsi üçün müqaavilə bağlayıb.

“Həmin binada ƏƏSMN tabeliyində olan DOST Agentliyi və Agentliyin Bakıda yaradılacaq ilk “DOST” mərkəzi yerləşəcək. «Bu məqsədlə Fərhadzadə Fərid Rüfət oğluna məxsus 3,7 min kv.metrlik sahəsi olan binanın 5 illik icarəyə götürülməsi üçün onunla 23.11.2018-ci il tarixdə müqavilə bağlanılıb» deyə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib. 

Rəsmi açıqlamada deyilir ki, icarə müqaviləsinə əsasən binanın hər kv.m-nin icarə haqqı 15 AZN, ƏDV və təmir xərcləri daxil olmaqla isə 22 AZN nəzərdə tutulub. İcarə müqaviləsinin ümumi məbləği 4 874 760 AZN olub. «Müqavilənin bağlanılması müvafiq satınalma qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İcarəyə götürən binada hazırda təmir işləri davam etdirilir»-deyə nazirlikdən bildirilib. 

Lakin ortada qalan açıq suallara cavab verilməyib. 

Sual 1. Niyə nazirlik dövlət qurumu üçün 5 milyon manata bina inşa etmir və ya satın almır? 

Sual 2. 3.7 min kv.metrlik binanı inşa etmək üçün 5 milyon manat kifayət etmirmi? 

Sual 3. İcarəyə götürülən bu binada yerləşək dövlət qurumları 5 illik yaradılıb? 5 ildən sonra bu dövlət qurumlarına inzibati bina lazım olmayacaq? 

Sual 4. Fərhadzadə Fərid Rüfət oğlu fiziki şəxsdirmi? 

Əlbəttə bu suallara cavab almaq üçün Gundeminfo.az-ın əməkdaşları araşdırma aparıblar və məlum olub ki, əslində Fərhadzadə Fərid Rüfət oğlu sadəcə fiziki şəxs deyil. O, eyni zamanda ötən ilin aprel ayında dövlət başçısının sərəncamı ilə ölkə iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi medalı” ilə təltif olunub. 

Nazirlik 5 milyonluq icarə müqaviləsini Baba Rzayevin qardaşı ilə bağlayıb –

Və Fərid Fərhadzadə hazırda “Azərenerji” ASC-nin rəhbəri olan Baba Rzayevin qardaşı Rahib Hüseynağa oğlu Rzayevin rəhbəri olduğu “Gök-Nur Bakı LTD” MMC-də müdir vəzifəsində çalışır. 

Ötən ilin aprel ayının 17-də Yevlax şəhərində dövlət başçısı İlham Əliyev cənablarının sədrliyi ilə keçirilən “Qeyri-neft ixracatçılarının respublika müşavirəsi”ndə iştirak edən şirkətlərdən biri də “Gök-Nur Bakı” MMC olub. 

Müşavirədə “Gök-Nur Bakı” MMC-nin müdiri Fərhadzadə Fərid çıxış edərək şirkətin son illər ərzində ixrac etdiyi məhsulun dəyərinin 21 milyon 639 min ABŞ dolları miqdarında ölçüldüyünü, istehsal etdikləri məhsulların Özbəkistan, Əfqanıstan, Gürcüstan, Türkmənistan və Qazaxıstan respublikalarına ixrac edildiyini vurğalıyıb. Həmçinin müəssisə rəhbəri məqsədlərinin növbəti illərdə daha da artırmaq olduğunu bildirib. 

Deməli Sahil Babayevlə qarşı tərəf olaraq icarə müqaviləsi imzalayan Baba Rzayevin qardaşı Rahib Rzayevin işçisidir. Və əslində Baba Rzayev dövlət proqramlarında adının və yaxud da soyadının hallanmasını istəmədiyindən Fərid Fərhadzadəni irəli verir.

Nazirlik 5 milyonluq icarə müqaviləsini Baba Rzayevin qardaşı ilə bağlayıb –

Rahib Hüseynağa Rzayev 1961-ci il avqustun 4-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisliyi İnstitutuna daxil olub. 1978-ci ildən elektrik enerjisi sahəsində çalışıb. Bakıelektrikşəbəkə ASC-də “Elektrik enerjisindən istifadəyə nəzarət” şöbəsində müxtəlif vəzifələrdə işləyib. 4 dekabr 2003-cü ildən etibarən GBS direktoru olub.

Gundeminfo.az-ın araşdırmaları zamanı “Gök-Nur Bakı LTD” MMC-nin əslində elektrik avadanlıqları istehsalı və satışı ilə məşğul olduğu ortaya çıxıb. “Gök-Nur Bakı LTD” MMC uzun zamandır 70 fazilik payı ilə Baba Rzayevə məxsus olduğu söylənilən Dərnəgül şossesində yerləşən “Santral Elektrik”lə eyni ünvanda təsis olunub. 

Həm “GBS MMC”nin, həm də “Gök-Nur Bakı”nın Zirə qəsəbəsində yanaşı sahədə kabel və elektrik avadanlıqları istehsalı zavodu var. 

Təkcə 2011-ci il üçün tender reyestrində göstərilənlərə görə, “Bakıelektrikşəbəkə”nin “Gök-Nur Bakı”ya rəsmi müqavilələr əsasında ödədiyi pulların ümumi həcmi: 338368,86 manatdır. 

“Gök-Nur Bakı”nın nizamnamə kapitalı isə 6349000.00 ABŞ dollarıdır. 

Bütün bunlar bir daha göstərir ki, əslində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev arasında şəxsi münasibətlər olduğundən dövlətin vəsaiti məhz fiziki şəxs olaraq göstərilən, əslində isə B.Rzayevin qardaşı Rahib Rzayevlə icarə müqaviləsi əsasında bağlanıb. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

TEREF.AZ

Related Articles

050-295-94-79
top