İcbari tibbi sığortanın tətbiqi yönündə mühüm addım

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Dövlət səhiyyə müəssisələri yeni TƏBİB-in tabeliyinə keçir – prezident fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalayıb. Fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi(TƏBİB) publik hüquqi şəxs yaradılır.

Fərmana əsasən TƏBİB-in yaradılmasında məqsəd ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etməkdir.

Sənədlə 2020-ci il yanvarın 1-dən Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə verilir.

TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir. TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir.

Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin 2019-cu il ərzində TƏBİB-in tabeliyinə verilməsi, icbari tibbi sığortanın məlumat bazasının və müvafiq proqram təminatının yaradılması, TƏBİB-in fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması və qəbulu, habelə onun tabeliyinə verilən tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə bağlı aparılacaq işlərə cari rəhbərliyi Prezident Administrasiyası həyata keçirəcək.

Parlamentin Səhiyyə komitəsinin üzvü, deputat Musa Quliyev TƏBİB-in yaradılması ilə bağlı fərmanı şərh edib. Bu barədə “Qafqazinfo”ya danışan deputat bildirib ki, sözügedən fərmanla Azərbaycanda icbari tibbi sığorta sisteminə keçidlə əlaqədar olaraq tibb müəssisələrinin böyük bir hissəsinin idarə olunması agentliyin idarəçiliyinə verilir: “Bu məqsədlə də cənab prezident agentliyin nəzdində TƏBİB publik hüquqi şəxsin yaradılması barədə fərman verdi. Bu, təbii ki, səhiyyə sistemində keçirilən islahatlarla bağlıdır. Məqsəd əhaliyə göstəriləcək tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, tibbi xidmətlərin əlçatanlılığının asanlaşdırılması, maliyyələşdirilmənin optimallaşdırılması bütövlükdə vətəndaşa göstərilən tibbi xidmətin yeni bir modeldə yəni, sığorta sistemində tətbiqinə şərait yaratmaqdır”.

Deputat xatırladıb ki, icbari tibbi sığorta ilə bağlı 2008- ci ildən bu yana işlər həyata keçirilir: “Cənab prezidentin dəfələrlə bu barədə sərəncamı olub. Qanunvericilikdə bununla bağlı dəyişikliklər edilib. Agentlik 2015-ci ildə yaradılıb. Pilot şəklində Mingəçevir, Yevlax, Ağdaş və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda icbari tibbi sığorta uğurla tətbiq olunub. Gələn il onun bütün ölkə ərazisində tətbiqi ilə bağlı hazırlıq işləri görüləcək. Bu, tibb müəssisələrinin publik hüquqi şəxsin idarəçiliyinə verilməsi, aparılacaq hazırlıq işləri ilə bağlıdır. Bunun üçün vahid informasiya bazası olmalıdır. Kadrlarla bağlı hazırlıq işləri getməlidir. Səhiyyə müəssisələrinin icbari tibbi sığortanın tələblərinə uyğun şəkildə qurulmasının təsdiq olunması, müəyyən maliyyələşmə sisteminə hazırlanması üçün sözügedən fərman verilib”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, TƏBİB beynəlxalq təcrübəni nəzərə almaqla, tabeliyində olan tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarını tətbiq edərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə çalışacaq.

TƏBİB-in tabeliyinə verilən tibb müəssisələrinin 2020-ci il yanvarın 1-dən etibarən fəaliyyətinin təmin edilməsi ilə bağlı onların ixtisaslı kadrlarla komplektləşdirilməsi Agentliyə tapşırılıb: “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta (İTS) fondunun vəsaitinin idarə edilməsini və İTS üzrə sığortaolunan şəxslərə tibbi xidmətlərin həmin fondun vəsaiti hesabına göstərilməsini təmin etmək, 2020-ci ildən etibarən İTS-nin ölkə üzrə tətbiqinə imkan verəcək hazırlıq işlərinin görülməsi, İTS çərçivəsində göstərilən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflərin hazırlanması Agentliyə həvalə olunub. O cümlədən Agentlik İTS-nin məlumat bazasının yaradılması və bütün ölkə üzrə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin həmin məlumat bazasına inteqrasiyası, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə, TƏBİB-in tabeliyinə verilmiş müəssisələrdə gəlirlərin və xərclərin uçotu da daxil olmaqla, həmin tibb müəssisələrinin tam idarə edilməsini təmin edəcək proqram təminatının hazırlanması və digər məsələlərin icrası ilə bağlı tapşırıqları icra etməlidir”.


Related Articles

050-295-94-79
top