Maliyyə Nazirliyi Səlim Müslümovdan milyonların hesabını tələb edir

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 7
    Shares

Aprel ayından başlayan yoxlamalar bu günə kimi davam edir

Səlim Müslümov 21 aprel 2017-ci ildə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edildikdən sonra onun rəhbərlik etdiyi dövrdə büdcə vəsaitlərindən neçə istifadə edilməsini üzə çıxarmaq üçün yoxlamalara başlanıb. Bu haqda məlumat redaksiyamıza Maliyyə Nazirliyinə yaxın mənbədən daxil olub. Mənbənin sözlərinə görə, aprel ayının sonlarından başlayan yoxlamalar bu gün də davam edir və çox böyük ehtimalla gələn ilin ilk ayında da davam edəcək. Mənbə bildirir ki, yoxlamaların bu qədər uzun çəkəcəyini Maliyyə Nazirliyində güman etmirmişlər. Lakin elə ilk günlərdən üzəçıxan məlumatlar Maliyyə Nazirliyinin əməkdaşlarını yoxlamaları genişləndirmək məcburiyyətində qoyub. Bunun nəticəsində səkkiz aydır davam edən yoxlamaların ən azından daha bir ay da uzanacağı gözlənilir. Mənbə bildirir ki, Səlim Müslümov ötən səkkiz ayda bir neçə dəfə yoxlamaların dayandırılmasına cəhd edib. Ancaq onun cəhdləri uğursuz olub. Ehtimal edilir ki, Səlim Müslümov da yaxın kadrlarının təzyiqi altında bu addımı atıb. Məlumatlı mənbə bildirir ki, əgər üzə çıxan faktlar ört-basdır edilməsə Səlim Müslümov başda olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyində təmsil olunmuş bir çox məmurun yolu istintaqdan düşməsi qaçılmaz olacaq. Mənbə bildirir ki, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillərin inşaat işlərinin həyata keçirilməsi və mənzillərin bölgüsü zamanı qanun pozuntularına yol verilməsi ilə bağlı məsələlər araşdırmanın ən çox diqqət ayırdığı məsələlərdəndir. Gözdən əlillər üçün Bakının Nərimanov rayonunda inşa olunmuş çoxmənzilli yaşayış binası ətrafında qalmaqal yaddaşlardan hələ silinməyib. Bundan başqa Balakən, Şəki, Zaqatala, Qax, Qəbələ və Tərtər rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin inşa və bölügüsü ilə bağlı da ciddi suallar üzə çıxıb. Ağdam rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış binasının inşası və bölgüsü zamanı da qanun pozuntularına yol verilib. Bərdə, Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən çoxmənzilli yaşayış binalarının tikintisi zamanı qanununvericiliyin tələblərinə tam əməl olunmayıb. Əlillərə avtomobillərin verilməsi zamanı da qanunsuzluqlara yol verilməsi haqqında ciddi iddialar var.

Ancaq bütün bunlar da son deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə 2015-ci ildə tibbi-sosial ekspertiza və əlillərin reabilitasiya informaisya sisteminə çıxışın təmin edilməsi üçün yaradılmış şəbəkənin fəaliyyətini təmin edilməsinə ayrılan büdcə vəsaitləri ilə bağlı da araşdırmaların aparılması haqqında iddialar var. İddiaya görə, Maliyyə Nazirliyinin əməkdaşları tibbi-sosial ekspertiza və əlillərin reabilitasiya informasiya sisteminə çıxışın təmin edilməsi üçün yaradılmış şəbəkənin fəaliyyətini təmin edilməsi üçün “NPM Company” Məhdud Məsulliyətli Cəmiyyətinin hesabına köçürülmüş 1 397 135 manatla bağlı da araşdırma aparılır.

Mənbənin məlumatına görə, Maliyyə Nazirliyinin əməkdaşları 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya mübadiləsini həyata keçirəcək şəbəkənin qurulması işlərinin satın alınması adı altında bir neçə şirkətin hesabına böyük pullar köçürüb. Məsələn, “Delta Telecom LTD” MMM-nin hesabına 424 000 manat, “NPM Company” MMC-nin hesabına 371 070 manat, “Smart Sistemz Texnoloji” MMM-nin hesabına isə 53 126manat keçirib. İnformasiya mübadiləsini həyata keçirəcək şəbəkənin qurulması işinin niyə bir neçə şirkətlə həyata keçirilməsinə və bu qədər büdcə vəsaitinin xərclənməsinə aydınlıq gətiriləcəyinə isə hələlik ancaq ümid etmək olar.

Maliyyə Nazirliyinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Göyçay Regional Peşə Tədris Mərkəzinin müalicə korpusunun dam örtüyünün təmirinə xərclənən 250 min manatın da taleyinə aydınlıq gətirmək niyyətindədir. Məlumata görə, Göyçay Regional Peşə Tədris Mərkəzinin müalicə korpusunun dam örtüyünün təmirini həyata keçirmiş “Xəzər Təmir” MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə həyata keçirdiyi digər təmir işləri də Maliyyə Nazirliyinin diqqət mərkəzindədir.

Səlim Müslümovun nazir olduğu müddətdə Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyinin sifarişi ilə Sumqayıt şəhərində və Yevlax şəhərində Əlillərin Bərpa Mərkəzinin bərpa-gücləndirilməsi və əsaslı təmiri işlərinə sərf olunmuş 1 654 230 və 1 647 185 manatın hesabının da sorulacağı gözlənilir. Göründüyü kimi 3.4 milyon manatdan artıq büdcə vəsaiti iki Mərkəzin binasının gücləndirilməsinə və əsaslı təmir işlərinə sərf olunub. Bu əməliyyat isə “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilib. 

Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyinin sifarişi ilə Naftalan şəhərindəki Əlillərin Bərpa Mərkəzinin bərpa-gücləndirməsi və əsaslı təmiri işlərinin həyata keçirilməsi isə büdcəyə 1.8 milyon manata başa gəlib. Bakı Uşaq Bərpa Mərkəzinin əsaslı təmir işlərinə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2.3 milyon manatdan artıq büdcə vəsaitini sərf edib. “Azəraqrartikinti” ASC-i ilə həyata keçirilən bu əməliyyatlar zamanı manatın kursu da indikindən fərqli idi. Göründüyü kimi Səlim Müslümovun rəhbərliyi dövründə Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyi çox səxavətlə milyonlarla büdcə vəsaitini hansısa təmir işlərinə ayırıb. İndi isə maliyyə nazirliyinin yoxlama briqadası 8 aydır ki, “kələfin ucunu” tapa bilmir. Belə görünür ki, Maliyyə Nazirliyinin əməkdaşları Səlim Müslümovun maliyyə əməliyyatlarının üstünü açmaq üçün ən azı daha bir ay tər tökməli olacaqlar. Üzə çıxan qanun pozuntularının isə istintaq orqanlarına göndərilib-göndərilməyəcəyinə isə çox güman ki, daha yüksək vəzifə sahibləri qərar verəcəklər. Ancaq istənilən halda Səlim Müslümov milyonların hesabını verməlidir. Çünki, bu gün həmin milyonların hesabı sorulur.

“Yeni Sözçü”qəzeti
www.xalqxeber.az

Related Articles

050-295-94-79
top