“Ovçular” MMC sağlamlığımıza “ov”a çıxıb

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Kolbasanın icad tarixinə nəzər salsaq, görərik ki, bu məhsul həmişə qatqısız-filansız ətdən hazırlanıb. Xırda-xırda doğranmış ət tikələri təmizlənmiş heyvan bağırsaqlarına doldurulurmuş, daha sonra isə ədvalar və duz əlavə olunaraq, ucları bağlanıb, qurutmaq (qaxac halına salmaq) üçün kölgədə asılıb. Bir çox hallarda isə tüstünün üzərindən asılırmış. Tüstü milçək və digər həşəratları qaçırırmış. Belə üsulla hazırlanan kolbasa dadlı və ləzzətli olmaqla bərabər, həm də gigiyenik baxımdan istifadə üçün daha təhlükəsiz imiş. Yeri gəlmişkən, kolbasa hazırlamaq üçün qoyun, mal və donuz ətindən başqa, delfin ətindən də istifadə edilirmiş. Heyvan içalatından da kolbasa (tulturma) düzəldilib. Əsasən türk xalqlarına məxsus olan bu reseptə görə, heyvanın ürəyi, qara ciyəri, piyi və içalatı xırda-xırda doğranıb, un və ya yarma əlavə edilərək bişirilirmiş.

Hazırda kolbasaların hazırlanma resepti müxtəlifdir. Lakin o zamanla müqayisədə onları tam ət məhsulu hesab etmək olmaz. Çünki kolbasanın tərkibinə ətlə bərabər donuz piyi, nişasta, natrium nitrit, kompleks qarışıq ətriyyatlar, boya, müxtəlif ədviyyatlar vurulur. Düzdür, müvafiq qurumların açıqlamalarına əsasən həmin qida və əlavələr Azərbaycana Avropa ölkələrindən gətirilir. Və bunların da müvafiq sənədləri olur. Lakin ətin baha, kolbasanın qat-qat ucuz olduğu ölkədə qatqıların xaricdən alınması bir qədər pafoslu görünür. O cümlədən kolbasa o məhsul növlərindəndir ki, istehsalında hansısa komponentin (məsələn nitritlərin) normadan artıq istifadəsi xərçəng kimi xəstəliklər yaradır. Bu səbəbdən də qonşu Türkiyədə Kənd Təsərrüfatı Nazirliyi hazılanmış ət məhsullarında hiylənin qarşısını almaq üçün qarışıq ətdən istifadəni qadağan edib. Kolbasa və sosislərin 100% ətdən hazırlanması haqqında qərar qəbul edilib.

Azərbaycanda alıcılara 100 faiz “halal kolbasa və sosislər” satdığını iddia edən şirkətlərdən biri də “Ovçular” ət və ət məhsulları MMC-dir. Şirkətin az qala addımbaşı qabartdığı hallallıq isə elə reklamdan o tərəfə keçmir.

Verilən məlumata görə, müəssisənin kolbasa və sosisləri reklam olunduğu kimi heç də standartlara uyğun deyil. MMC fəaliyyətə başladığı 1992-cı ildən bu tərəfə məhsul assortimentini təxminən 170-ə çatdırsa da, bazarın müvafiq seqmentində ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməyib. Bundan əlavə əldə etdiyimiz məlumata görə şirkətin ayrı-ayrı məhsulları üzrə Səhiyyə Nazirliyinin Gigiyena Epidemiologiya Mərkəzindən Gigiyenik sertifikatı olsa da, kolbasa və delikateslərin hazırlanmasında istifadə edilən xammalın təhlükəsizlik sertifikatı yoxdur. Ətin, inqredientlərin keyfiyyəti, haradan və hansı ölkədən idxal edildikləri məlum deyil. Eləcə də xammalın saxlanma şəraitinə dair bilgi yoxdur.

Araşdırmalara görə, ətin bazar qiyməti ilə yerli istehsal olan kolbasa və sosisin qiyməti arasında böyük fərq var. Halbuki standartlara uyğun istehsal olunan kolbasa ətdən baha olmalıdır. Xatırladaq ki, bir müddət əvvəl Dövlət Baytarlıq Xidmətinin keçirdiyi reydlər nəticəsində məlum olub ki, at, eşşək və xəstə heyvan ətləri kolbasa və sosis istehsalında istifadə olunur. Rubrika.az saytına verilən məlumata görə analoji vəziyyətin “Ovçular” MMC-də də hökm sürdüyü deyilir. Media üzərindən aparılan araşdırmalar zamanı məlum oldu ki, kolbasa şirkətləri vətəndaşları hər addımbaşı aldadır və nəzarət ən aşağı səviyyədədir. Bu baxımdan “Ovçular” firmasının da adı etibarlı istehsalçılar arasında keçmir.

Daxil olan məlumata görə, bir müddət əvvəl MMC “Servelat halal”, “Ovçular halal”, “Həvəskar”, “Hinduşka” kolbasalarının və “Moloçniye” sosiskalarının gigiyenik sertifikat və müvafiq reseptura olmadan, “Ruskaya”, “Servelat”, “Moskovskiy servelat”, “Oxotniçaya”, “Lyubitelskaya”, “Doktorskaya”, “Halal bərəkət”, “Halal”, “Domaşniy”, “Halal ovçular” kolbasalarının isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal etməkdə, saxlama müddəti ötmüş Almaniya istehsalı olan “Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunurdu.Həmin ərəfədə “Ovçular ət və ət məhsulları” MMC-nin qapadılması gözlənilsə də bu baş vermədi.

Saytımıza verilən məlumata görə, “Ovçular” ət və ət məhsulları MMC-nin məhsullarından hətta satıcılar da şikayət edirlər.Onların sözlərinə görə, “Ovçular ət və ət məhsulları”na məxsus kolbasa və sosislər tez yararsız hala düşürlər. Bunu da onlar xammal kimi istifadə edilən ətin keyfiyyəti ilə bağlayırlar.

Beləcə “Ovçular” ət və ət məhsulları MMC-nin sağlamlığımız üzərində “ov”u davam edir. Bizim də araşdırmalarımız davam edəcəkdir. 

Rubrika.az

Related Articles

050-295-94-79
top