Təzadlı Hacıyevlər – biri Londonda itlə gəzir, digəri “it günün”dəki məhbəsdə cəza çəkir

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin və həyat yoldaşı Zamirə Hacıyevanın həyat hekayəti…

10 il əvvəl Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin adı monetar payçıların qəpik-quruşunu verməməkdə hallanırdı. Adamlar qəpiklərini toplayıb manata çevirmiş, həmin pulları da verib səhm almışdılar. Gözləntiləri vardı ki, səhmlərini aldıqları istehsal müəssisələrinin sahibkarları onlara qəpik-quruş dividen verəcək, güzəranlarını təmin edəcəklər. Müəssisələri Cahangir Hacıyevin rəhbərlik etdiyi Beynəlxalq Bank almışdı və dividen gözləyən adamları, sadəcə, onları saymırdı. Halbuki həmin monetar payçıların cəminə 10 ildə ödəniləcək məbləğ üst-üstə heç bir milyon manata qədər olmazdı.

İllər ötdü. Əlləri hər yerdən üzülmüş payçılar bu gün kənarda oturub Zamirə Hacıyevanın Londonda jurnalistlərə “go away” deyib üzünə ittiham aktını tutub uzaqlaşmasını seyr edirlər. Cahangir Hacıyevi isə hətta doğmaları belə görmürlər-əynində daha şık kostyumu yoxdur və həbsdədir!

Britaniyalı jurnalistlər eks dövlət bankiri Cahangir Hacıyevin həyat yoldaşının əynindəki paltarları belə qiymətləndirməkdən çəkinmirlər. Bu də səbəbsiz deyil. Cahangir Hacıyev 10 il ərzində adamlara qəpik-quruş vermədiyi müddətdə xanımı Böyük Britaniyada alış-verişə 109 milyon 140 min dollar pul xərcləyib! Hansı ki, Zamirə Hacıyevanın sağa-sola xərclədiyi bu məbləğin cəmi 1 faizi yüzlərlə insanı ümidlərinə çatdıra bilərdi.

Zamirə Hacıyeva isə ərindən fərqli olaraq ənənəvi həyat tərzindədir. Onu malikanəsinin yaxınlığında itini gəzdirərkən 625 avro dəyərində “Gucci Ace” krassovkasında, 530 funt sterlinq dəyərində zolaqlı “Gucci” trikotaj idman şalvarında və 290 funt sterlinq dəyərində “Miu Miu” günəş eynəyində olmasını Britaniya jurnalistləri çəkmişdilər. Onun çantası isə xüsuilə bahalıdır, Hermes şirkətinin “Constance” brendindən olan əl çantasının qiyməti 6500 funt sterlinqdir. Hacıyevanın qara rəngli və jurnalistlərin hansı markadan olduğunu müəyyən edə bilmədikləri gödəkcəsi isə 800 funt sterlinqə yaxın dəyərləndirilib. İtin aksessuarları isə təxminən 1000 funt sterlinq dəyərində qiymətləndirilib. Qəzet yazır ki, bu cinsdən olan itə qulluq üçün ildə orta hesabla 1500 funt sterlinq tələb olunur. Beləliklə, Hacıyeva 6 ildə bu itə təxminən 8745 funt sterlinq xərcləmiş sayılır.
Xatırladaq ki, indi 55 yaşlı Hacıyeva Britaniyada əldə etdiyi aktivlərə xərclənən pulların qanuni yollarla qazanıldığını məhkəmə qarşısında sübut etməlidir. Sübut edə bilməsə həmin aktivlər müsadirə olunacaq. Bunun üçün onun 6 ay – 2019-cu ilin iyuna qədər vaxtı var.

***

Zamirə Hacıyeva bahalı iti ilə Londondakı bahalı məhlələrdə gəzib dolaşdığı müddətcə onun həyat yoldaşı Cahangir Hacıyev olduqca çirklənmiş havası ilə məşhur olan 13 saylı cəzaçəkmə müəssisəsində həyatla çarpışmaq zorundadır. Azərbaycanın ən ağır saxlama şəraiti olan müəssisəsində dustaq həyatı yaşamış məhbuslar oradakı durumu qısa olaraq “it günündə” ifadəsi ilə qiymətləndirirlər. Hoşimoto diaqnozu qoyulan sabiq bankiri də məhz ora köçürüblər. Ora köçürüləndən sonra Cahangir Hacıyevin vəkili Aqil Layıc da 13 saylı cəzaçəkmə müəssisəsində durumdan danışarkən “çox bərbaddır, kritikdir” ifadələrini işlətmişdi.

Vəkilin dediklərindən sitat: “Cahangir Hacıyev dəfələrlə sıra baxışına çıxarkən yerə yıxılıb, burnundan qan açılıb. Orada durum çox pisdir. Orada müəssisə ikiqat yüklənib. Yəni min nəfərlik yerdə 2 min nəfəri saxlayırlar. Orada hər 100 dustağa 1 tualet düşür. Tualetə görə gün ərzində növbə olur. Həmin müəssisə Avropa Şurasının, BMT-nin İşgəncələr Əleyhinə komitələrinin rəylərində dustaqların saxlanması üçün yararsız müəssisə kimi qiymətləndirilib. Sovet dövründə müəssisənin yaxınlığındakı dağlıq ərazidə radioaktiv tullantılar basdırılıb. Həmin tullantıların şüalanması bu gün də davam edir və məhbusların əynindəki paltarlar həmin şüaların təsiri altında qırmızıya çalan rəng alır”.

Daha bir sitatı xatırlayaq: “13 saylı cəzaçəkmə müəssisəsi cəzanın içində cəza yeridir. Penitensiar Xidmət əməkdaşlarından kimsə intizam məsuliyyətinə cəlb edilirsə, qaydaları pozursa, onu cəzalandırmaq üçün 13 saylıya xidmətə yollayırlar. Ora Penitensiar Xidmət əməkdaşları üçün cərimə batalyonudursa, görün dustaqların vəziyyəti nə yerdədir. Cahangir Hacıyev havasızlıqdan əziyyət çəkir. Bu onun ürəyindəki problemi dərinləşdirir. 13 saylı cəzaçəkmə müəssisəsi cəzaya məhkum edilmiş şəxslərin 2 qat cəzalandırılması yeridir. Orada xüsusi imtiyazlı məhkumlar yoxdur. ”Burjuy” kameraları orada yoxdur. Ora faktiki olaraq qeyri-insani şəraitin olduğu bir yerdir. Elementar yaşıllıq yoxdur, ətrafdakı daş karxanalarından qalxan toz-tozanaq müəssisədə nəfəs almanı belə çətinləşdirir. Vəkil otağında hər 5 dəqiqədən bir stolun üstünü silirik ki, toz olmasın. Radiasiyalı tullantılardan ayrılan şüa və Lökbatanın kanalizasiya sularının töküldüyü göldən gələn üfunət iyi də dözülməz həddədir”.
2016-ci ildə 15 il müddətinə azadlıqdan məhrum edilən C.Hacıyev məhkəmələrinin birində 13 saylı müəssisə haqda bunları demişdi: “Məni məhkum olunmuş şəxslərin saxlanıldığı korpusa köçürüblər. Əvvəlki korpusda gündə iki dəfə su verilirdi. Burada bir gündə cəmi 4 dəqiqə su verilir. Soyuducu yoxdur. Təsəvvür edin, həftədə bir dəfə yemək qəbul edirlər. Əgər soyuducu yoxdursa, bu o deməkdir ki, bir gün yeyib, 6 gün ac qalmalısan. 45 dərəcə istidə belə şəraitdə saxlanmaq nə deməkdir? Allah heç kimə qismət eləməsin.
Ancaq yaddan çıxarmayın ki, hamının başına gələ bilər. Dustağın bir günlük yeməyinə 18 manat 50 qəpik pul ayrılır. Amma heç 50 qəpiklik yemək vermirlər. Bu cür vasitələrlə mənə işgəncə vermək nəyə lazımdır? Onu da bilsinlər ki, buna göstəriş verənlər heç nəyə nail olmayacaqlar”.

Bir tərəfdə London küçələrində bahalı geyimlərdə dolaşan, bahalı malikanədə yaşayan, zirzəmisində növbənöv son dərəcə bahalı – biri 4 min dollara olan çaxırlar saxlayan Zamirə Hacıyeva, digər tərəfdə isə olduqca ağır durumda saxlanılan, yemək-içməkdən belə kənar qalmış, “qara dustaqla” eyni tələblərlə çıxış edən həyat yoldaşı Cahangir Hacıyevin həyat hekayələri beləcə davam edir.(musavat.com)

Related Articles

050-295-94-79
top