Fazil Məmmədov Bakıya zorla gətirilə bilər… – İDDİA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Gəncədə olan sabiq nazirin obyektlərində yoxlamalar aparılması xəbərləri rəsmən təsdiqlənmir; Petek Dinçöz ona məxsus Gəncə Beynəlxalq Xəstəxanasına niyə gəlibmiş…

Sabiq vergilər naziri Fazil Məmmədovun səhhəti normallaşıb. Bu barədə modern.az-a Gəncədəki mənbə məlumat verib.

F.Məmmədovun Gəncə Beynəlxalq Hospitalında reabilitasiya keçdiyi, səhhətinin gündən-günə daha da yaxşılaşdığı bildirilib:

“Vəziyyəti stabildir, gəzir, istirahət edir. Fazil Məmmədov artıq çətin günləri arxada qoyub”.

Qeyd edək ki, uzun müddətdir Türkiyədəki “Amerikan Hastahanesi”ndə müalicə alan sabiq vergilər naziri Fazil Məmmədov noyabrın 16-da Azərbaycana qayıdıb. Elə həmin gün Gəncə Beynəlxalq Hospitalına yatırılıb.

Sabiq nazirin qış aylarında Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında olacağı bildirilir.

Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınmışdı. F.Məmmədov 2018-ci ilin iyununda Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O, “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Sabiq nazir Türkiyədə olarkən, səhhətinin nisbətən stabilləşdiyi dövrlərdə məşhur “Çırağan Palace”da da dincəlib.

Qeyd edək ki, noyabrın əvvəlində sabiq nazirin obyektlərində yoxlamalar başlamasıl barədə xəbərlər yayılmışdı. İddia olunurdu ki, sabiq nazirin Gəncədəki obyektlərində təftiş aparılır. Xüsusilə F.Məmmədova məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir. Güman olunurdu ki, F.Məmmədov özü rəhbər vəzifədə olarkən, xəstəxanasının külli miqdarda vergidən yayınmasına yol verib” deyə, xəbərdə bildirilirdi. Hətta iddialar vardı ki, sabiq nazirin səhhətində heç bir ciddi problem yoxdur. Durumunun ağır olması barədə məlumatlar isə özünün istəyi ilə yaxınları tərəfindən məqsədli şəkildə, qəsdən yayılır.

F.Məmmədovun yaxın çevrəsi ilə ünsiyyətdə olan şəxslərdən birinin sözlərinə görə, F.Məmmədovun vəzifədən çıxdıqdan sonra həm Bakıda rəsmi orqanlarda qarşılaşacağı bir çox sualları cavablandırmaqdan qaçmaq, həm də vergi adı ilə əvvəlcədən külli miqdarda pul ödətdirdiyi iş adamlarının tələblərindən yayınmaq üçün “sağalmır”. Belə güman edilirdi ki, F.Məmmədovun obyektlərində işdən çıxarılandan 11 ay sonra yoxlamalar başlaması təsadüfi deyil və bu, təkcə Gəncədəki deyil, digər obyektlərdə də təftişlər başlayacağının siqnalıdır. “Belə olacağı təqdirdə isə F.Məmmədov müalicəsini ya Bakıda davam etdirə və ya suallara cavab vermək üçün zorla gətirilə bilər”.

Bu xəbərlərdən sonra F.Məmmədov Bakıya qayıtdı. Amma onun obyektlərində hər hansı yoxlamalar aparıldığı barədə xəbərlər bu günədək rəsmən təsdiqlənməyib. Ona məxsus Gəncə Beynəlxalq Hospitalı isə dekabrın 1-də səs-küylü aksiya ilə gündəmə gəldi. Dekabrın 1 də Gəncə Beynəlxalq Xəstəxanasında “Uşaqlar üçün Pulsuz Nevroloq konsultasiyası” aksiyası baş tutub. Eyni tarixdə konsert proqramı ilə Gəncə şəhərində olan Türkiyənin məşhur estrada ulduzu Petek Dinçöz bu aksiyaya dəstək olmaq üçün xəstəxanaya gəlib. \\musavat.com\\

Related Articles

050-295-94-79
top