Hacı Allahşükür Paşazadə Abel Məhərrəmovu şantaj edib – Hafiz Hacıyev

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
“Mən istəməzdim ki, Abel Məhərrəmovun son aqibəti belə olsun, o, dövlətçiliyə həmişə sadiq olan insandır”
Anews.az xəbər verir ki, bu sözləri moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H.Hacıyev bildirib ki, Abel Məhərrəmovla bağlı məsələ ciddi araşdırılmalıdır:
“Abel Məhərrəmovun xətrini çox istəyən insanlardan biriyəm, amma universitet rektorunun belə hərəkəti xoşagəlməz haldır. A.Məhərrəmov bu dövlətin qurulması üçün böyük əziyyətlər çəkib. Məndə olan məlumata görə, Hacı Allahşükür Paşazadə onu şantaj edib, bu da düzgün hal deyil. Bu gün hansı məmuru qaldırırsan altından milyardlar çıxır, belə çıxır ki, onlar Azərbaycan dövlətini talan ediblər. Sonra da gedib başqa bir dövlətdə yaşamağa nə var ki. Azərbaycanda ictimaiyyət arasında söz-söhbətlər gəzir ki, guya qərbi azərbaycanlıları sıxışdırmağa başlayıblar. Biz bunun qarşısını almalıyıq, Abel Məhərrəmov və digərləri müvəqqətidir. Bu dövlət bizimdir, biz ölkə başçısının yanında olub, ona kömək etməliyik. Düşünürəm ki, bu məsələ ciddi araşdırılmalıdır. Allahşükür Paşazadənin xaricdə olan oğlunun qaynatası çox böyük biznes imperiyasına malikdir və bunların hamısını düşünmək lazımdır. Ola bilsin ki, onların arasında olan mübahisə bunu belə bir vəziyyətə gətirib çıxarıb. Amma mən xalq arasında qərbi azərbaycanlıların sıxışdırılması xəbərini yayanları qınayıram və başa düşmürəm ki, bunlar niyə bu cür fikirlər səsləndirirlər. Yerindən duran deyir ki, qərbi azərbaycanlıları sürgün edəcəklər.
Mən istəməzdim ki, Abel Məhərrəmovun son aqibəti belə olsun, o, dövlətçiliyə həmişə sadiq olan insandır. Hər yerdə mənə sual verirlər ki, niyə qərbi azərbaycanlıları sıxışdırırlar? Onlara deyirəm ki, bu qərbi azərbaycanlı məsələsi deyil. Düşünürəm ki, burda Hacı Allahşükür Paşazadənin də günahı var. Kim cinayətkardırsa, günahı vardırsa, o, cəzasını alacaqdır. Kimin hardan olmasının fərqi yoxdur. Amma bunu bu həddə gətirib çıxarmaq olmazdı. Çox təəssüflər olsun ki, indiki komandanın əksəriyyəti cinayətkar ünsürlərdir. Hansını araşdırsan görürsən ki, böyük xətalara yol veriblər və düşünürəm ki, onların əksəriyyəti həbs edilməlidir və çox ciddi şəkildə cəzalandırılmalıdır. Bunlar olmasa, özbaşınalıq baş alıb gedəcək”.

 

Related Articles

050-295-94-79
top