“KÜR-XƏZƏR”İN SƏDRİ AKİF KƏRİMOV 200 MİN DOLLARLIQ DƏLƏDUZLUQ EDIB

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Respublika Ağsaqqallar Şurasının üzvü olan Akif Meybulla oğlu Kərimov vətəndaşdan 200 min dollar alaraq onu Xüsusi Dövlət Mühafizə Xidmətinin 3-cü idarəsinə mühafizəçi düzəldəcəyinə söz verib və… sonra bu əməlinə görə həbs edilib, amma…
Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol,
Məxluqu inandır;
Xasiyyətin od olsa da, ətvardə xak ol
sök aləmi, yandır;
M.Ə.Sabir
…Bilənlər bilir ki, mən yazıçı deyiləm. Bir məsələni qələmə almaq istərkən çox fikirləşirəm, götür-qoy edirəm, həyəcanlanıram, hıqqına-hıqqına qalıram, axırını bir tərəfə çıxara bilməyib, hər şeyi atıram kənara. Amma bu şeytan ki var ha, bu çox təhlükəli məxluqdur. Qəlbinə ki girdi, səni rahət buraxmır, yaxan qalır əlində, başlayır səni qıdıqlamağa, məcbur olub bir də kağız- qələmi qabağa qoyub başlayırsan qurdalanmağa ki, bəlkə bir şey çıxardasan. İndi də başıma belə bir iş gəlib ki, salyanlılar demişkən, əlində girinc olmuşam. Danışım qulaq asın. Mənə belə gəlir ki, sizin də köməyinizə ehtiyac var.
…Salyan şəhərində yaşayan dostumun oğlu 2018-ci ilin mart ayının əvvəllərində yanıma gəldi ki, başıma bir iş gəlib, danışmağa da utanıram, məni danlayacaqsınız. Mən də dedim ki, əgər utanacaqsansa danışma, burda nə məcburiyyət var. Dedi yox, danışmamaq da mümkün deyil, bir nəfər ağsaqqal mənə bərk üskük fırladıb. Dedim, axı bala, ağsaqqal hara, üskük fırlatmaq hara? Dedi ki, elə dərd də orasıdır ki, bizi onun ağsaqqallığı, özünün sadaladığı titulları aldatdı, inandıq və üskük fırlandı.
Başladı danışmağa:
-Mən iş axtarırdım. Xüsusi Dövlət Mühafizə Xidmətində işləmək arzusundayam. Bilirsiniz ki, idmançıyam, fiziki sağlamlığım yerindədir. Amma yaşım bir az ötübdür. Atamın tanışı, həmyerlimiz, özünü bizə “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Şurasının üzvü, hansısa Qeyri Hökümət Təşkilatı idarə heyətinin üzvü kimi qələmə verən Kərimov Akif Meybulla oğlu işə düzəlmək istədiyim barədə xəbər tutub atama və mənə xəbər göndərib ki, bu məsələ mənim əlimdədir, həll edərəm, səni Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldərəm, sənədlərini hazırla.

«Akif Kərimov məni Xüsusi Dövlət Mühafizə Xidmətinin 3-cü idarəsinə mühafizəçi düzəldəcəyinə söz verdi və dedi ki, ora işə düzəlməyə 200 000 ABŞ dolları verəcəksən…»

Mən də diplomumun surətini, tərcümeyi- halımı, sağlamlıq barədə arayışı, şəxsiyyət vəsiqəmin surətini hazırlayıb, Akif müəllimə verdim. Akif Kərimov məni Xüsusi Dövlət Mühafizə Xidmətinin 3-cü idarəsinə mühafizəçi düzəldəcəyinə söz verdi və dedi ki, ora işə düzəlməyə 200 000 ABŞ dolları verəcəksən, ora hər adamı işə götürmürlər, yaşın da bir az ötüb. Amma o mənim əlimdə asan işdir.
Söhbətimiz 2014-cü ilin yanvar ayında Salyanda hüzür yerində oldu. Mən və atam məsləhətləşdik. Atam dedi ki, yaşlaşmışam, şəkərim var, sən bir normal işə düzəlsən mənim narahatçılığım olmaz. Akif müəllimlə razılaşdıq, amma pulun toplanmasına vaxt aldıq. 2014-cü ilin martında Akif müəllimlə əlaqə saxladıq, bizi çağırdı Bakı şəhəri Afiyəddin Cəlilov (Allah rəhmət eləsin) küçəsindəki ofisinə, atamla birlikdə 200 000 ABŞ dollarını və sənədlərimi Akif Kərimova verdik. Akif Kərimov 2016-cı ilin yanvar ayına qədər aldada-aldada gətirdi, yanvar ayında bizi Bakıya ofisinə çağırdı. Atam, bacımın əri və mən getdik Akif Kərimovun ofisinə. Akif müəllim dedi ki, səni Xüsusi Dövlət Mühafizə İdarəsinə düzəldə bilmirəm, yaşın artıq 33-dür, götürmürlər. Gəl səni ya Beynəlxalq Hava Limanına, ya da Prezidentin Mühafizə İdarəsinə işə düzəldim. Mən razı olmadım, xahiş etdim ki, pulu qaytarsın. Akif müəllim mənə 33 000 ABŞ dolları qaytardı və dedi ki, qalan 167.000 dolları isə satdığa ev qoyub, onu satıb verəcəkdir. Əlacımız kəsildi, razılaşdıq.
“KÜR-XƏZƏR”İN SƏDRİ AKİF KƏRİMOV 200 MİN DOLLARLIQ DƏLƏDUZLUQ EDIB-1-Cİ YAZİ-YENILƏNIR
«2016-cı ilin noyabrında Xətai Rayon Prokurorluğunda fakta görə AR CM-nin 178.3.2-ci maddəsi ilə ona 160116440 saylı cinayət işi qaldırıldı və o, həbs olundu…»

Amma qoçağım yenə üsküyü fırlatdı, 167 000 dolları vermədi. Mən məcbur olub, 2016-cıilin noyabr ayında Xətai Rayon Prokurorluğuna şikayət verdim. Xətai rayon prokuroru, hörmətli Yusif İldırımzadə tərəfindən 18 noyabr 2016-cı ildə fakta görə AR CM-nin 178.3.2-ci maddəsi ilə, yəni külli miqdarda dələduzluğa görə 160116440 saylı cinayət işi qaldırıldı və istintaq aparılması üçün Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərildi. Cinayət işinin istintaqını müstəntiq Məhəmmədəli Cümşüdov apardı və 21 noyabr 2016-cı ildə Akif Kərimovu həbs elədi. Akif Kərimov həbsdə olarkən mənə 20 000 manat da ödədi və xahiş etdi ki, ona möhlət verək, 2 ay ərzində qalan pulu da ödəsin. Akif Kərimov müdafiəçisi Əlizadə Kazımovun iştirakı ilə 23 noyabr 2016-cı ildə istintaq orqanına yazılı iltizam verdi ki, mən Qoşqar Rəhimovdan 2009-cu ildə borc aldığım pulun 20 000 manatını indi ödəyirəm, yerdə qalan pulun 2 ay müddətinə, yəni 23 yanvar 2017-ci il tarixə qədər ödəyəcəyimə dair öz üzərimə öhdəçilik götürürəm. Mən də ona və istintaq orqanına inandım, ərizə verdim ki, mənim qalan pulumu da ödəyəcəyinə iltizam verdiyi üçün onun həbsdən buraxılmasına etiraz etmirəm. Müstəntiq Məhəmmədəli Cümşüdov Akif Kərimova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə dələduzluğa görə ittiham verdi, dindirdi və barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçərək həbsdən azad etdi…
Mən bu yerdə hövsələsizlik edib zərərçəkmiş Qoşqara sual verdim ki, bəs sonrası nə oldu? Dedi:
-Nolacaq, sivişib aradan çıxdı, başladı yenə üskük fırlatmağa, pulu qaytarmadı, cinayət işini Xətai Rayon Polis İdarəsindən aldıraraq verdirdi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinə müstəntiq Əflatun Səlimovun icraatına, o da gözünə döndüyüm deyir ki, işi xitam eləmişəm, fakt təsdiq olunmur.
Dedim, bəs Akif Kərimovun 167 000 dollar borcdan sənə qaytardığı 20 000 manat necə oldu? Dedi, balam sağ olsun, heç olmasa onu geri istəmədi.
Dedim, Qoşqar, bəs sən belə “səxavətli”, “əlaçıq”, “Hatəmsima” kişidən nə istəyirsən? Dedi, vallah pulumun qalanını istəyirəm, başqa heç tələbim yoxdur. Sizdən xahiş edirəm mənə vəkillik edin, öyrənin görək müstəntiq bu yekəlikdə cinayətin arxasına necə keçib? Dedim bəs müstəntiq sənə hər hansı qərar və məlumat göndəribmi? Dedi xeyr.
Vallah əvvəlcə baş qoşmaq istəmədim, dedim bəlkə Qoşqar işi bir az şişirdir, belə biabırçılıq olmaz. Amma gördüm ki, maraqlı hadisədir. Razılaşdım, müqavilə bağladıq, orderimi qoltuğuma vurdum, zəng elədim Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusiylə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı cənab Əflatun Səlimova. Özümü təqdim etdim, çox yaxşı salamlaşdıq, mehriban danışdıq, Allah rizası, indi də mehribanıq. Vədələşdik ki, mən gəlib həmin cinayət işinin materialları ilə tanış olmaq istəyirəm. Dedi bəçeşm, istənilən vaxtı gələ bilərsiniz. Vədələşdiyimiz vaxt Əflatun Səlimov məni qəbul etdi. Hal-əhval tutduq, işin rəsmi tərəfini həll etdikdən sonra Əflatun Səlimov Kərimov Akif Meybulla oğlu barəsində Qoşqar Rəhimovun verdiyi şikayətə əsasən Xətai rayon prokuroru hörmətli Yusif İldırımzadə tərəfindən fakta görə AR CM-nin 178.3.2-ci maddəsi ilə başlanan, 09.01.2018-ci ildə Ə.Səlimov tərəfindən xitam edilən 160116440 №-li cinayət işini qoydu stolun üstünə ki, buyurun tanış olun.
Mən istərdim ki, cinayət işinin materiallarını oxucularımızla birlikdə təhlil edək, sonda görək ayə, bu nə məsələdir? Ona görə də Siz də qeydiyyat üçün kağız-qələm götürün başlayaq. Beləliklə, Qoşqar Rəhimov işin 20-24-cü səhifəsindəki 18.11.2016-cı ildə verdiyi ifadəsində belə göstərir: “…2014-cü ilin yanvar ayında Akif müəllimlə Salyanda hüzür yerində görüşdük. Akif müəllim məndən soruşdu ki, harada işləyirsən, mən heç yerdə işləmədiyimi bildirdim. O məni Xətai rayonunda yerləşən “AMAY” ticarət mərkəzinin yanında olan yeni tikilmiş binalarda yerləşən ofisinə dəvət etdi və mənim işə düzəlməyimdə köməklik göstərəcəyinə söz verdi. Odur ki, bir neçə gündən sonra mən onun ofisinə gedib görüşdüm. Söhbət zamanı o öz iş fəaliyyətindən söhbət açıb özü barədə xeyli danışdı. Dediyinə görə “Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin sədridir, bir sıra jurnallarda onun haqqında məqalələr yazılmışdır. Həmin vaxt o məqalələr çıxan jurnalları mənə göstərdi və məndə onun haqqında xeyli müsbət fikir formalaşdı. Akif müəllim özü haqqında danışdıqdan sonra məni işə düzəltməsi barədə söhbət açdı və məndən harada işləmək arzusunda olmağımla maraqlandı. Mən idmançı olduğumu, Xüsusi Dövlət Mühafizə Xidmətində (XDMX) işləmək arzusunda olduğumu bildirdim. Akif müəllim məni H.Əliyev adına Beynəlxalq Hava Limanında və Prezidentin Mühafizə İdarəsində işə düzəldə biləcəyini, həmin İdarələrin yüksək vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olmasını bildirdi. Odur ki, mən Akif müəllimə atamla məsləhətləşdikdən sonra konkret hara işə düzəlmək istədiyimi bildirəcəyimi deyib ondan ayrıldım. Sonra Salyana gedib atamla məsləhətləşdik və belə qərara gəldik ki, atamla birlikdə Akif müəllimin yanına gəlib konkret söhbət edək. Odur ki, bir neçə gün sonra atamla birlikdə Akif müəllimin yanına gəldik. Xahiş etdik ki, məni XDMX-də işə düzəltsin. Akif müəllim yenə də Prezident Aparatında yüksək vəzifədə işləyən tanışları olduğunu, həmin şəxslərin vasitəsiylə məni Xüsusi Dövlət Mühafizə Xidmətinin 3-cü İdarəsinə mühafizəçi kimi işə düzəldəcəyini vəd etdi və bildirdi ki, həmin işin müqabilində məndən 200 000 ABŞ dolları alacaqdır. Mən də atamla birlikdə onun dediyi məbləğə razılaşdıq və bir həftə ərzində çatdıracağımı bildirdim. Akif müəllim dedi ki, pulu çatdırana qədər şəxsiyyət vəsiqəmin, diplomlarımın, hərbi biletimin surətlərini və tərcümeyi-halımı yazıb ona çatdırım. Mən həmin sənədlərin surətlərini Akif müəllimə çatdırdım. Mən pulu bir həftəyə çatdıracağıma söz versəm də böyük məbləğ olduğundan bir qədər gecikdirdim və nəticədə 2014-cü ilin mart ayının əvvəllərinə qədər həmin məbləği düzəldib atamla birlikdə Akif müəllimin ofisinə gəlib onun tələb etdiyi 200 000 ABŞ dolları pulu ona verdim. Akif müəllim 2015-ci ilin sonuna qədər 2 ilə yaxın məni aldatdı. Beləliklə, Akif müəllim bizi xeyli müddət aldadıb sonda vəziyyətin pis olduğunu, artıq onun məni işə düzəltmək fikri olmadığını başa düşdüyümü, ondan şikayət etmək fikrində olduğumu görüb 2016-cı ilin yanvar ayında mənə zəng vurub ofisə dəvət etdi. Mən, atam və bacımın əri ilə birlikdə Akif müəllimin ofisinə getdik. O həmin vaxt mənə başqa işə düzəltməyi təklif etdi, amma mən onun fikri ilə razılaşmayıb pulumu tələb etdim. Odur ki, Akif müəllim həmin gün pulun 33 000 dollarını qaytardı və yerdə qalan pulu qısa vaxta qaytaracağına söz verdi və məndən şikayət etməməyimi xahiş etdi. Lakin hal-hazıradək yerdə qalan 167 000 ABŞ dolları pulumu qaytarmayıb”.
(Davamı var)
İkram İnad,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil-publisist

Xalqxeber.az

Related Articles

050-295-94-79
top