“AAAF PARK” YAŞAYIŞ KOMPLEKSİNDƏ ŞOK ÖZBAŞINALIQ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“AAAF Park” Yaşayı Kompleksində sakinlərin işıqları kəsilib, istilik sistemi isə ümümiyyətlə işləmir. 

Avropa.info xəbər verir ki, bu haqda “AAAF Park” Yaşayış  Kompleksinin sakini , ictimai fəal Tamilla Qulami noyabrın 16-da sosial şəbəkələrdə məlumat yayıb.

Deməli, AAAF Park rəhbərliyi heç bir əsas olmadan özbaşına gəlib sakinlərin işığını kəsir. Qeyd edim ki, AAAF Parkın dövlətə külli miqdarda borcu olduğu üçün hal-hazırda şəhərcikdə işıq, istilik problemi var. Qazanxana da işə düşməyib. Şəhərcik qazlaşdırılıb, amma sayğac problemi var. Sayğacları gətirib quraşdırıblar, sakinlərdən isə 772, bəzilərindən də daha çox pul istəyirlər. Kimdən nə qopardılar, qopardılar… Üstəlik də qazı da işə sala bilmirsən, çünki müqavilə və kartı vermirlər. Az nəfər zorla-güclə, birtəhər kartı əldə edə biliblər. Sayğaca tələb olunan pulu ödəmədiyin təqdirdə gəlib qəfildən ya gecəyarısı, ya da səhər tezdən işıqları kəsib gedirlər. Qışın vaxtı, istilik yox, üstəlik də işıqları gəlib kəsirlər. Borcun olmasa belə. Niyə? Təsəvvür edə bilirsinizmi? “Qaz sayğacının pulunu ver, işığını yandırım” deyirlər. Sakinlərdən kim gedib bu özbaşınalığı qaldırın, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik deyirsə, deyirlər ki, biz kimsəni saymırıq, gedin, kimə istəyirsiniz, şikayət edin. Azəriqazla da əlaqə saxladım, dedilər ki, bu özbaşınalıqdır. Sayğaclar sakinlərə pulsuz paylanır. Hüquqla işinizi həll edə bilərsiniz. 

Sizə AAAF-ın daha bir özbaşınalığından yazım. Qapılarımıza elektrik ödənişi bildirişi olan çek gətirib qoyurlar. “Azərbaycan Respublikası prezidentinin 25.03.2002-ci il tarixli 893 saylı sərəncamı və Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli Qərarına əsasən vaxtında ödənilməmiş borca görə enerji təchizatı əlavə xəbərdarlıq edilmədən dayandırılacaqdır”. Nəzərinizə çatdırım ki, 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nda üçüncü cümlə çıxarılmış və yeni məzmunda ikinci abzas əlavə edilmiş, 8.14-cü bəndin birinci abzasında “beş bank günü ərzində” sözləri “bir ay müddətində” sözləri ilə əvəz edilmiş, ikinci və üçüncü abzasları çıxarılmışdır. Bundan öncə ödəniş 5 bank günü ərzində idi, 5 bank günü ərzində ödəmə olmadıqda 3 gün xəbərdarlıq kimi müəyyən olunmuşdu. Hal-hazırda o müddət 1 aydır. Borc olduğuna görə işığı xəbərdarlıq etmədən kəsənlərin qarşısına qanunla çıxın, dostlar” – Tamilla Qulami belə yazıb.

 

Tamilla Qulaminin bu yazısından sonra, “AAAF Park” qəhbərliyi onunla əlaqə saxlayaraq problemin qısa zamanda həll olunacağına söz veriblər. 

Dünən isə Tamilla Qulami “AAAF Park” rəhbərlii ilə görüşüb. Bu haqda o sosial şəbəkələrdə məlumat yayıb.

“AAAF rəhbərliyindən olan səlahiyyətli nümayəndələrlə görüşümüz oldu. Amma təəssüflər olsun ki, bir neçə gün öncə yazdığım şikayətlərin demək olar ki, heç biri təmin olunmayıb. Yaxın günlərdə də olacağı görünmür.

Qazanxana ancaq rəhbərliyin otaqlarını isidir. Bir də şəhərcikdəki məktəb və baxçanı. Təbii, məktəb və baxça müzakirə mövzusu ola bilməz.

Həmin qazanxanaya 21 saylı – bizim küçə də qoşuludur, amma sakinlərə gedən xətti bağlayıblar. Halbuki bu küçənin heç bir borcu yoxdur.

Bugünkü görüşdən sonra ümid edirəm ki, qaz sayğaclarına görə sakinlərin işıqlarını kəsməklə “cəzalandırmayacaqlar”. Çünki səlahiyyətli qurumlara da şikayət olunub, gözləyirik.

Qaz, su, işıq sayğaclarına görə pul istəyirlər, 772 manat. Halbuki evi alanda vətəndaş işıq və su sayğaclarına ödəniş edib. Çeklər də var. Qaz sayğacına pul istəyirlər, deyirik pulsuzdur. Nazirliyin də rəsmi sənədi var əlimizdə, təqdim etdik. İndi də deyirlər, smart sayğaclar quraşdırırlar, ona istəyirik. Hələ alınmamış bir şeyə görə sənədsiz-sübutsuz kim pul ödəyib görəsən? Bildiyiniz kimi AAAF’ın dövlətə ya harasa olan külli miqdarda olan borcu vətəndaşdan çıxarmaq istəyirlər. Pulu da ödəmədikləri təqdirdə soyuqların bu günü işıqları da söndürürdülər ki, bəlkə qanunsuz qoyduqları sayğac pulunu alsınlar. Tutar qatıq, tutmaz ayran… Utancvericidir sadəcə” – Tamilla Qulami belə yazıb.

“AAAF Park” rəhbərliyi ilə görüşdən təqribən 4 saat sonra, şirkət əməkdaşları qanunsuz olaraq Tamilla Qulaminin mənzilinin işıqlarını kəsiblər. Bu haqda ictimai fəal sosial şəbəkələrdə məlumat yayıb.

“”AAAF Park” işçiləri gəlib işığımızı kəsiblər. İstiliyi heç bir qanuni əsas gətirmədən zatən vermədiklərini yazmışdım. İşıq kəsiminə isə deyirlər ki, xüsusilə rəhbərliyin göstərişidir! Və mənim AAAF Parka heç bir borcum yoxdur. Özü də bu hadisə məhz rəhbərliklə görüşdən sonra baş verib.”

Baş verənlərlə bağlı “AAAF Park”ın mövqeyini dərc etməyə hazırıq.

Avropa.info

Related Articles

050-295-94-79
top