BAKIDA 3 UŞAQ ANASINA QARŞI HƏKİM AMANSIZLIĞI – “AYTƏN SƏFƏROVA SƏHVİNİ GİZLƏTMƏK ÜÇÜN ONU ÖLÜMLƏ ÜZ-ÜZƏ QOYDU…”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Bakı şəhər sakini 33 yaşlı Gülçin Nəsib qızı Aslanova bu ilin mayında “Caspian İnternational Hospital”da qeysəriyyə əməliyyatı ilə 3-cü övladını dünyaya gətirib, amma ailənin sevinci uzun sürməyib, qadının qarnı sürətlə şişib, şiddətli ağrıları başlayıb.  
Əməliyyatı aparan həkim-ginekoloq Aytən Səfərova Aslanovanı təkrar müayinə edib, qadına bağırsaq keçməzliyi diaqnozu qoyulub, müalicəyə başlanılıb. Ağrılar azalmadığından ailə başqa klinikaya müraciət edəndə bəlli olub ki, əməliyyat zamanı qadının sidik kisəsi deşilib, qarın boşluğuna maye yığılıb, üstəlik yanlış diaqnoz əsasında qəbul edilən dərmanlar da bir tərəfdən orqanizmə mənfi təsir göstərib.
Gülçin Aslanova virtualaz.org-a müraciət edərək başına gələnləri danışıb. Onun sözlərinə görə, son 5 ayda daha 2 ağır əməliyyat keçirib, amma hələ də tam sağalmayıb, keçirdiyi sarsıntılar nəticəsində körpəsinə qulluq edə, ana südü ilə qidalandıra bilmir.
“Həkim mənə əməliyyatdan sonra fəsad yarandığını söyləmədi, halbuki əvvəlcədən bilsəydim dərhal əməliyyat olunardım, bu qədər əzab-əziyyət çəkməzdim. Sonradan bildim ki, səhvini gizlətmək üçün müalicə adı ilə məni yubadırmış”, -Aslanova deyir.
Həkim Aytən Səfərova hər gün yerli telekanallarda reklam edilir, ekspert qismində şou-proqramlara dəvət olunur. Aslanova etiraf edir ki,  məhz buna görə də Səfərovaya inanıb.
Gülçinin həyat yoldaşı Ramil Aslanov isə deyir ki, sonuncu əməliyyat 4 saat çəkib, qarın boşluğundan 10 litrdən çox maye boşaldıblar. “Sözlə ifadə olunmayacaq qədər dəhşətli ağrıları vardı, nəfəs ala bilmirdi,  bütün bədəni şişmişdi. Həkimlər dedilər ki, bir qədər gec müraciət etsəydik  Gülçini xilas etmək mümkün olmayacaqdı. Ən ağrılısı isə odur ki, həkim  Aytən Səfərova əməliyyatdan sonra fəsad yarandığını bilib, amma gizlədib, 3 uşaq anasını amansızcasına ölümlə üz-üzə qoyub”, -Aslanov deyib.
Ramil Aslanov danışır ki, həyat yoldaşı keçirdiyi uğursuz əməliyyatdan sonra mənəvi və fiziki əzablar çəkdiyindən yeni doğulan körpəyə ana qayğısı göstərə bilmir: “Həyat yoldaşım həm sağlamlığından oldu, həm də  maddi ziyana düşdük. Bu müddət ərzində dəfələrlə müraciət etsək də, Aytən Səfərova reaksiya vermədi, əksinə köməkçisinin vasitəsi ilə xəbər göndərərək saymazyana bildirdi ki, hara istəsək şikayət edə bilərik, onun güvənə biləcəyi adamlar var. Yeganə istəyim odur ki, həkim cəzasız qalmasın, bizim aylarla çəkdiyimiz əzab-əziyyəti başqaları da yaşamasınlar”.

Related Articles

050-295-94-79
top