“KİLKİ” QUTUSUNDA QARA KÜRÜ – “OKEAN”IN ÜZƏ ÇIXARTDIĞI SƏSLİ-KÜYLÜ “BALIQ İŞİi”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 4
    Shares

SSRİ-nin “ticarət mafiyası” çevrəsində “Balıq işi” ən səsli-küylü hadisələrdən biri kimi yadda qalıb. Zəncirvari korrupsiyada yüksəkçinli məmurların adının hallanması DTK sədri Yuri Andropovu bu işə müdaxilə etməyə məcbur edib…

1970-ci illərin ortalarında SSRİ-nin balıq təsərrüfatı naziri Aleksandr İşkov İspaniyada işgüzar səfərdə olanda bu ölkənin ayrı-ayrı şəhərlərində fəaliyyət göstərən və yalnız dəniz məhsullarının satışı ilə məşğul olan mağazalar şəbəkəsi onun diqqətini çəkib. Moskvaya dönən kimi nazir bu təcrübənin SSRİ-də tətbiq olunması üçün əvvəlcə SSRİ Nazirlər Sovetinə, sonra isə birbaşa Leonid İliç Brejnevə müraciət edib. İşkovun təklifi bəyənilib, şəxsən Brejnevin göstərişi ilə məsələnin həllinə start verilib.

İlk olaraq paytaxt Moskvanın ayrı-ayrı rayonlarında eyni adda beş böyük “Okean” mağazaları fəaliyyətə başlayıb. Yaradılmış şəbəkələrin bütün avadanlıqları İspaniyadan gətirilib. Sovet adamlarında Avropa standartlarına uyğun olan belə mağazalar, sözsüz ki, olduqca xoş təəssürat yaradıb. Zaman-zaman şəbəkənin filialları ittifaq üzrə artırılıb. Gündən-günə populyarlıq qazanan “Okean” şəbəkəsinin fəaliyyətini və məhsuldarlığını artırmaq üçün Balıq Təssərrüfatı Nazirliyinin rəhbərliyi Nazirlər Sovetinin sədri Aleksey Kosıginə təklif-müraciət ünvanlayıblar. Müraciətdə göstərilib ki, “Okean” mağazalar şəbəkəsinin dəniz məhsulları ilə təmin olunması birbaşa özləri ilə aparılsın. Yəni, mağazaların məhsullarla təminatı bir neçə dövlət qurumunun üzərindən deyil, birbaşa “Okean”la dəniz məhsulları istehsalçılarının arasında aparılsın. Qısa müddətdən sonra Nazirlər Soveri müraciətə müsbət rəy verib. Bununla da “Okean” mağazalar şəbəkəsi “Okean” ticarət-istehsalat birliyi kimi fəaliyyətini davam etdirib və həm də rəsmi olaraq dəniz məhsullarının istehsalı ilə məşğul olmaq hüququ qazanıb.

Bu yöndə “Okean”ın fəaliyyəti daha da yaxşılaşıb, mağazalarda məhsul bolluğu müşahidə olunub. Ancaq 1979-cu ildə adi günlərin birində baş verən hadisə “Okean”ı sakit məcrasından çıxarıb.

Mağazanın daimi müştərilərindən biri olan vətən müharibəsi veteranı növbəti dəfə alış-veriş edərkən tomat sousunda olan konsevləşdirilmiş, dəmir qabda olan “Kilki” alıb. Evdə “Kilki”ni açarkən veteran təəcübündən az qala şoka düşüb. Dəmir qabdan balıq əvəzinə qara kürü çıxıb. Haram “tikə”yə göz dikməyən müharibə veteranı kürünü götürərək dərhal mağazaya qayıdıb. Amma mağazaya qayıdarkən, yaşadığı evdən “Okean”a qədər piyada gedən veteran qarşısına çıxan bütün tanışlarına şahidi olduğu hadisə haqqında hər şeyi olduğu kimi nəql edib. Artıq bir saatın içində həmin rayon ərazisində hadisə günün əsas mövzusuna çevrilib. Hətta bu qısa zaman kəsiyində veteranla bağlı lətifələr də yaranıb: “qara qızıllı veteran”, “toruna qızıl balıq düşən xoşbəxt”, “Okean”ın 37 qəpiklik qara kürüsü” və s.

Sözsüz ki, aralıqda dolaşan DTK agentləri də məsələdən hali olublar və bu haqda təcili olaraq yuxarılara məlumat ötürüblər. Yəqin ki, kilkinin əvəzinə dəmir qabdan başqa şey çıxsydı, məsələ o qədər də ciddiləşməzdi. Amma qara kürü məsələsi mütləq şəkildə Yuri Andropova məruzə edilməliydi.

Andropov əvvəl məsələnin çox səs-küyə düşməsinə imkan verməyib. Amma o bunu məqsədli edib ki, “Okean” öz fəaliyyətini davam etdirsin. Onun göstərişi ilə əvvəlcə 80, sonra isə 120 nəfər DTK əməkdaşı gizli olaraq “Okean”ın fəaliyyətini tam nəzarətə götürüblər.

Bir həftə keçməmiş DTK əməkdaşları “Okean” ticarət-istehsalat birliyinin rəhbəri Feldman və filial mağazalarından birinin direktoru Fişmanın tez-tez sosialist ölkələrinə getmələri haqqında məlumat əldə ediblər. Növbəti səfərlərin birində DTK zabitləri də onlarla birlikdə “yola çıxıblar”. Məxfi əməliyyat nəticəsində məlum olub ki, hər iki şəxs getdikləri ölkələrdə külli miqdarda rus rublunu xarici valyutalara dəyişirlər və qaçaqmalçılıq yolu ilə qərb ölkələrinə ötürürlər. Daha sonra o da məlum olub ki, qara kürü “kral”ları “kilki” etiketli dəmir qabların içərisində qara kürünü çox rahat bir şəkildə xaricə ötürməyə nail olublar. Və nəhayət, o da məlum olub ki, kifayət qədər zənginləşən bu şəxslər bütün var-dövlətlərini xaricə çıxara biliblər və son anda qaçmaqları üçün bütün tədbirləri görüblər. Bu cinayət əməllərini həyata keçirmək üçün onlar yüksək vəzifələrdə çalışan sərhəd xidməti və milis orqanlarının əməkdaşlarını yetərincə zənginləşdiriblər.

“Balıq işi”nin əsas fiqurlarından biri balıq təsərrüfatı nazirinin müavini Vladimir Rıtov olub. “Saxta sənədlər mütəxəssisi” sayılan Rıtovun əli ilə “Okean” mağazaları dəyəri milyonlarla ölçülən dəniz məhsulları ilə təchiz olunub və satışdan sonra bu pullar bir neçə nəfərin arasında bölüşdürülüb.

“Balıq işi” ilə bağlı 300 nəfərdən artıq şəxs həbs olunub. Onların arasında yüksək vəzifələrdə işləyənlərin adlarına da rast gəlinib. Üç nəfər, “Okean” ticarət-istehsalat birliyinin rəhbəri Feldman, “Okean”ın ən böyük mağazasının direktoru Fişman və balıq təsərrüfatı nazirinin müavini Vladimir Rıtov ən ağır çızaya, güllələnməyə məhkum ediliblər. Nazir müavini istintaqla yaxından əməkdaşlıq etsə də, ona güzəşt edilməyib. Vladimir Rıtovun güllələnmə cəzasına məhkum edilməsini çox böyük israr və təkidlə şəxsən Yuri Andropov tələb edib…(musavat)

Related Articles

050-295-94-79
top