“BANKLAR TƏHSİL KREDİTLƏRİNƏ ON GÖRƏ RAZILIQ VERMİR Kİ…” – TƏHSİL EKSPERTİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Vaxtilə təhsilimizə sərmayə qoyan iş adamlarımız olub, indi isə..”

Millət vəkili Vahid Əhmədov saytımıza açıqlamasında təhsil kreditləri ilə bağlı qanun layihəsinin qəbul edilməsinin vacibliyini vurğulayıb. V.Əhmədovun sözlərinə görə, belə bir qanun layihəsinin qəbul edilməsi, minlərlə gəncin təhsilinə yol aça, onları ali təhsilli mütəxəssislər kimi cəmiyyətə qazandıra bilər.

– Nadir müəlim, millət vəkili Vahid Əhmədov saytımıza açıqlmasında təhsil kreditləri ilə bağlı qanun layihəsinin qəbulunun vacibliyini vurğulayıb. Sizcə bu qanunun qəbulu nə dərəcədə zəruridir?

– Hər şeydən öncə onu deyim ki, Vahid Əhmədovun sadəcə bu təklifi deyil, digər təklifləri də diqqətəlayiqdir. O, ayrı-ayrı vaxtlarda hər zaman cəsarətli fikirlər səsləndirib. Biz onun xalqı, milləti düşünən fikirlər səsləndirməsinin şahidiyik. Bu, ilk belə hadisə deyil.

Təhsil krediti dəfələrlə gündəmə gəlib. Milli Məclisin gündəliyinə daxil olub.Əlbəttə ki, təhsil krediti çox vacib bir məsələdir. Bu məsələyə münasibət bildirən maliyyə naziri vurğuladı ki, banklar bu işdə maraqlı deyil. Burada diqqətə alınması gərəkən məqam fazi dərəcəsi ilə bağlıdır. Biz baloniya prosesinə qoşulmuşuq. Baloniya prosesində mühüm məqamlardan biri də təhsil krediti ilə bağlıdır. Burada 3, 5, ən yüksək halda isə 7%-lə kredit verilir. Bu kredit imkan verir ki, tələbə oxuduğu müddətdə öz çıxarlarını, xərclərini qarşılaya bilsin. Banklarımız isə hələ ki, bu məsələyə razılıq vermir. Bir neçə il öncə bu məsələ Milli Məclisdə müzakirə ediləndə Vahid Əhmədov da, Əli Məsimli bu təklifi müdafiə etdi. Ancaq banklar bu prosesin həyata keçməsinə imkan vermədi.

– Sizcə bankları bu məsələdə ən çox narahat edən nədir? Bankların bu təklifin reallaşmasına qarşı çıxmasının arxasında nə dayanır?

– Bizdə banklar 25-30%-lə kredit verir. 3-7%-lə kredit vermək istəmirlər. Bankların digər narahatlığı da var və əslində bankları da bir növ qınamalı deyil. Bu mənada ki, bankların da təminatı yoxdur ki, bu tələbə institutu bitirəcək, ya yox, işlə təmin olunacaq, yoxsa yox. Kredit ayrılan şəxs işlə təmin olunacaqmı? Bu krediti geri qaytara biləcəkmi? Bu kimi sullar bankları narahat edir.

Təhsil haqqında qanun çərçivə qanunu idi. Bununla bağlı belə bir fikir səsləndirildi ki, sahəvi qanunara qəbul edilsin. Elm haqqında, peşə təhsili haqqında, ali təhsil haqqında və s. Bunun da biri təhsil kreditləri haqqında qanundur. Sadaladığım səbəblərə görə, bu qanunun qəbulu gerçəkləşməyib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli əminliklə bildirdi ki, təhsil kreditləri ilə bağlı beynəlxalq təcrübə öyrənlir. Çox güman ki, gec-tez bu məsələyə qayıdılacaq.

– Təhsil kreditləri ilə bağlı qanunun qəbul edilməsi cəmiyyətə, dövlətə nə qazandıracaq?

– Bu, hər şeydən öncə bizə ali təhsilli mütəxəssislər, savadlı kadrlar qazandıracaq.Yüksək balla ali təhsil müəsisələrinə qəbul edilən minlərlə gənc var ki, onlar ödəniş səbəbi ilə şərəfli “tələbə” adından məhrum olurlar. Biz sosial yönümlü siyasət yürüdürk. Buna görə də ali təhsili hamı üçün əlçatan etməliyik. Biz bu kursu götürmüşük. Bu səbəbdən də məzunlara universitetlərin nəzdində hazırlıq kurslarında iştirak etmək şansı verilib. Neft kapitalını insan kapitalı ilə əvəzləmək bizim təhsil siyasətimizin məqsədini təşkil edir. Lakin ödənişlərin hamı üçün əlçatan olmaması onunla nəticələnir ki, bizim yüksək savada malik xeyli tələbəmiz təhsildən kənarda qalır.

Doğrudur, hazırda bu istiqamətdə müəyəyn işlər görülür. Maarifçilik Fondu yaradılıb. Bu fond müəyyən qədər tələbələrə bu sahədə kömək edir. Ancaq burada da bəzi çatışmazlıqlar var. Maarifçilik Fondunda ağır şərtlər var. Tutaq ki, birinci kurs tələbələrinə kredit verilmir. Müəyyən sənədlər, o cümlədən valideynlərin əmək haqları ilə bağlı sənədlər tələb olunur və s. Maarifşilik Fondunun yaradılması bu işə təkan versə də, heç də bütün tələbələr bu imkandan yararlana bilmir. Bununla belə hesab edirəm ki, bu məsələnin təkrar-təkrar gündəmə gətirilməsi bu prosesin sürətlənməsinə yardım edə bilər.

– Sizcə gənclərin ali təhsil almasına özəl sektor, xüsusilə də milli şirkətlər, holdinqlər, tanınmış iş adamları və s. də öz töhfəsini verməlidirmi? Xarici ölkələrin təcrübəsində iş adamlarının, şirkətlərin bu prosesdə hansısa formada iştirakı varmı?

– Dünya təcrübəsində ayrı-ayrı iş adamları, şirkətlər, imkanlı şəxslər bu məsələlərə dəstəkçidir. Bizdə isə bu məsələ hələ ki, öz həllini tapa bilmir. Halbuki, Azərbaycan tarixində bu, yeni məsələ hesab oluna bilməz. Bizim məşhur xeyriyyəçilərimiz olub. Tağıyevlər, Nağıyevlər məktəbər açıblar, xeyli gənci xaricdə oxudublar və s. Bu kimi nümunələr kifayət qədər çoxdur. Bizdə belə bir ənənə olub. Biz niyə bu ənənəni inkişaf etdirməyək? Hesab edirəm ki, bu ənənələrin bərpa olunmasına, yenidən yada salınmasına ehtiyac var.

Hər şeyi dövlətin üstünə atmaq doğru deyil. Sosial məsələlərə dövlət büdcəsindən ayrılan vəsait çoxaldıqca, bu məsələlər də tədricən öz həllini tapır. Lakin bizim iş adamlarımız, böyük şirkətlər də bu məsələyə öz töhfəsini verməlidir. Bu, qeyd etdiyim kimi, beynəlxalq təcrübədə də belədir və ölkəmizdə də bu məsələyə diqqət artırılmalıdır. (moderator.az)

Related Articles

050-295-94-79
top