SAKİNLƏR MTK SƏDRİNƏ ETİRAZ EDİR – 45 MİN MANAT PUL YIĞILIB, BİNAYA 1 MANAT DA XƏRCLƏMƏYİB

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

137 nömrəli Mənzil Tikinti Kooperativinin sədri Baba Əhmədov isə vəzifəsindən getmək istəmir: “İstəyir 200 səs toplayın, mən çıxan deyiləm”

Çoxmənzilli binaların idarə edilməsi ilə bağlı həmişə şikayətlər olub. Adətən yeni çoxmənzilli bina sakinləri MTK-ların çox kommunal haqqı yığmasından şikayət edir və onların özbaşnalıq etmələrindən gileylənirlər. Amma bu dəfə söhbət 1985-ci ildə təhvil verilmiş Nizami rayonu, Qara Qarayev küçəsi, 51/57 ünvanında yerləşən137 nömrəli Mənzil Tikinti Kooperativində baş verən qanunsuzluqlardan gedir.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2009-cu il oktyabrın 1-dən qüvvəyə minən Mənzil Məcəlləsi həm köhnə, həm yeni çoxmənzilli binalara şamil olunur. Bu qanun eləcə də Sovet dövründə tikilib, istifadəyə verilən kooperativ binalara da aiddir. 2009-cu ildə qəbul olunan qanuna görə, yeni və yaxud köhnə çoxmənzilli binalarda mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri yaradılmalıdırsa, Sovet dövründə tikilən kooperativ binalarda bu cəmiyyətlər bina təhvil veriləndən yaranıb. Çünki həmin kooperativ binalar əvvəldən sakinlərin öz vəsaitləri hesabına tikilib, bina təhvil verildikdə isə binanın idarə edilməsi üçün sakinlər özləri iclas çağırıb, Mənzil Tikinti Kooperativinə sədr seçiblər. Əslində, bu, o dövr üçün bir yenilik idi. Lakin bu yenilik özünü doğruldubmu, bunu həmin dövrdə tikilib, istifadəyə verilən bütün kooperativlər haqqında demək olmaz. Ona görə ki, əldə etdiyimiz məlumata görə, yuxarıda qeyd etdiymiz ünvanda 137 nömrəli Mənzil Tikinti Kooperativinin sədri Əhmədov Baba Sirac oğlu sakinlərin canını boğazına yığıb.

“3 ilə yaxın müddətdə 1 dəfə iclas olmayıb”

Məlumata görə, 12 blokdan ibarət 204 mənzilli binadan ibarət MKT-yə Baba Əhmədov 2015-ci il ilin dekabrın ayından sədrlik edir. Bildirilir ki, həmin vaxt B.Əhmədov MTK-ya sədr seçilsə də, iclasa çox adam gəlməyib. Bu haqda məlumat verən sakinlərin sözlərinə görə, buna səbəb onun sədr seçilməsinə etiraz etmələri olub: “İclasa cəmi 15-18 nəfər gəlmişdi. Əslində, 204 mənzildən 105 mənzil sahibi ona səs verməli idi. Amma bizim binada elə sakin var ki, 2-3 evi var. Ona görə, binada yaşayanların çoxu kirayəçidir. Heç olmasa sədr seçkisində iclasda 50 nəfər olmalı idi. Seçkidə bina sakinləri gəlmədi, amma problem olanda hamı danışır. Ancaq iclasa gələn yoxdur. Düzdür, iclas da olmur. Əslində, ildə bir neçə dəfə olmalıdır. Baba Əjmədov sədr seçiləndən sonra pratokolda yazılıb ki, iki ayda bir dəfə iclas olmalıdır, binanın problemləri müzakirə edilməlidir. Amma təxmini 3 ilə qədər vaxt keçib, 1 dəfə iclas olmayıb”.

“O obyektlərdən gələn gəlir binaya sərf olunmur”

Baba Əhmədovdan narazılıq edən sakinlər bildirir: “Hamı bilir ki, o, düzgün işləmir. O, pul yığıb, binaya istilik sistemi çəkmişdi. Amma camaat çoxu narazı qalmışdı. Çünki başdansovdu iş görmüşdü.

O, sədr seçiləndən, nə istəyir, onu da edir. Binanın altında obyektlər var. Bir müddət əvvəl yeni “playstation” yeri də açılıb. Amma bu obyektlərin nə qədəri bizə aiddir, kimdən nə qədər icarə haqqı alınır və hara xərclənir, bilmirik. “Playstation” olan yer nasosxana idi. 2015-ci ilin noyabrında bağlanmışdı. Babadan öncə sədr olan Rauf müəllim ona 3 motor təhvil verdi. Ondan sonra bu motorlar itib, indi də “playstation” açılıb.

Dediyimi kimi, obyektlərdən gələn gəlir binaya sərf olunmur. O, heç kimə hesabat vermir. Heç bir iş də görmür. Blokda yanan lampanı belə, sakinlər dəyişirlər”.

“Bizim MTK-ya yeni nizamnamə yazılmalıdır”

Bina sakinləri onu da nəzərə çatdırdı ki, nasosxanada olan 3 motorun itməsi ilə bağlı məhkəməyə müraciət ediblər: “Babanın özü də deyib ki, motorlar itib. Məsələ ilə bağlı iş gedir. Biz 52 nəfərdən səs toplamışıq ki, Baba müəllimdən narazıyıq, sədrlikdən azad olunsun. Ancaq o, bizə deyir ki, istəyir 200 səs toplayın, mən çıxan deyiləm. Deyir ki, mən məhkəmədə işi bağlayaram, mənim adamım var.

Ümumiyyətlə, bizim MTK-ya yeni nizamnamə yazılmalıdır. Nizamnaməyə görə, 4 nəfər işçi var. Sədr, mühasib, xadimə, lifçi. Hər mənzildən ayda 7 manat, ildə 84 manat yığılır. Otaqların sayının az-çox olmasının fərqi yoxdur. Ona görə ki, çoxusu evi alıb, kirayə verib. Qeydiyyatda heç kəs yoxdur, amma kirayəçilər 5 nəfər yaşayır. İl ərzində yığılan pul 17 min manatdan çox edir. Bir də ki, indi binanın xərci azalıb, əvvəl zibilə görə 300 manat ödənilib, indi 200 manat ödənilir. Bloklarda yanan işıq və liftin işləməsinə görə işıq pulu 200 manatdan çox olmur. Əvvəl 300 manatdan çox olurdu. 4 işçinin hər birinin maaşı isə 120 manatdır. Yəni ayda cəmi 480 manat da işçilərə maaş verilir. 130 manat da vergilərə ödənilir”.

“Borcların ödənilməsi ilə bağlı qəbzlər var”

Məlumata görə, Baba Əhmədov MTK-ya sədr seçiləndən bəri binada heç bir təmir işi aparılmayıb, lift dəyişməyib: “Rauf müəllimin vaxtında bir müddət cammat aylıq ödəniş etmədilər. Ona görə, bir az işığa, məişət tullantısına görə borc yığılmışdı. Sonra camaat pulu verdi, hamısı ödənildi. Baba sədr keçəndə MTK-nın balansında 11 min manat pul olub. O, çox deyə bilər ki, bu qədər borc var idi. Borcların ödənilməsi ilə bağlı qəbzlər var. O, 2016-c ilin sentyabrın 26-da sakinlərdən pul yığmağa başladı. 2017/18-ci illərdə hər il 17 min pul yığıb, yəni 34 min manat, üstəgəl 11 min manat da balansda qalmışdı. Onun sədr olduğu müddət ərzində 45 min pul yığılıb. 45 min manatdan heç işçilərin maaşlarını da vaxtında normal verməyib. Hətta elə sakinlər var ki, ödəniş edib, onlara deyib ki, sizin borcunuz var”.

“Aylıq kommunal pulundan əlavə, binada problem olanda da pul yığırdı”

Sakinlərdən digəri də vurğuladı ki, Baba müəllimin sədr olduğu 3 il ərzində bina üçün heç bir vəsait xərclənməyib: “10, 11, 12-ci blokda kanalizasiya problemi var idi. “Podval” suyun içində idi. Baba müəllim həmin blokda yaşayan sakinlərdən hər mənzildən 25 manat pul yığıb. Bir də orada dükan var, ondan 400 manat alıb. Yığılan 1600 manatla problemi həll etməyib. Deyib ki, təzədən pul yığmaq lazımdır.

Yəni aylıq kommunal pulundan əlavə, binada problem olanda da pul yığırdı. 4-ci, 5-ci blokda heç vaxt kanalizasiya boruları oğurlanmamışdı, amma onun vaxtında kəsib doğrayıb, apardılar. Təzədən həmin bloklarda hər mənzildən 10 manat pul yığıb, plastmas borularla kanalizasiya sistemini təzələyib”.

MTK sədrinin binanı idarə etməsindən narazı olan sakinlər Baba Əhmədovun oğlunun atasından narazılıq edən sakinlərə hədə-qorxu gəldiyini də bildirdilər: “Baba Əhmədovun özü deyib ki, 40 nəfər səs versə, mən çıxacağam. Amma camaata təzyiq edir. Oğlu sakinlərə zəng edib, deyir ki, mənim atam sizə neynəyib, niyə qol çəkmisiniz?”

Əslində, Sovet dövründə yaradılan Mənzil Tikinti Kooperativlərində mülkiyyətçilərin hüquqlarını bilməməsi məsələni bu həddə gətirib çıxarıb. Mənzil Məcəlləsinin125-ci maddəsinin 1-ci bəndinə görə, Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır. Həmin vaxtı yaradılan Mənzil Tikinti Kooperativlərinin də ümumi yığıncağı kooperativin ali idarəetmə orqanı olmalıdır ki, Nizami rayonu, Q.Qarayev küçəsində yerləşən137 nömrəli Mənzil Tikinti Kooperativinin sədri Baba Əhmədov kimilər də sakinlərin başına istədiyi oyunu açmasın. O baxımdan, Sovet dövrü yaradılmış kooperativlərin nizamnamələri də yeni Mənzil Məcəlləsinə uyğun işlənib, hazırlanmalıdır. Yəni ümumi yığıncaq kooperativin ali idarəetmə orqanı olduğu halda, sədr çox mənzilli binanın idarə etməsində deyildiyi kimi özbaşnalığla yol verə bilməzdi. Çünki Məcəlləyə görə, Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı çox mənzilli binaların bütün problemlərini həll edə bilər. Cəmiyyətin nizamnaməsinə dəyişikliklər edə, yenidən təşkili və ləğv edilməsi haqqında qərar qəbul edə, idarə heyətini və təftiş komissiyasını seçə, üzvlərin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edə, binanın ümumi əmlakının və avadanlığının bərpası və təmiri fondunu yarada, təsərrüfat fəaliyyətindən əldə edilən gəlirin istifadə istiqamətlərini müəyyən edə, o cümlədən cəmiyyətin maliyyə fəaliyyəti haqqında illik planı və bu planın icrası haqqında hesabatı təsdiq edə bilər. Çox mənzilli binalarda mənzil sahiblərinin Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ümumi yığıncağın cəmiyyətin ali idarəetmə orqanı seçilməsi kimi məsələlərdən xəbərsiz olması bu gün ölkədə ciddi problem yaradır. Axı, mənzil sahibləri tərəfindən MTK-ya sədr seçilən B. Əhmədov necə deyə bilər ki, “istəyir 200 səs toplayın, mən çıxan deyiləm”. Ona görə də hər bir mənzil sahibi Azərbaycan Respublikasının Mənzil Məcəlləsini nəzərdən keçirməli və hüquq çərçivəsində addım atmalıdır ki, belə MTK rəhbərləri özbaşnalığa yol verə bilməsin. Qanuna görə, Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı idarə heyəti sədrinin təqdimatını verirsə, idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququ varsa, sədr kimdir, desin ki, “mən çıxan deyiləm”. Dövlət idarəsi deyil ki, deyəsən, burada saxta seçkidən söhbət gedir. Sədrə nəsə demək olmaz. Əslində, hər bir mənzil sahibi mülkiyyətçi kimi həmin cəmiyyətin sədri ola bilər. Sadəcə, bunun üçün çoxmənzilli bina sakinlərinin 50 faizdən çox səsi lazımdır. Halbuki, adı keçən binada B. Əhmədov yetərsay olmadan sədr seçilib. Bunun özü belə, qanunsuzluqdır. Bu halda isə sakinlərin passivliyi, binanın idarəedilməsinə laqeyd yanaşması binanın babayevlərə yem olmasına səbəb olur.

Mənzil Məcəlləsinin 131-ci maddəsinin 1-ci bəndinə görə, Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mülkiyyətində daşınar, habelə çoxmənzilli binanın daxilində və ya onun kənarında yerləşən daşınmaz əmlak ola bilər. 132-ci maddənin 3-cü bəndinə görə isə Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının qərarı ilə cəmiyyətin təsərrüfat fəaliyyətindən əldə edilən gəlir ümumi xərclərin ödənilməsi üçün istifadə edilir və ya nizamnamə ilə nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilən xüsusi fonda köçürülür. B. Əhmədov kimi MTK sədrləri isə çox mənzilli binaların daşınar, və yaxud onun daxilində yerləşən daşınmaz əmlakın gəlirlərini nəinki xüsusi fonda köçürür, öz cibinə ötürür. Bunu əldə olunan məlumatlar sübut edir.

Hurriyyet.org

P.S. Növbəti sayımızda sözügedən problemlə bağlı Baba Əhmədovun və rəsmi qurumların mövqelərini öyrənməyə çalışacağıq.

Xalqxeber.az

Related Articles

050-295-94-79
top