“BİLƏCƏRİ TƏMİR-QURAŞDIRMA ”QTSC-NİN BORULARIN “CƏNNƏT PARK” MTK-YA VERİLİR? BÖYÜK MÜƏMMA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakıda 2 milyon manatlıq boru ətrafında əhvalat lap dolaşdı…
Bakıda üç biznes subyekti arasında 2 milyon manat dəyərində dəmir borulara görə iki ildir davam edən çox dolaşıq əhvalat yeni məcraya daxil olub. Virtualaz.org xəbər verir ki, Bakı İnzibati İqtisad Məhkəməsinin çıxardığı, Ali Məhkəmənin qüvvədə saxladığı və hətta Konstitusiya Məhkəməsinin dəstəklədiyi hökmlə “Biləcəri Təmir-Quraşdırma” Qapalı Tipli Səhmdar Cəmiyyətinin mülkiyyətinə verilmiş həmin boruları ikinci iddiaçıya-“Cənnət Park” MTK-ya vermək üçün məhkəmə icraçıları yeni fənd işə salıblar.

“Biləcəri Təmir-Quraşdırma” QTSC-nin idarə heyətinin rəhbəri Nazim Tahirovun bildirdiyinə görə, məhkəmə icraçıları bu dəfə boruları “mühafizə olunan əraziyə daşımaq” adı altında 2016-cı ildən bəri saxlanıldığı, mühafizə olunan ərazidən daşıyıb aparmağa hazırlaşır. Çox güman ki, borular “mühafizə olunan ərazi” adı altında elə “Cənnət Park” MTK-nın nəzarəti altında olan əraziyə aparılacaq.

Virtualaz.org bu dolaşıq əhvalatla bağlı artıq oxucuları məlumatlandırıb. Əhvalatın qısa məzmunu belədir ki, “Biləcəri Təmir-Quraşdırma” QTSC 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestinə satdığı boruların pulunu ala bilməyib. Nəticədə Trestin QTSC-yə 8 milyon manat borcu yaranıb. “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin iddiası əsasında Bakı İnzibati-İqtisad Məhkəməsinin hakimi Aida Hüseyn Trestə məxsus 2 milyon manatlıq borunun borcun bir qisminin əvəzində iddiaçının mülkiyyətinə verilməsi haqda qərar çıxarıb. Lakin bu dəfə ortaya yeni şirkət-“Cənnət Park” MTK çıxıb və boruların əslində 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Tresti tərəfindən borcun əvəzində onlara verildiyini bildirib. Beləliklə, məhkəmə mübahisəsi başlayıb.

İş Ali Məhkəməyə qədər gedib çıxıb, bu məhkəmə instansiyası hökmü qüvvədə saxlayıb. “Cənnət Park” MTK-nın Konstitusiya Məhkəməsinə hökmdən şikayəti qəbul edilməyib. Lakin bu şirkət təzədən Bakı İnzibati-İqtisad Məhkəməsində iddia qaldırarıb. Həmin hakim-Aida Hüseyn işə baxıb və 3 il əvvəl çıxardığı hökmü bir kənara ataraq bu dəfə boruların “Cənnət Park” MTK-ya verilməsinə dair qərar çıxarıb. İşə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi və onun rəisi Nurəddin Mustafayev də qarışıb. “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin rəhbəri iddia edir ki, Mustafayevin və onun məhkəmə icraçılarının bu işdə öz marağı var, onlar boruların “Cənnət Park” MTK-ya verilməsi üçün xüsusi canfəşanlıq edirlər, qanunlara, əvvəl çıxarılan məhkəmə hökmlərinə məhəl qoymurlar.

Ümumiyyətlə, əhvalat uzun və dolaşıqdır. İndi isə belə məlum olur ki, Qaradağ rayon İcra və Probasiya Şöbəsi rayon polis şöbəsinin rəisinə, surəti 2 milyon manatlıq boruya görə çəkişən tərəflərə olmaqla, məktub göndərib. Məktubda deyilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2 oktyabr 2018-ci il tarixli hökmünə əsasən cavabdeh tərəfin (“Biləcəri Təmir-Quraşdırma” QTSC) Qaradağ rayonundakı ərazidə yerləşdirdiyi 1614 ədəd borular üzərində hər hansı hərəkət qadağan edilməli, habelə həmin borular daşınaraq mühafizə olunan əraziyə yerləşdirilməlidir.

İlk baxışdan məktubda hər şey normal görünür-bir halda ki, mübahisə predmeti olan əmtəə barədə məhkəmə çəkişməsi gedir, o zaman onların satılması, bağışlanması və s. qadağan olunmalıdır. O cümlədən əmtəə mühafizə olunan əraziyə yerləşdirilməlidir.

Lakin redaksiyamıza təqdim edilən digər rəsmi sənəddə-bu dəfə Binəqədi rayon İcra və Probasiya Şöbəsinin rəsmi məktubunda göstərilir ki, borular əslində məhkəmə icraçıları tərəfindən hələ 2016-cı ildən mühafizə olunan əraziyə yerləşdirilib. Yəni boruların hazırda saxlanıldığı ərazi elə mühafizə olunan ərazidir, bu ərazini seçən və boruların ora yerləşdirilməsini təmin edən də elə məhkəmə icraçılarıdır.
Beləliklə, Binəqədi rayon İcra və Probasiya şöbəsinin rəisi Araz Hüseynovun 2016-cı il sentyabrın 8-də Gündoğan Yuliya Gennadiyevna adlı vətəndaşa ünvanlandığı rəsmi məktub. Məktubda xahiş edilir ki, mübahisə predmeti olan boruların yerləşdirilməsi üçün boş əraziyə ehtiyac var və həmin boruların Yuliya Gündoğana məxsus olan (Xocasən qəsəbəsində) boş əraziyə yerləşdirilməsinə icazə verilsin. Cavab məktubunda Yuliya Gündoğan boruların ona məxsus boş ərazidə yerləşdirilməsinə razılıq verir. Və borular həmin əraziyə yığılır. Hansı ki, 2017-ci ildə iş üzrə hökmü Ali Məhkəmə qüvvədə saxlayandan sonra Qaradağ rayon polis idarəsinin rəisi “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin rəhbəri Nazim Tahirovu rəsmi məktubla məlumatlandırırdı ki, artıq boruların üzərinə qoyulan həbs götürülüb və mülkiyyətçi boruları götürüb apara bilər…

O zaman Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin iki yerli strukturunun 2016-cı ildə və indi hazırladıqları sənədlər arasında bu ziddiyyəti necə izah edəsən? Borular elə mühafizə olunan ərazidədirsə onu təzədən daşıyıb başqa “mühafizə olunan əraziyə” yerləşdirmək nəyə lazımdır? Yaxud yeni “mühafizə olunan ərazi” harada yerləşir və kimə məxsusdur?

Məsələ doğrudan da dolaşıqdır və “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin boruların əslində “Cənnət Park” MTK-ya daşınacağı barədə şübhələri yersiz görünmür…

Related Articles

050-295-94-79
top