DƏNİZ AGENTLİYİNİN DİREKTOR MÜAVİNİ OĞLUNUN RÜSVAYÇI İŞİNƏ GÖRƏ BƏLADA -REZONANS…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakı Gəmiqayırma Zavodunda skandal yaşanır. Zavodun adı yazılan lövhədən “g” hərfinin düşməsi və “əmiqayırma zavodu” fotosunun çəkilərək yayılması aranı qatıb

Cahan.info xəbər verir ki, bu məzəli işi görən və aləmi qarışdıran, sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olan şəxsin kimliyi üzə çıxıb.

Bu haqda musavat.com yazıb ki, fotonu çəkən Hikmət Məmmədov Dövlət Dəniz Agentliyinin direktor müavini Şahlar Məmmədovun oğludur.

Ş.Məmmədov 2006-cı ildən Dövlət Dəniz Administrasiyasının rəis müavini vəzifəsinə təyin edilib. Sonra administrasiya Dövlət Dəniz Agentliyinə çevrilib. İndi də direktor müavini kimi fəaliyyətdədir.

Beş gün əvvəl Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib. Çox çəkməyib ki, oğlu onu pis vəziyyətə salıb.

Zavodun yaydığı məlumatda deyilir ki, əməkdaşlar tərəfindən zavodun adı qeyd edilən lövhədə bəzi hərflər təmir məqsədilə çıxarılan zaman foto çəkilib.

Bu da rezonansa səbəb olub. Hərflər bərpa edilməsi məqsədi ilə çıxarılaraq boya sahəsinə aparılıb. Elə həmin gün, saat 16:40 radələrində qeyd edilən təmir işləri başa çatdırılaraq hərflər yerinə bərkidilib.

Təmir edilən gəmilərdən birinin əməkdaşları, ikinci köməkçi Məmmədov Hikmət və bosman Babayev Elşad yuxarıda qeyd edilən vaxt əsnasında, daha dəqiq desək saat 16:13 radələrində bu lövhəni görüb və şəklini çəkərək paylaşıblar.

Zavod ərazisində foto və video çəkilişləri xüsusi icazə olmadan aparıla bilməz və qəti şəkildə qadağandır. Amma deyilənə görə Dövlət Dəniz Agentliyinin direktor müavini Şahlar Məmmədovun oğlu hərfin biri təmirdə olan zaman şəkli çəkərək biabırçılığa imza atıb.

Cahan.info xəbər verir ki, Ş.Məmmədov oğlu Hikmətin hərəkətinə görə başı dərdə girib. Hətta məsələnin sosial mediadan və elektron KİV-dən yığışdırılmasına cəhd göstərilib. Lakin sürətlə feysbukda yayılan şəkil həm məmurun, həm zavodun reputasiyasına ciddi zərbə vurmaqdadır.

Məlumatlara görə, agentliyin direktoru Qüdrət Qurbanov Şahlar Məmmədova irad bildirib və oğlunun uşaq hərəkətini ayıb hesab edib.

Bu qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında yaradılıb. Əvvəl isə müstəqil şəkildə Dövlət Dəniz Administrasiyası olaraq fəaliyyət göstərib. Həmin strukturda Q.Qurbanovun fəaliyyəti haqda çoxsaylı neqativ məlumatlar yayılıb.

Məsələn, bir müddət əvvəl Qəmbər Səfərov adlı vətəndaşa məxsus “Yunıy moryak” adlı gəminin oğurlanması ilə bağlı yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, bu məsələ ətrafında ciddi qanun pozuntularına yol vermiş tərəf, məhz ARDDA-nın rəisi Qüdrət Qurbanov olmuşdur.

Hətta məhkəmə sənədlərində də təsdiq edilmişdi ki, Dəniz Administrasiyası heç bir hüquqi əsas olmadan və müvafiq sənəd təqdim edilmədən qanunsuz olaraq, gəminin qeydiyyatını rəsmiləşdirib və başqa birinə mülkiyyət hüququ barədə sənəd verib.

Başqa məlumatda Qüdrət Qurbanovun “Azimport” şirkətinin keçmiş rəhbəri Rəşad Məmmədova 600 min manat pul verərək, onun əli ilə Səbail rayonu, Xanlar küçəsi 1 ünvanında yerləşən, ayrı-ayrı vətəndaşlara məxsus bir neçə qarajın qanunsuz olaraq sökülməsi faktından bəhs olunmuşdu.

Məlumdur ki, bu və daha bir neçə oxşar insidentlər vətəndaşların daha çox mülkiyyət hüquqlarının ciddi şəkildə pozulması və onlara külli-miqdarda maddi ziyan vurulaması halları ilə müşayiət olunmuşdu.

Q.Qurbanovun oğlu Orxan Qurbanov da medianın gündəminə gəlmişdi. Orxan Qurbanov MTN-də işlədiyi vaxt, atasının Eldar Mahmudovla dostluq münasibətləri ona heç işə getməyə də “imkan vermirdi”

Artıq bir neçə aydır ki, sabiq MTN başçısı Eldar Mahmudovun müxtəlif adamlarla əlaqələri haqqında ölkə mətbuatında fərqli-fərqli yazılar dərc olunur.

Bəzən, bu “əlaqələr”də hətta dəxlisiz şəxslərin adları hallanır. Oxucularda sual yarana bilər ki, Eldar Mahmudovu jurnalistlər daha kimlərə dost edib bağlamadılar?!

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Related Articles

050-295-94-79
top