AAK HƏRƏKƏTƏ KEÇİB, “COPY- AST” ALİMLƏR ARAŞTIRILIR- Plagiat alim elmimizə, İQTİSADİYYATIMIZA, MƏNƏVİYYATIMIZA VƏ GƏLƏCƏYİMİZƏ …

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Son illər ölkəmizdə elm sahəsində baş verənlər , xüsusilə elmi dərəcələrin verilməsi məsələsi ən yüksək səviyyələrdə müzakirə edilməkdədir.
Ən böyük problemlərdən biri də yalançı alimlərin auditoriyalara ayaq açmaları, önəmli dərsləri mənasız söhbətlərlə başa vurmaları,dünyada gedən texnoloji naliyyətlərə öz töhvələrini verməmələridir. Hər bir yalançı, plagiat alim elmimizə, iqtisadiyyatımıza, mənəviyyatımıza və gələcəyimizə zərbə vurmaqla məşğuldur. Azərbaycanın elm, təhsil və iqtisadi həyatına ən böyük xəyanəti də məhz “Copy- Past” alimlər və onlara bu dərəcəni müəyyən “haqq” müqabilində hədiyyə verənlər edirlər.Son aylar Ali Attestasiya Komissiyasında baş verənlər,mövcud özbaşnalıqlara AAK-ın şura üzvlərinin narazılıq etməsi vurğuladıqlarımıza əyani sübutdur.Əgər, bunun qarşısı alınmazsa,yaxın gələcəkdə hər 10 şəxsdən biri alim adını daşıyacaq.

“Faktinfo.az” olaraq məsələnin kifayət qədər ciddi və ağrılı olduğunu nəzərə alıb, problemi növbəti dəfə medianın gündəminə daşımaq qərarına gəldik. Bu problemin kökünü tapıb, həll yollarını göstərmək üçün tarix elmləri üzrə fəlsəfə doktoru ,tanınmış təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. O, Faktinfo.az-a açıqlamasında qeyd etdi ki, hazırda çoxlu sayda bilikli, savadlı insanlar var ki, alimlik dərəcəsi ala bilmirlər. Onun sözlərinə görə, həmin şəxslər illərlə Milli Elmlər Akademiyasının yollarında, institutlarında süründürülürlər:

” Nəyə görə? Axı kənardan izləyən hər bir normal vətəndaş bilir ki, savadlı insan, biliyinə güvənən alim rüşvət verməz. Buna görə də bilik səviyyəsi yüksək olan çox elmi işçilərimiz elmi dərəcə ala bilmir. Lakin təzada baxın ki, çoxlarının biliyinə şübhə etdiyi, açıq-aşkar hətta “primitiv savadı olan biridir” deyə münasibət bildirdiyi insan alimlik dərəcəsi ala bilir.

Hələ Sovet dövründən Elmlər Akademiyasının ayrıca bir quruma çevrilib təhsildən uzaqlaşması elm və təhsilin vəhdətini pozmuş, xüsusilə gənclərin elmi proseslərə qoşulmasına sədd çəkmişdir.Təəssüf ki, ölkəmizdə bu məsələ olduqca yarıtmaz vəziyyətdədir. Tələbələrin yazmalı olduğu kurs və buraxılış işlərinin, magistr dissertasiyalarının onlara satılması hamının bildiyi bir faktdır”.

Ekspert hesab edir ki, elmimiz qarşısında duran əsas problemlərdən biri dissertasiya mövzularının düzgün seçilməməsi ilə bağlıdır: ”

Elmi əsərlərin yeniliyinin düzgün anlaşılmaması bir çox hallarda elmi tədqiqat əvəzinə ortaya tərtibat və tərcümə əsərlərinin çıxması və bu əsərlərin də dissertasiya kimi müdafiə edilməsi ilə sonunclanır. Bəzən dəfələrlə işlənmiş mövzular yeni ad altında təqdim olunur, dissertant elmə heç bir yenilik gətirmədən deyilən fikirləri təkrarlayır. Təəssüflər olsun ki, bu cür dissertasiyalar bəzən heç bir çətinliklə üzləşmədən uğurla “müdafiə edilir”. Bu yerdə məşhur bir deyim yada düşür: “İstedadlara yol verin, istedadsızlar özləri özlərinə yol açacaqlar”.

K.Əsədov diqqətə çatdırıb ki, Azərbaycan elmində, xüsusilə humanitar sahədə “bu mövzu Rusiyada,Ukrayna və yaxud ərəb ölkələrində işlənib, Azərbaycanda isə işlənməyib” arqumenti hökm sürür. Nəticədə dissertasiya işi elə həmin əsərlərin tərcüməsinə çevrilir. Artıq hər kəsin regionda gedən elmi prosesləri izləmək şansının olduğu bir zamanda bu problem birdəfəlik həll olunmalı, Azərbaycan üçün yenilik anlamı dünya səviyyəsində yenilik gətirmə tələbatı ilə nəticələnməlidir:

“Bu tələbat elmimizə xas digər bir bəlanı, plagiat azarını da cilovlayar. Bəzən nəinki xaricdə yaşayan alimlərin əsərləri oğurlanır, hətta bir institutda, bir şöbədə, bir kafedrada işləyənlərin öz həmkarlarının zəhmətinin məhsuluna yiyələnməsi də baş verir. Eləcə də dünyasını dəyişmiş alimlərin haqqı da layiqincə qorunmur. Buna görə də, müəllif haqları məsələsi bir daha gündəmə gəlməli, plagiatla məşğul olanlar sərt bir şəkildə cəzalanmalıdır.

Məsələ burasındadır ki, plagiatla məşğul olan başabəla alimlər özlərini sığortalamaq üçün bəzən nüfuzlu əxsləri özlərinə həmmüəllif olmağa razı sala bilirlər. Bununla da onlar oğurluqlarının üstünün açılmasının qarşısını alır, digər tərəfdən isə başqasının zəhməti hesabına özlərinə arxa, himayədar qazanırlar. Halbuki dünya praktikasında həmmüəlliflər tərəfindən yazılan əsərlərdə hər bir kəsin yazdığı fəsil, bölmə ayrıca göstərilir”.

Ekspert onu da vurğuladı ki, başqa bir müəllifin adını göstərmədən onun elmi işindən, monoqrafiyasından istifadə edib özününkü kimi təqdim etmək elmi etikaya tamamilə ziddir:

” Danılmazdır ki, bu gün yüksək vəzifə tutan kifayət qədər elmi dərəcəsi olan rektorlar,institut direktorları var. Amma onlar arasıında elmi tədqiqat işindən xəbəri olmayanlar da az deyil. Bu elmin inkişafına təkan verə bilməz, bu yolla Azərbaycan elmi nüfuz qazanması mümkün deyil. Hər il isə saxta elmi işlər ,elmi ad alanlar üçün dövlət büdcəsindən külli miqdarda vəsait sərf olunur. Halbuki , sərf olunan vəsait düzgün istiqamətə yönəlsə, Azərbaycan elmi dünyanın ən nüfuzlu, etibarlı tərəfdaşı ola bilər. Lakin bu gün plagiat alimlərimiz ucbatından Azərbaycan elmi dünyada ciddi qəbul edilmir”.

Qeyd edək ki, bir az əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında yol verilən özbaşınalıqlar, qanunları saymamazlıq haqqında AAK-ın iqtisadiyyat elmləri üzrə Ekspert Şurasının 5 üzvü ölkə başçısı İlham Əliyevə məktubla müraciət edərək mövcud vəziyyətin sağlamlaşdırılmasını istədilər.Onlar mərhum akademik Arif Mehdiyevin sədr olduğu dövrdə 2 dəfə Ekspert Şurasında imtina olunmuş işlərin Vəli Hüseynov tərəfindən yenidən müzakirəyə çıxarılmasını, Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz, savadsız işlərə müsbət rəy yazdırmasına qədər bütün mətləbləri açıqladılar (halbuki 2 dəfə imtina olunmuş işlərə baxmaq olmaz). Ekspert Şurasının 5 üzvü bu faktın araşdırılması xeyli neqativ halların ortaya çıxmasına səbəb ola biləcəyini açıq şəkildə dilə gətirdilər.Sitat: 2 iyul 2018-ci il tarixdə Ekspert Şurasının iclasında iddiaçı Əliyev Ruslan Yusif oğlunun (SOCAR-ın “Azəriqaz” İB Baş direktorunun satış üzrə müavini) “Azərbaycanda mənzil sferasının inkişafının təşkilatı-iqtisadi problemləri” mövzusunda elmlər doktoru elmi dərəcəsi alması üçün təqdim edilmiş dissertasiya işi müzakirəyə çıxarılıb. Bu dissertasiya işinə Ekspert Şurasının 25 iyun 2018-ci il tarixli iclasında rəy yazmaq, ekspert, professor Ədalət Əliyevə tapşırılmışdı.

Lakin sonradan Vəli Hüseynovun təkidi ilə dissertasiya işinə rəy vermək hansı səbəbdənsə ekspert Şəfa Əliyevə tapşırıldı və bu da iclasda verilən kollegial qərara hörmətsizlik və qanun pozuntusu idi. Dissertasiya işinin 2017-ci ilin son aylarında təsdiq olunması ilə yazılmasının arasında isə cəmi 7 ay vaxt çəkib”.
Vəli Hüseynov isə 7 aya yazılan işi müzakirəyə çıxarıb. Bundan başqa, Əsasnaməyə görə doktorluq işləri üçün iddiaçının AAK-ın tələb etdiyi nəşrlərdə 20 məqaləsi çap olunmalıdır. Ruslan Əliyevin isə cəmi 15 məqaləsi olub.

Eləcə də, Ekspert Şurasının 5 üzvü bəzi “vacib” adamların doktorluq dissertasiyalarının təsdiq tarixlərinə də diqqət çəkib: Məsələn, “Azərtunelmetrotikinti” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi işləmiş Abdullayev Qasım İsrafil oğlu 04.07.2016 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. Nəzərinizə çatdıraq ki, dissertasiyalar müdafiə edildikdən 1 ay ərzində Ali Attestasiya Komissiyasına təqdim edilir. Ali Attestasiya Komissiyası 01 iyuldan-14 sentyabr tarixinə qədər işləmədiyindən dissertasiya sənədləri Ali Attestasiya Komissiyasına ən tezi 15.09.2016 tarixdə verilib və 22.09. 2016 tarixdə təsdiq olunub (təsdiq müddəti 5-6 gün).

Hansısa səbəbdən Abdullayev Qasım İsrafil oğlunun avtoreferatı Ali Attestasiya Komissiyasının saytında qeyd edilməyib.

Həmçinin, SOCAR-in Elmi Tədqiqat İnstitutunun direktoru İsmayilov Fəxrəddin Səttar oğlu 28.03.2018 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib və 2 ay ərzində təsdiq olunub. Qeyd edək ki, İsmayılov Fəxrəddin Səttar oğlu İnstitut direktoru olduqdan sonra qısa vaxt ərzində namizədlik və doktorluq dissertasiyaları müdafiə edib və təsdiqini alıb.

Vəli Hüseynovun himayəçiliyi ilə AAK-da texnika sahəsinin kuratoru olan Kələntərli Nailə Merac qızı mexanika üzrə doktorluq dissertasiyasını 13.05.2016 tarixdə müdafiə edib, 22.09.2016 tarixdə təsdiqini alıb (1 ay müddətinə). Yuxarıda qeyd edildiyi kimi, 01 iyuldan-14 sentyabr tarixinə qədər Ali Attestasiya Komissiyası işləmir.

Bütün bunlar Ali Attestasiya Komissiyasında baş verən özbaşınalıqların kiçik bir hissəsi olub.

Amma,həqiqi alimlərin dissertasiyalarının təsdiqi 40 ay yubadılıb.Məsələn, ADNSU-nun dosenti Gülgəzli Ələsgər Səməd oğlu 07.02.2014 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 01.12 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 46 ay).

Onu da vurğulayaq ki,Vəli Hüseynov KİV-lərin sorğusunu da heçə sayaraq cavablandırmayıb.Məsələn,Təzadlar.az saytı tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun doktorluq və professorluq elmi işinə dair ona verilən sorğular da cavabsız qalıb.Vəli müəllimin bu tərzi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub,eləcə də məsələ məhkəmə predmetinə çevrilib.

Belə ki, Ə. Muradov rektor təyin olunan vaxta,yəni 5 mart 2014-cü ilə qədər elmlər doktoru kimi tanınsa da,ona yalnız 26.12.2014-cü ildə AAK tərəfindən iqtilsad elmləri doktoru adı verilib. Onun doktorluq dissertasiyasını 1998-ci ildə Ukraynada müdafiə etməsinə rəğmən diplomunu ala bilməməsi ,yalnız 16 ildən sonra bu ada Azərbaycanda layiq görülməsi söz-söhbətə səbəb olub. O, 21.11.2014-cü ildə professor adına layiq görülsə də, bundan əvvəl 10 ilə yaxın müddətdə yarım ştat professor məvacibi alıb.Həm bu amil,digər tərəfdən isə məhdud bir vaxtda,özü də ardıcıllığın pozulması ilə iki ada sahiblənmək təbii ki, müəyyən söz-söhbətlərə yol açıb. Burada hər kəsi düşündürən incə mətləb ondan ibarət olub ki, Ə.Muradov rektor təyin olunduqdan 8 ay sonra əvvəl professor, ardınca isə doktor adını necə alıb? İndi vurğulananlara görə hər şey aydiyyatı qurumlar tərəfindən araşdırılır,rektor Ə.Muradovun da doktorluq dissertasiyası və professor adı almasına şübhə ilə yanaşılır.

Faktinfo.az

Related Articles

050-295-94-79
top