APREL QAZİSİNİN AİLƏSİ HARAY ETDİ: “PROTEZ QOYULMUR, PUL YOXDUR DEYİRLƏR…”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 1
    Share

Aprel döyüşlərinin daha bir qazisi Orxan Vəliyevin ailəsi dövlətə müraciət edib

Cahan.info xəbər verir ki, onun qardaşı İlqar Vəliyev Orxana protez ayaq qoyulmalı olduğunu bildirib.

Hazırda Müdafiə Nazirliyiin Baş Tibbi Hospitalında müalicəsi getsə də, protez qoyulmur. Qardaşı deyib ki, general-mayor Natiq Əliyev və köməkçisi polkovnik Firudin müəlim naziriyin büdcəsində pul olmadığını söyləyiblər.

“Bu azmış kimi, dedilər get hara istəyirsən şikayət elə. Mən bilmirəm bu dövləti idarə edən bunlardırmı? Xahiş edirəm müvafiq qurumlar kömək etsinlər”.

Silahlı Qüvvələrin baş cərrahı, tibb xidməti polkovniki Mütəllim Həsənov əsgər Orxan Vəlizadənin vəziyyəti ilə bağlı ordu.az-a açıqlama verib.

Onun sözlərinə görə, əsgər və onun valideynləri protezin qoyulması ilə əlaqədar ƏƏSMN-nə dəvət olunan zaman həmin qurumun təklif etdiyi protez nümunələri ilə razılaşmayıblar.

“Belə olan təqdirdə 2018-ci il sentyabr ayında Orxan Vəlizadə əmisi Aqil Vəliyevlə birlikdə Müdafiə Nazirliyinin xətti ilə Türkiyə Respublikasına göndəriliblər. Orada Orxan Vəlizadəyə türk qazilərinin protezləşdirilməsində istifadə olunun avadanlıqlar təklif edilib.

Lakin 23 gün Türkiyədə qaldıqdan sonra Aqil Vəliyev həmin protezi də bəyənmədiyinə görə geriyə Azərbaycana qayıtmış və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında protezləşdirilməsini təkid edib.

Aqil Vəlizadəyə tibbi-sosial ekspertiza, əlillərin reabilitasiyasının təşkili, əlillərin protez-ortopedik vasitələrlə təmin olunması məsələlərinin Müdafiə Nazirliyinin deyil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid olduğu dəfələrlə izah edilib.

Orxan Vəlizadə hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkim nəzarəti altındadır və reabilitasiya müalicəsi alır”, – deyə polkovnik M.Həsənov bildirib.

A.Əliyevin sözlərinə görə, müasir protez qoyulacağı söz verilmişdi. Üstəlik, Türkiyəyə gedərkən yalnız qazinin xərcləri ödənilib, öz xərcini cibindən çəkib.

“Natiq Əliyev nazirimizlə görüşüb həll edəcəkdi. Bunu Mütəllim Həsənov mənə deyib. Amma deyirlər ki, nazirliyin pulu yoxdur. Bu nə deməkdir?”

Azərbaycan dövləti Qarabağ qazilərinə yüksək qayğı göstərir. Lakin son zamanlar belə şikayətlər çoxalıb. Aşağılarda orta ranqlı məmurlar qaziləri dövlətdən narazı salırlar. Vətəndaşı o həddə çatdırırlar ki, mətbuata üz tutmağa məcbur olsun.

Adi protez qoyulması belə problemə çevrilir və vətəndaşlar son ümid kimi mediaya baxırlar. Hərçənd ki, dövlətin diqqəti var və aşağı təbəqəli məmurlar qazilərimizi bu vəziyyətə gətirib çıxarmamalıdırlar.

Bundan əvvəl də aprel döyüşlərində gözündən yaralanmış qazimiz Qoşqar Hacıyevə görə qardaşı aksiya keçirmişdi. Qoşqar bir neçə aydır ki, koma vəziyyətindədir.

Qazinin qardaşı bildirib ki, heç kəs onlara kömək etmir: “Həkimlər qardaşımın dərdini bilmirlər. Nə üçün komaya düşməsindən başları çıxmır.
Heç bir dövlət orqanından dəstək yoxdur. Ay millət, kömək edin. Nazirlər, məsul şəxslər prezidentə məlumat vermirlər. Qardaşımı ölməyə qoymayın”.

Məmurların harın həyat tərzi, xalqın milyonlarını qəsb edib eyş-işrət yaşaması azmış qazilərimizə də susqun qalırlar. Onlara kömək etmək, xərclərini ödəmək belə istəmirlər.

Bu qədər laqeydlik, biganəlik hardandır? Nə üçün canını vətən üçün fəda edənlərə belə etinasızlıq göstərilir? İnsanları, qaziləri dövlətdən narazı salan məmurlar əslində prezidentin siyasətinə xəyanət edirlər. Ümumiyyətlə, aprel qaziləri məmur özbaşınalıqlarından, biganəliyindən tez-tez şikayətlənirlər.

Məsələn, Daşkəsən icra başçısı Əhəd Abıyev aprel qazisini mənzil fırıldağı ilə üzbəüz qoymuşdu. 2016-cı il aprel döyüşlərində əsl qəhrəmanlıq sərgiləyən, Azərbaycan əsgərinin gücünü düşmənə bir daha sübut edənlərdən biri isə Ağayev Yaşar Təvəkkül oğlu idi.

Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva Aprel döyüşlərində yaralanmış qazilərin müalicəsi ilə bağlı xüsusi tapşırıq verib. Amma təəssüflər olsun ki, aidiyyəti qurumlar laqeydlik göstərir və bu tapşırıqların yerinə yetirilməsinə diqqət ayırmır.

Məmurların, icra başçılarının şəhid ailələrinə, Qarabağ qazilərinə qarşı xoşagəlməz münasibəti insanların, xüsusilə gənclərin vətənpərvərlik ruhunu aşağı salır. Qarabağ qazisi Natiq Mehdiyev bildirmişdi ki, bu hadisələrin tək elektron mediada, qəzet və jurnallarda dərc olunması kifayət etmir.

Related Articles

050-295-94-79
top