“ÖZÜ VAR, FƏALİYYƏTİ GÖRÜNMƏZ” NİZAMİ BƏLƏDİYYƏSİ-ARAŞDIRMA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Vətəndaş niyə dövlət büdcəsinə daxil olmalı vergini sədrini və fəaliyyətini tanımadığı bələdiyyənin hesabına köçürməlidir?
«Təzadlar»a Bakının Nizami rayonundan daxil olmuş bu dəfəki şikayət əmlak vergisi ilə bağlıdır. «Neçə illərdir Nizami rayon bələdiyyəsi mənzil sahəsinə görə bizdən əmlak vergisi alır. Təqdim edilən bildirişdə də pulun bələdiyyənin hesabına köçürülməsi tələb olunur. Ötən illərdə əmlak vergisini ödəmişik. Lakin bu il bizə zəng vuran bələdiyyə işçisinə sual etmişəm ki, niyə mən mənzil fonduma görə dövlət büdcəsinə ödəməli olduğum vergini bələdiyyənin hesabına köçürməliyəm? O bələdiyyənin ki, nə sədrini tanıyıram, nə əməkdaşlarını, nə də rayondakı fəaliyyətini», -deyə sual edən vətəndaş A.Məmmədov bu məsələdə ona məsələhət verməyimizi xahiş edir…

«Təzadlar» əmlak vergisi ilə bağlı maraqlı suallara cavab axtardı və…

«Təzadlar»ın araşdırma qrupu bu və ya digər suallarla bağlı araşdırmalara başladı. Həqiqətən də niyə vətəndaş mənzil fonduna görə ödəməli olduğu əmlak vergisini yaşadığı rayon üzrə aid bələdiyyənin hesabına köçürməlidir?
Bundan başqa, həmin vergi vəsaitlərin sonradan xərclənməsi mexanizmi, təyinatı necədir? Bu və ya digər suallarla bağlı Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinə elektron sorğu göndərdik, lakin hələ də sorğuya cavab verilməyib.
Bununla belə, araşdırmamızı davam etdirdik. Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisi həmin əmlakın ümumi sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə müvafiq bələdiyyələr tərəfindən hesablanır və verginin ödənilməsi barədə tədiyə bildirişi hər il avqustun 1-dək mənzilin mülkiyyətçisinə çatdırılır. Mənzilin mülkiyyətçisi isə hesablanmış əmlak vergisinin məbləğini bərabər hissələrlə avqustun 15-i və noyabrın 15-dək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir.
O da məlum olur ki, fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə — onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə, yəni bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə ödənilir.
Nəhayət, Vergi Məcəlləsinin 200.6. maddəsində qeyd olunur ki, «Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir». Məcəllənin 201.7.-ci maddəsində isə göstərilir ki, «Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir».

Yerlərdə heç bir iş görməyən bələdiyyələrin hesabına ödənilən vergilərin sonrakı taleyi necə olur…

…Haqlı sualdır. Bakıda son günlər baş verən yağıntılar zamanı da gördük ki, vətəndaşlardan əmlak vergisi davası aparan bələdiyyələrin rəsmiləri faktiki olaraq problemlər yarananda vətəndaşın yanında olmur. Hətta Nizami rayonu ərazisində kiçik bir müşahidə də apardıq. Sakinlərdən bələdiyyənin sədrini, yaxud hansısa bir işçisini və s. tanıyıb-tanımadıqlarını soruşduq. Birmənalı olaraq hamı «Tanımırıq» dedi.
Ən pisi odur ki, Nizami rayon Bələdiyyəsinin rayon ərazisindəki fəaliyyət sferası də bilinməzdir. Yəni, sakinlər bilmirlər ki, hansı problem yarananda bədəiyyəyə, hansına görə isə MİS-lərə müraciət edilməlidir.
Bu da bir yana, rayon ərazisində bələdiyyənin özünün öz vicdanına edilmiş-görülmüş iş də müəmmalıdır.
Hətta internetin axtarış bölümündə Bakının Nizami rayon Bələdiyyəsinin fəaliyyətinə dair axtarış apardıq. Adı çəkilən bələdiyyənin fəaliyyətinə dair heç bir müsbət informasiya tapılmadı. Yalnız Nizami rayon İH-nin rəsmi saytında Quliyev Vüqar Həsən oğlunun Nizami bələdiyyəsinin sədri olduğu bilindi.
QEYD: Vüqar Həsən oğlu Quliyev 1965-ci ildə Naxçıvan şəhərində anadan oub. Ali təhsillidir. Müxtəlif sahələrdə, o cümlədən SOCAR- da müxtəlif vəzifələrdə çalışıb. 2009 -cu il bələdiyyə seçkilərində iştirak edərək qalib gəlib və 2010-cu ilin yanvar ayında bələdiyyənin sədri seçiib. 2014-cü ildə təkrar bələdiyyə seçkilərinə qatılaraq yenidən bələdiyyənin sədri olub.
Maraqlıdır, hörmətli sədr neçənci dəfədir Nizami bələdiyyəsinin sədri seçilir, amma bələdiyyənin fəaliyyətinin ictimai təqdimatı, faktiki görüntülürəi gözə dəymmir. Ola bilsin hansısa fəaliyyət vardır, amma bu fəaliyyəti necə müəyyənləşdirmək olar: sakin deyir ki, tanımırıq, bilmirik, bələdiyyənin rəsmi saytı isə yoxdur ki, oradan nəyisə öyrənə bilək…
***
Dəhşətlisi budur ki, uzun illərdir fəaliyyət göstərən, ərazisində on minlərlə vergi ödəyiciləri, böyük mənzil fondundan hər il külli miqdarda əmlak vergisi və s. yığılan bələdiyyənin rəsmi internet saytı belə yoxdur. Amma, insafən, məsələn, Nəsimi rayon Bələdiyyəsinin rəsmi saytı və saytda bələdiyyənin fəaliyyətinə, gördüyü işlərə dair bir sıra məlumatlar, illik hesabatları vardır.
Diqqətimizi bir məqam da çəkdi: məlum olur ki, Nizami rayonunun hazırkı İH başçısı Arif Qasımov əvvəllər elə bu bələdiyyənin sədri işləyib. Bəs görəsən, başçı niyə bu bələdiyyənin fəaldiyyətinin şəffaf olmasının təmin edilməsinə kömək etməyib?

Nizami Bələdiyyəsində «aylıq plan» qalmaqalı…

Nizami Bələdiyyəsinin əməkdaşı Əmrahov Elxan Əli oğlu təxminən bir il əvvəl-11 oktyabr 2017-ci ildə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı A.A.Qasımova açıq məktubla müraciət edərək bir sıra mətləblərə aydınlıq gətirib. KİV-də artıq çoxdan yayımlanmış həmin məktubda deyilir: «Mən 18.01.2016-cı ildən 28.06.2017-ci ilədək Nizami Bələdiyyəsində işləmişəm. Aylıq plan ödənişinə görə mənim işimə xitam verdilər. Məndən aşağı plan ödəyənlər illərdir hələ də işləyirlər. Komisiya Sədri Heydər müəllim mənə dedi ki, sədr səni işdən çıxartmaq istəyir. Ağsaqqalına de, sədirmizə zəng vurub xahiş eləsin ki, çıxartmasınlar işdən. Sədr deyib ki, icra başçısı Arif Qasımov bildirib: kim planı ödəyə bilmir işdən çıxardın. Bu sözləri sədr Vüqar Quliyev bir neçə dəfə iclaslarda sizin adınızla müfəttişlərə deyib: İcra başçısı bizdən plan tələb edir. Plan ödəməyən işdən çıxardılsın. Mən isə Heydər müəllimə dedim ki, inanmıram Arif müəllim bu sözləri desin. Sizlər Arif Qasımovun adıyla deyirsiz. Mənim sözümdən sonra bir ay keçməmiş işdən çıxartdılar. Sizin qəbulunuza gəlmişdim, buraxmadılar -Nizami rayonunun sakini olmadığım üçün. İyirmi ilə yaxın Nizami rayon sakini olmuşam. İşə qəbul olanda həmin rayonun sakini idim. İşdən çıxartmamış şəxsiyyət vəsiqəmin sürətinə də alıb baxmışdılar. Sonradan Vüqar Quliyev məni qəbul eləmədi ki, sən bizim rayon sakini deyilsən….» Və sair…
Şikayət məktubdan da belə anlaşılır ki, Nizami bələdiyyəsində hamı plan doldurmaqla (yığım vəsaitindən söhbət gedir) məşğuldur, əhalinin problemi ilə məşğul olmaq isə unudulub. Niyə???

“Hər ay Nizami Bələdiyyəsinin büdcəsində ən az 30-35 min, bəzi aylarda 50 minə də çatıb. Guya bu puldan bələdiyyə ərazisində abadlaşdırmaya, aztəminatlı ailələrə yardımlara yönəldilməli idi. Amma…”

Elxan Əmrahov yaranmış problemlə əlaqədar KİV-lərə açıqlama verərək deyib: “…Mən Nizami bələdiyyəsində işləyərkən, çox haqsızlıq və qanunsuzluq gördüm. Mən adi işçiydim, amma getdikcə sədr Vüqar Quliyevin, müavini Heydər Rəhimovun və vergi şöbəsi müdiri İlham Mirzəyevin əməllərini görürdüm, hər hansı fikir dedikdə ağır şəkildə danlanırdım… və beləcə bu mühitə qarşı ikrahım yaranırdı. Onlar bizi məcbur edirdi ki, imkanı olmayan, kasıb, əlil və hətta şəhid ailələrindən zorla pul alaq, təki plan ödənsin. Hər ay 800-1000 manat arası planımız var idi. Vergi və sosial sığorta ödənişlərini çıxanda isə aylıq maaşımız 150-200 manat arası olurdu. Vətəndaşlara 30 faiz güzəşt nəzərdə tutulduğu halda, çox vaxt bizə deyilirdi ki, çox alın… Şəhid ailələri, müharibə veteranları vergidən azad olduğu halda, onların da qapısına göndərilirdik… Dəfələrlə iclasda bunu bildirmişdim, əvəzində rəhbərlik və birbaşa Vüqar Quliyev tərəfindən sərt reaksiya görmüş, “məni maraqlandırmır, plan ödənilsin” sözlərini eşitmişdim. Son zamanlar isə evlərə “faizli” bildirişlər göndərilir. Belə ki, köhnə borclara görə əhalidən faiz tələb olunur. İnsanlarımızın çoxu sadəlövhdür, qanunları yaxşı bilmir, Nizami Bələdiyyəsi isə bundan istifadə edir. Obyektlərdən isə vergi ikiqat, üçqat alınır. Hər ay Nizami Bələdiyyəsinin büdcəsində ən az 30-35 min AZN pul toplanır. Bu məbləğ bəzi aylarda 50 minə də çatıb. Guya bu puldan bələdiyyə ərazisində abadlaşdırmaya, aztəminatlı ailələrə yardımlara yönəldilməli idi. Amma Vüqar Quliyev bu pulları özünün bəzi işçilərlə keçirdiyi məclislərə, bağ evlərinə xərcləyir. Şəhid ailələri, aztəminatlı ailələr və işçilərə yardım adıyla bayramlarda ayrılan pullar mənimsənilirdi. O qədər pensiyaçılar gəlib günlərlə Vüqar Quliyevi axtarırdı, orda ola-ola yanına buraxmırdılar. Hansı yardımdan söz gedə bilər ki? Vüqar Quliyev Qurban bayramında işçilərə qol çəkdirib, bizə və şəhid ailələrinə ayrılan ət paylarnı öz tanış və dostlarına gönrərirdi. Bələdiyyənin yeməkxanasında isə durum çox acınacaqlıdır. Şəxsən, orda yemək yeyəndən sonra mədəm xəstələndi və müalicə almalı oldum. Vüqar Quliyevə yaxınlığıyla tanınan ümumi şöbə müdiri Miralə xanım köhnə ət və vaxtı keçmiş ərzaqlardan yemək hazırlatdırır, narazılığımızı deyəndə isə bizim üstümüzə şığıyır, aqressiv reaksiya göstərirdi. Adi yeməyə görə belə, bələdiyyə rəhbərliyi pul xərcləmək istəmir, vergiyığanlara ikinci kateqoriyadan adamlar kimi yanaşırdı. Mən ora qayıtmasam belə, istəyirəm ki, cəmiyyətimiz və ölkə rəhbərliyi həqiqətləri bilsin, Nizami Bələdiyyəsindəki özbaşınalıqlarla bağlı tədbir görülsün. Mən həmişə haqqı deyirdim deyə, məni “qaralayıb” uzaqlaşdırdılar. Lakin inanıram ki, dövlətimiz və aidiyyatı orqanlar dediyim faktları araşdıracaq, Vüqar Quliyevin özbaşınalığına son qoyacaq”
-Bəs Bakı şəhərindəki bələdiyyələr əhalidən hazırda nə qədər əmlak vergisi yığır?
-Bu vəsaitin həmin əhalinin qayğılarına nə kimi aidiyyəti var?
(Davamı var)
«Təzadlar»

Xalqxeber.az

Related Articles

050-295-94-79
top