XAÇMAZIN SUVARMA TƏSƏRRÜFATI XƏSTƏ RƏİSDƏN NECƏ QURTULSUN?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində yeni subartezian quyuları qazılır, suvarma kanalları çəkilir, mövcud subartezian quyuları, kanallar və hidrotexniki qurğular təmir edilir. Yerlərdə rayon icra hakimiyyətləri əkin sahələrinin suvarılması vəzifələrinə dair müşavirələr keçirirlər. Qarşıya çıxan çətinliklərin dərhal və operativ həlli üçün Suvarma Sistemləri İdarəsinə, kənd və qəsəbələrdə fəaliyyət göstərən su assoisasiyasının işçilərinə lazımi tapşırıqlar verilir. Lakin bəzi bölgələrdə suvarma suyu ilə təminatda, suyun bölüşdürülməsi və növbəli verilməsində problemlər mövcuddur. Müşahidələr göstərir ki, həmin problemlər əsasən subyektiv amillərlə bağlıdır. Səbəbkar subyektlər isə idarə rəisləri və digər funksioner vəzifəli şəxslərdir. Xaçmaz Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir. İdarə rəisi Vaqif Səlimovun yürütdüyü yarıtmaz, korrupsiya siyasəti buna imkan vermir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri SSİ-nin göstərdiyi xidmətlərdən narazıdırlar. Bildirilir ki, rəis su istifadəçiləri arasında ayrı-seçkilik edir, umduğu təmənnanı ödəyən varlı adamların əkinlərinə, meyvə bağlarına suyu buraxır, kasıb-füqəranı isə vecinə almır. İdarənin balansındakı səhih məlumata görə sayı 100-ə yaxın olan texnika, avadanlıq və maşın — mexanizmlər ayrı-ayrı imkanlı şəxslərə, çay kənarında karxana işlədən sahibkarlara qeyri-rəsmi icarəyə verilir, bu mənbədən daxil olan gəlirlər isə əlbəttə ki, idarənin hesabına deyil, rəisin cibinə gedir. Bir tərəfdən də, idarədə həmin texnikaya kağız üzərində iş görmüş kimi göstərilərək, yanacaq, sürtgü materialları, təmir adı altında ehtiyat hissələri silinərək pulu mənimsənilir. Bu sadalananlar və idarə rəisinin rəvac verdiyi digər neqativ hallar barədə məlumatları araşdırmaq məqsədilə dəfələrlə onu aramış, lakin onu nə Xaçmaz SSİ-də iş başında, nə də telefonda tapmaq cəhdimiz uğursuz alınmışdı. Ən çox eşitdiyimiz cavab rəisin xəstə olması və bu səbəbdən işə çıxmaması olmuşdu. Qulağımıza dəyən xəbər bu olurdu ki, rəis neçə müddətdi ki, sanatoriyalarda müalicə alır. Nəhayət, axırıncı dəfə onunla görüşməyə müyəssər olduq. Haqqında sual etdiyimiz neqativ halları qismən təsdiqlədi. Dolayısı ilə sözündən belə çıxdı ki, suvarma təsərrüfatında əyintiləri müşayiət edən haram gəlirləri tək yemir: «…Rayonun başçısı var, prokuroru var…» Maraqlıdır, necə olur, SSİ rəisinin xəstəliyi dövlətin və xalqın mənafeyinə xidmət etməli olan vəzifələri yerinə yetirməyə imkan vermir, lakin onun səhhət durumu öz şəxsi maraqlarına cavab verən işləri səlis həyata keçirməyə imkan verir? Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev prezidentlik vəzifəsini xalqa xidmət üçün vasitə hesab edir. Xaçmaz rayonunun kənd əhalisini suvarma suyu ilə təmin etməli olan vəzifəli şəxslər isə unudurlar ki, onlar tutduqları vəzifədən cənab prezidentimiz İlham Əliyev kimi əhaliyə xidmət etmək üçün bir vasitə olaraq istifadə etməlidirlər. Lakin burda tam əksinədir: camaatın çoxsaylı müraciətlərinə, ərizə və şikayətlərinə məhəl qoyulmur. İnsanların əməyi zay olur. Kənd təsərrüfatı sahəsindən başqa iş yeri olmayan əhalinin sosial vəziyyəti pisləşir. Narazılıq artır. Həm də bu problem hər il təkrar olunur. Bu məsələ dövləti vəzifəsini xalqa xidmət üçün deyil, öz şəxsi maraqlarını təmin etmək üçün istifadə edən məmurlar vəzifədən uzaqlaşdırılacağı təqdirdə həll oluna bilər.

DERYAZ.AZ

Xalqxeber.az

Related Articles

050-295-94-79
top