TAĞI ƏHMƏDOVUN “Mİ-Fİ” VƏDİ NECƏ OLDU?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakı metrosunda qatarlarda pulsuz “wi-fi” şəbəkəsinin yaradılması ilə bağlı neçə ildir ki, müzakirə gedir. Yadınılzdadırsa “Bakı Metropoliteni” QSC-nin keçmiş sədri Tağı Əhmədov da açıqlamasında “mi-fi” (mobil Wi-Fi hotspot kimi çalışan simsiz marşrutizator – red.) şəbəkəsinin quraşdırılacağından söz açmışdı. Dünyanın qabaqcıl ölkələri internet problemini çoxdan həll ediblər və artıq suyun altında, kilometrlərlə yüksəkdə belə insanlar mobil internetdən rahat şəkildə istifadə edə bilirlər. Bəs, Bakı metrosunda internet kəsintisi problemi nə zaman öz həllini tapacaq? Azərbaycanda bunun həllinə mane olur səbəblər nədir?

İnternet sahəsi üzrə mütəxəssis Vahid Qasımov məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verib. O, bunu mənasız hesab etdiyini, ondansa qatarlarda kondisioner və havalandırma sistemlərinin quraşdırılmasının daha məqsədəuyğun olacağını bildirib:

“Birincisi pulsuz “wi-fi” şəbəkəsi qurmaq metropolitenin borcu deyil. Dünya ölkələrinə nəzər salsaq görərik ki, bir çox ölkədə pulsuz “wi-fi” deyilən bir şey yoxdur. İkincisi yerin altıdır və hər tərəf də dəmir və mərmər olduğundan belə bir şey tətbiq olunsa belə, qatar tuneldə olarkən çox yerdə internet çəkməyəcək. Bütün tunel boyunca kəsintisiz interneti təmin etmək üçün isə yüzlərlə “access point” quraşdırmaq lazımdır. Məncə, nə var, nə var qatarda internet olacaq deyə bu qədər xərcə girməyinə dəyməz. Mən metropoliten rəisi olsaydım, şəxsən bunu etməzdim. Stansiyalarda tətbiq etmək olar, amma onu da mən çox mənalı hesab etmirəm. Çünki sərnişinlər saatlarla qatar gözləmir. Düzdü, Tağı Əhmədov söz vermişdi ki, “mi-fi” olacaq və s. Ondansa, qatarların içərisində kondisioner və ventilyasiya sisteminin olması çox daha əhəmiyyətli bir şeydir. Bunlar yox ikən, “Wi-fi” istəmək məncə optimal bir şey deyil”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də məsələyə münasibət bildirib. O, pulsuz wi-fi şəbəkəsinin olmaması ilə yanaşı pullu mobil internet rabitəsinin də zəif olduğunu diqqətə çatdırıb:

“Bunu Azərbaycanın inkişafına yaraşmayan bir hal kimi dəyərləndirmək olar. Bu qədər inkişaf var, turizm genişlənir, bu qədər investisiya yatırılır, amma nəticədə biz hələ də mobil internetdən metroda istifadə edə bilmirik. Başqa ölkələrə səfər edəndə görürük ki, istifadə çox rahatdır. Düşünürəm ki, mobil operatorlar bu sahəyə investisiya qoymalıdırlar. Metroda insanların informasiyaya rahat əlçatanlığını təmin etmək üçün ciddi addımlar atmalıdırlar. İnsan var ki, gününün 1-2 saatını metroda keçirir. Bu vaxt ərzində o, çoxlu işlər görə, dünyagörüşünü artıra bilər”.

Məsələ ilə bağlı Bakı Metropolitenindən isə bildirilib ki, bununla bağlı internet provayderlərindən təklif olmalıdır. Lakin bu barədə hələlik bir məlumat yoxdur.

 

Related Articles

050-295-94-79
top