MANAT SABİT, NEFT QİYMƏTLƏRİ YÜKSƏK – BAHALAŞMA SƏBƏBLƏRİ NƏDİR?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Dövlət Statistika Komitəsinin (DSK) yaydığı rəsmi məlumata görə, 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.

Rəsmi məlumatlarda bahalaşmanı xüsusilə süd və süd məhsullarının, müxtəlif şirkətlərin istehsalı olan çayların, konfetlərin, şokoladların, qutulaşdırılmış yağların, paltar və qab yumaq üçün istifadə edilən yuyucu vasitələrin və s.-nin qiymətlərində müşahidə etmək mümkündür. Qeyd edək ki, hazırda bahalaşma qəpik-qəpik, amma sürətlə gedir. İstehlakçı isə gündəlik aldığı məhsulun iki gündən bir 1-2 qəpik bahalaşmasına elə də diqqət etmir.

Maraqlıdır, milli valyutanın məzənnəsinin sabit qaldığı, neftin dünya bazarlarında qiymətlərinin yüksək olduğu bir vaxtda mağaza və marketlərdə qiymətlər hansı səbəblərdən bahalaşır?

Modern.az-ın bu qəbildən olan suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli cavablandırır.

“Yüksək inflyasiya üçün iqtisadi əsas yoxdur”

Deputat qeyd edir ki, rəsmi statistikaya görə, ötən il Azərbaycanda 13 faiz inflyasiya olub:

“Ərzaq məhsullarının qiymətləri isə 15 faiz, əslində daha çox artıb. Hökumət bu il 6 faiz ətrafında inflyasiya olacağını proqnozlaşdırıb. Cari ilin 8 ayı ərzində inflyasiya 3 faizin altındadırsa və ilin sonuna qədər həmin səviyyəni saxlamaq mümkün olacaqsa, bu 2017-ci ilə nisbətən 2018-ci ildə inflyasiyanın xeyli səngidilməsi kimi dəyərləndirilə bilər. Çünki rəsmi statistikaya görə, ötən il bu vaxtlar inflyasiya 14 faiz səviyyəsinə, əslində isə daha yüksək səviyyəyə qalxmışdı. Buradan bir neçə mühüm nəticəyə gəlmək olar:

1. 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb. Qiymətlərin ötən illə müqayisədə 5 dəfə aşağı templə bahalaşması bir daha göstərir ki, hazırda Azərbaycanda yüksək inflyasiya üçün iqtisadi əsas yoxdur.

2. Əhalinin daha çox işlətdiyi malların, o cümlədən unun, mal, qoyun və toyuq ətinin, yumurtanın, balıq məhsullarının, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın, kartofun, qəhvə və çayın bahalaşması göstərir ki, qiymətlərin qaldırılmasına nəinki davam edəcək, əlavə məhsul istehsal etmək, heç olmasa əlavə məhsul gətirmək əvəzinə, fürsət düşən kimi yenidən süni qiymət artımı variantına üstünlük veriləcək”.

“Süni qiymət artımı məmur sahibkarlığından baş verir”

Əli Məsimli qeyd edir ki, manatın devalvasiyası ilə əlaqədar 2015-2017-ci illərdə inhisarçı qrup təbii qiymət artmı ilə yanaşı, manatın məzənnəsi məsələsindən həm də sui-istifadə edir:

“Həmin olaylar göstərdi ki, qiymətlər daha çox monopolistlərin və onların ətrafının süni qiymət artımına girişib ifrata vardıqları vaxtlar artır. Süni qiymət artımının hər faizi Azərbaycan ailələrinin büdcəsinə ildə 350 milyon manatdan çox, deməli ümumilikdə milyard manatlarla ziyan vurur.

Məlumdur ki, bazar iqtisadiyyatı şəraitində bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi, daha doğrusu qiymətlərin süni şəkildə yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması halları baş verir. Bu işdə ifrata varıldıqda, hökumətin aidiyyatı qurumları həmin halların qanunvericilikdən kənara çıxan məqamlarını aradan qaldırmaqdan ötrü qanunla müəyyən olunmuş tədbirlər görürlər.

Digər tərəfdən isə qiymət artımı kapitalın, sərmayə qoyuluşlarının tətbiq istiqamətlərinə təsir edib, sərfəli şəkildə istehsalın genişlənməsinə, artmasına da gətirib çıxarır ki, bu üsulla təbii tənzimlənmə mexanizmi də işə düşüb, ifrat qiymət artımı hallarının qarşısını alır. Bizdə bununla bağlı müxtəlif cür şərh və yozmalar verilsə də, əslində Azərbaycan şəraitində süni qiymət artımı məmur sahibkarlığından qaynaqlanıb, vəziyyətdən sui-istifadə edərək, zəhmətsiz, heç bir əlavə iş görmədən, bir manatlıq əlavə məhsul istehsal etmədən,1 manatlıq əlavə mal gətirmədən asan gəlir götürmək üsuludur. Əhalinin, xüsusən aşağı gəlirli təbəqəsi bu cür qiymət artımından çox ziyan və əziyyət çəkir”.

Parlamenarinin sözlərinə görə, maaş, pensiya üçün ödənişlərin artan hissəsi inflyasiyanın yeminə çevirlir:

“Çünki xüsusən aşağı maaş, pensiya, müavinət alan insanlar hər il əmək haqqı, pensiya, müavinət və digər ödənişlərin artımını gözləyirlər. Amma hər il müəyyən qədər (əksəriyyət üçün 15-50 manat arası) də olsa, artan əmək haqqı, pensiya, müavinət və digər ödənişlər süni qiymət artımı nəticəsində güclənən inflyasiyanın yeminə çevrilir və monopolistlərin cibinə axır. Ona görə də hökumət səmərəli üsullarla süni qiymət artımının qarşısının alınması istiqamətində təsirli və davamlı tədbirlər görməlidir. Bunun ən etibarlı yolu inhisarçılığa qarşı sistemli və səmərəli əks tədbirlərin həyata keçirilməsi, azad rəqabətə geniş meydan verilməsi, əmək məhsuldarlığının artırılması, maya dəyərinin aşağı salınması və iqtisadi səmərəliliyin digər göstəricilərinin yaxşılaşdırılması şəraitində yerli istehsalın genişləndirilməsi və idxaldan asılılığın nəzərəçarpan dərəcədə azaldılmasıdır.Yoxsa inhisarçılar əlavə məhsul istehsal etmək, heç olmasa əlavə məhsul gətirmək əvəzinə, fürsət düşən kimi yenidən süni qiymət artımı variantına üstünlük verəcəklər”.

xalqxeber.az

Related Articles

050-295-94-79
top