BALOĞLANIN KONSERTİNDƏ FİASKO: BİLETLƏR SATILMADI, MƏHKƏMƏYƏ VERİLİR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 8
    Shares

Ötən gün “Yaşıl teatr”da Əməkdar artist Baloğlan Əşrəfovun solo konserti baş tutub.

AYDINLIQ.AZ oxu.az-a istinadən xəbər verir ki, konsertdən aylar öncə xeyli internet reklamı, şəhərin müxtəlif məkanlarında bilbordlar, avtobusların üstündə afişalar, TV-də anonslar getsə də, konsertə cüzi sayda bilet satılıb.

Zalın yarıdan çoxu boş olması, səhnə dekorasiyasının olmaması diqqət çəkib.

Əşrəfov isə biletin satılmamasına görə konsertin təşkilatçısını (“Xattab Organization” şirkətinin rəhbəri Samir Xəttab) günahlandıraraq hətta onu tanımadığını bildirib.

Bütün bu ittihamlara isə Samir Xəttab sosial media hesabında cavab verib:

“Bu gün baş tutmuş Baloğlan Əşrəfovun konsertinin təşkilatçılığı mənə aid deyildi. Çünki bu gün biletlərin bərbad sayda satılmasına görə rəsmi olaraq konserti ləğv edib, bu barədə müvafiq şirkətə məlumat verərək biletlərin geri qaytarılmasını təmin etmələrini xahiş etmişdim. Bu barədə müğənniyə də məlumat vermişdim. Özlərinin məndən icazəsiz, lakin mənim şirkətimə məxsus kassa hesabından istifadə edərək təşkil etdikləri tamaşa mənə məxsus olmadığı üçün orada iştirak etmədim. Çünki kariyeram boyu bu cür texniki rayder, səhnə tərtibatı olan konsert təşkil etməmişəm. 12 gün öncədən ləğv etmək istəyəndə son günə qədər gözləməyi xahiş edən, bərbad sayda satılmış biletlərdən biabır olmaqdan çəkinən sənətçi bu gün səhnədə niyəsə elə hey məni yad edirmiş. Hətta təşkilatçını tanımırmış. Hələ indiyə kimi bu qədər reklamı edilməyən şəxs niyəsə özünə aid olan tamaşanı utanaraq mənim adıma yamamaq istəyib. Arxada başqa, üzdə başqa danışmaq lazım deyil”.

Daha sonra təşkilatçı bildirib ki, müğənnini məhkəməyə verəcək:

“Hər şey rəsmidir. Bazar ertəsi bütün rəsmi sənədlərlə açıqlamam olacaq və barəsində mənim ünvanıma kütləvi tədbirdə şər-böhtan fikirlərinə, ictimai işgüzar nüfuzuma xələl yetirməsinə görə, maddi və mənəvi təzminat şikayəti ilə ömrümdə ilk dəfə məhkəməyə müraciət edəcəm. Arxamca danışmaqdansa, mənim kimi zəng edib, üzə demək daha çox cəsarət tələb edir, uçan quşlar…

P.S: Azis, sənin konsertindən sonra adım belə bir yerdə hallandığı üçün bağışla”.

Qeyd edək ki, “Yaşıl teatr” 1800 nəfər üçün nəzərdə tutulub. Dünənki konsertdə isə biletlərin təxminən 20%-i satılıb.

Related Articles

050-295-94-79
top