TOYDAN EVƏ KAR QAYIDA BİLƏRİK – SƏS “TERRORU”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Şadlıq evlərində niyə akustika sistemi quraşdırılmır?

Şadlıq evləri, toy məclisləri dedikdə ağıla gələn ilk amillərdən biri oradakı qulaqbatırıcı səs-küy, standartları aşan səsgücləndiricilər olur.

Yaxınlarımızdan, dost-tanışlarmızdan da eşidirik ki, son vaxtlar bəziləri məclisə gedərkən bu cür səsgücləndiricilərdən qorunmaq üçün özləri ilə qulaqlarına tıxamağa pambıq da aparır. Bəlkə də bir çoxumuz üçün bu gülməli görünsə də, əslində reallıq hər kəsə məlumdur. Çıxış yolunu pambıqda tapmayanlar isə məclisi tez tərk etməli olur. Sahibkarlar bu problemi musiqiçilərin, musiqiçilər isə əksinə, restoran sahiblərinin üzərinə atır.

Qeyd edək ki, qanuna əsasən, şadlıq evlərində musiqinin səs gücü 65 destibaldan (dBA) yüksək olmamalıdır.  İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində qeyd olunur ki, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normaların pozulmasına görə, fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Lakin araşdırmalar onu göstərir ki, əksər şadlıq evlərində musiqi çalınarkən bəzən normadan iki dəfə artıq səs gücündən istifadə olunur.

“Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin edilməsi barədə prezidentin imzaladığı  13 fevral 2009-cu il 52 saylı fərmana əsasən nəqliyyat vasitələrinin və digər səs-küy mənbələrinin yaşayış və istirahət yerlərində, habelə insanların cəmləşdiyi digər yerlərdə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti Səhiyyə Nazirliyi (SN), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyi (DİN) həyata keçirir. Normalarda yer alan cədvəldə 16 bəndin 9-u SN-nin, 7-si ETSN-nin səlahiyyətlərinə aiddir. DİN isə həmin 16 bəndin hamısına gecə vaxtı saat 23-dən səhər saat 6-dək cavabdehdir. Fərmanın 1.1-1.3-cü bəndlərinə müvafiq olaraq binalarda (mənzillərdə), idarə, müəssisə və obyektlərin daxilində hüquqi və ya fiziki şəxsin müraciəti əsasında qanunvericiliyin tələbləri nəzərə alınmaqla vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsi müəyyən edilir. Normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) aid edilmir. Sadalanan normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) “Yeni Müsavat”a açıqlama verilərək bildirilib ki, səhər və günorta saatlarından vətəndaşlardan restoran və kafelərdə səsgücləndiricilərlə bağlı şikayət daxil olduqda, qurumun əməkdaşları həmin məkanda monitorinq aparır, şikayəti araşdırır. Günorta saatlarından sonrakı şikayətlərlə bağlı isə DİN tədbirlər görür.

Bəs toylarda səslənən hədsiz yüksək musiqi səsi insan sağlamlığına necə təsir göstərir? Həkim Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İnsanın qulaq pərdəsinin qəbul edə biləcəyi səs tezliyinin normativliyi var. Restoran və bu kimi iaşə obyektləri fəaliyyətə başlayan zaman sənədlərdə qeyd olunur ki, standartlara uyğun akustik sistem quraşdırılmalı və normal səsgücləndiricilərdən istifadə olunmalıdır. Bunu iaşə obyeklərinin sahibləri də, musiqiçilər də, qonaqlar da bilir.

Adi küçədə gedərkən güclü səs eşidən insan dərhal diksinir və oradan uzaqlaşmağa çalışır. Amma restoranlarda eyni tezlikdə saatlarla o səs-küy davam edir. Bu isə mütləq şəkildə insanın ürək-damar, sinir, emosional sisteminə təsir göstərir, hətta insanda karlıq yarada bilir. Beləliklə, insan şənlənməyə getdiyi halda kifayət qədər ovqatı pis halda məkanı tərk etməli olur. Buna görə də şadlıq evləri və restoranlarda normadan artıq səsgücləndiricilərdən istifadə etmək qətiyyən qadağandır. Əvvəllər xüsusi qurum var idi ki, bu məsələ ilə bağlı maraqlanırdılar, lakin bir nəticəsi olmurdu. İndi isə çoxları bu işlə hansı qurumun məşğul olmasından xəbərsizdir”.

Həkim məsələ ilə bağlı maraqlı bir məqama da toxundu:

“Bəzən restoran sahibləri bildirir ki,  çox zaman musiqiçilərin özləri səsgücləndiricilərin tezliyini artırır, səbəb isə odur ki, ifa etdikdə səhvləri anlaşılmasın, eşidilməsin. Ümumiyyətlə, hər kəsə məlumdur ki, toyda əksər hallarda müğənnilərin nə ifa etdiyini çoxları başa düşmür. Müğənnilərdən isə soruşduqda deyirlər ki, restoran sahiblərinin özləri tələb edir ki, qonaqların eşitməsi üçün musiqiçilər səsgücləndiriciləri daha da artırmalıdır. Yəni belə bir mübahisəli məqamlar yaranır.

Musiqiçilərin özləri səs aparatlarına daha yaxın olduğundan zərəri daha çox onlar görür. Məsələn, zaman keçdikcə eşitmə qabiliyyəti ilə bağlı problemləri yaranır, beyin sistemi pozulmağa başlayır”.Vaqif Qarayev qeyd etdi ki, bu cür səs-küydən daha çox azyaşlı uşaqlar zərər görür: “Ən əsas məni daha çox narahat edən məsələ budur ki, şadlıq evləri və restoranlarda  südəmər, azyaşlı uşaqlar da olur. Həmin uşaqlar səsgücləndiricilərin nə qədər zərərli olduğunu dərk etmir. Diqqət etmisinizsə, uşaqlar daim hərəkətdə olur, oynayır, lakin müəyyən bir vaxtdan sonra hamısı süst düşür. Çünki o səs uşağın beyninə təsir edib, onu yorur. Əgər uşaq bir-birinin ardınca bu cür səs-küylü toya getsə, mütləq şəkildə onun yuxusu, əsəb sistemi pozulacaq, yeməkdən imtina edəcək”.

Əməkdar artist Elza Seyidcahan: “Musiqini dinləmək üçün müəyyən normativlər var.  Bəzən görürük ki, şadlıq evlərində insanlar oynamaq üçün musiqinin səsinin daha çox artırılmasını istəyir. Nəticədə daha çox yaşlı insanlarda qan təzyiqi artır, başı ağrıyır və sairə. Bundan daha çox musiqiçilər təsirlənir. Çünki biz səs aparatlarının lap yaxınında oluruq. Beləliklə, bu cür səsgücləndiricilər ilk növbədə musiqiçilərə pis təsir göstərir. İnanın ki, indi əksər musiqiçilər şadlıq evlərində olarkən, yüksək səsdən qorunmaq üçün qulaqlarına pambıq tıxayırlar. Əksər hallarda səsgücləndiricilərin küyündən müğənninin nə ifa etdiyi anlaşılmır. Səs fışıltı ilə çıxır, sözlər eşidilmir. Səs sanki divara dəyib, yenidən adamın qulağına gəlir.

Bu çox ciddi məsələdir. Sahibkarlar külli miqdarda pul xərcləyib şadlıq evləri və restoranlar tikəndə, heç olmasa akustika məsələsini də unutmasınlar. Akustikanı quraşdırmaq üçün mütəxəssislərə müraciət edilməli, normativlər  gözlənilməlidir. Əgər restoranlarda normal akustika olsa, inanın ki, müğənnilər orada konsert də verə bilər. Paytaxtda sayılı sayda şadlıq evləri var ki, orada normal akustika quraşdırılıb. Lakin bütün bu cür iaşə obyektlərində standartlara uyğun akustika olmalıdır. Hesab edirəm ki, bununla bağlı aidiyyəti qurumlar daha çox diqqət edəcək”.Xatırladaq ki, bu məsələ dəfələrlə Milli Məclisin iclaslarında da müzakirə edilib. Eləcə də bu ilin fevralında spiker Oqtay Əsədov şadlıq saraylarında akustika sisteminin olmamasından söz açmışdı: “Şadlıq sarayları bahalı olsa da, akustika sistemi normal deyil. Xeyli böyük şadlıq evi tikilib. Bahalı olduğu üçün kimsə akustika sisteminə baxmır. Az sayda şadlıq evi var ki, orada akustika normativə uyğun olaraq quraşdırılıb”.Deputat Qüdrət Həsənquliyev də bir sıra restoranlarda akustika sisteminin normal qurulmadığını  və bununla bağlı tədbir görülməsini təklif etmişdi.

Related Articles

050-295-94-79
top