BANKLAR ƏHALİNİ BORC BATAQLIĞINA SALIR: – PROBLEMLİ KREDİTLƏRİN HƏCMİ NİYƏ ARTIB

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 2
    Shares

Problemli kreditlərin həlli ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Bu məsələnin ciddiliyi dəfələrlə vurğulanıb. Bir neçə mütəxəssis tərəfindən konkret təkliflər irəli sürülsə də, hələ ki problemin həlli istiqamətində konkret addımlar atılmır. Əvəzində isə vaxtı keçmiş kreditlərin məbləği artmaqda davam edir. Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank isə konkret olaraq bu istiqamətdə heç bir iş görmür.

Bu problemlə əlaqədar bir sıra bankların filialları bağlandı. Bu da bankların aktivlərinin azalmasına gətirib çıxarır. Bu ilin 1 avqust tarixinə görə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 782,1 min manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasına görə problemli kreditlərin ümumi kredit portfelində payı 14,6% təşkil edir. Bu ötən ilin noyabrından bəri ən yüksək göstəricidir.

İlin əvvəlinə nisbətən problemli kreditlərin həcmi isə 155,4 milyon manat olub. Yəni 9,6% artıb. Son bir ayda isə problemli kreditlərin həcmində 36,4 milyon manat artım baş verib.

Ekspertlər hesab edir ki, son vaxtlar da banklar müştəriləri müəyyən güzəştli kreditlərə cəlb edirlər. İnsanlar növbəti dəfə şirniklənir və sonra isə aldadılır. Nəticədə həm vaxtı ötmüş kreditlərin, həm də sonradan götürülmüş kreditlərin həcmi artır. Ekspertlərin fikrincə, problemli kreditlərin artmasına səbəb ödəyicilik qabiliyyətinin aşağı düşməsi, yaxud bankların daha çox qazanmaları üçün məsuliyyətsiz kreditləşmə siyasəti aparmasıdır.

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, problemli kreditlər elə əvvəlki məsələdir, sadəcə, məbləğ artır: “Yəni bunlar əvvəlki illərdə götürülən kreditlərdir. Son illərdə banklar daha məsuliyyətlə kredit verir. Sadəcə, bu əvvəlki illərdə verilən kreditlərdir, borc alanlarda problem yaranıb. Xarici valyutada olan kreditlərdir. Gəlirləri azaldığından ödəyə bilmirlər. Bununla bərabər hər hansı güzəştlər də edilmir. Ümumiyyətlə isə ödənilməyən məbləğ də artır. Əgər borcu ödəyə bilməyən şəxslərin tutaq ki, ümumi məbləği 1 milyon idi, ötən məbləğdə yenə ödəməyib və bu məbləğ artıb. Bütün bunlar onunla bağlıdır ki, banklar güzəşt etmirlər və hökumət də bu məsələ ilə bağlı konkret addımlar atmır. Belə ki, bu sahəni idarə edən Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank əməli tədbirlər görmürlər. Ona görə də borclar arta-arta gedir”.

Ekspert qeyd edib ki, borcların əsas hissəsini bank rəhbərləri özlərinə yaxın şəxslərə verirlər: “Dəfələrlə bunu demişəm. O məqsədlə ki, götürsünlər və qaytarmasınlar. Faktiki olaraq da qaytarmırlar. Məsələni kökündən həll etmək lazımdır. Təəssüf ki, bu da baş vermir”.

Related Articles

050-295-94-79
top