ELDAR ƏZİZOV EYVANLARDAN PALTAR ASMAĞI QADAĞAN ETDİ -YENİ QƏRAR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakı şəhər İcra Hakimiyyəti Bakı ərazisində küçə və prospektlərə baxan binalarda mənzillərin eyvanından paltar asmağı və qurutmağı qadağan edib. Bu haqda musavat.com-a sakinlərdən məlumat daxil olub. Hazırda bu iş üzrə rayon icra hakimiyyətlərinə tapşırıq verilib. Mənzil sahiblərindən tələb olunur ki, küçə və prospektlərə baxan eyvanlardan paltar asılmasın.

Musavat.com-a verilən məlumatda həmçinin bildirilir ki, bu qadağa Bakının bütün rayonlarına şamil olunacaq. Hazırda Mənzil İstismar İdarələri(MİS) və Mənzil Təsərrüfat Birliyi (MTB) işçiləri binalarda bu işlə bağlı reyd keçirirlər. Sakinlərdən tələb olunur ki, iki eyvanlı evə sahib olanlar paltarlarını küçəyə yox, həyətə baxan eyvandan assınlar. Həyətlərə baxan eyvanı olmayanların isə eyvanda quruducu asılqanlardan istifadə etməsi tələb olunur.

Musavat.com xatırladır ki, bu ilin iyun ayında Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinlərindən balkonlardan paltarların qurudulması üçün çəkdikləri zivələri yığışdırmağı tələb etmiş və bu, cəmiyyətdə birmənalı qarşılanmamışdı.

Qeyd edək ki, balkona paltar asmaq qadağası ilk dəfə bir neçə il əvvəl Naxçıvanda tətbiq olunub. Daha sonra isə bir neçə ay Sumqayıt şəhərində də bu cür qadağalar tətbiq edilib. İndi isə Bakıda bu cür qadağanın qoyulmasına başlanıb.

2015-ci ildə də paytaxtda bu hadisə yaşanmışdı. Bakının mərkəzi küçələrində yaşayış binalarının divarlarına elanlar vurulmuş, bu elanlarda binaların küçə və prospektlərə baxan eyvanlarına əşyalar qoyulmasının, paltar asılmasının qadağan edildiyi bildirilmişdi. Həmin vaxt mənzillərə bir-bir gedilərək onların sahiblərinə xəbərdarlıq da edilirdi. Bu, həmin vaxt paytaxtda keçirilən Avropa Oyunlarına görə həyata keçirilən bir prosedur kimi təqdim edilirdi.

Musavat.com xatırladır ki, bu qərar Bakı şəhər icra başçısı vəzifəsini müvəqqəti yerinə yetirən Eldar Əzizova məxsusdur. E.Əzizov Gəncə şəhər icra başçısı vəzifəsinə gələndə də ilk qərarlarından biri binaların prospektlərə baxan mənzillərindən zivələrin yığışdırılması olmuşdu. Eyni qərarı Sumqayıt icra başçısı olanda da sözügedən şəhərdə tətbiq etmişdi.

Xarici ölkələrdə, xüsusən Avropa şəhərlərində, eləcə də Amerikada eyvanlardan paltar sərmək ənənəsi yoxdur. İnsanların evlərində qurutma maşını olur və onlar paltar sərməyə xüsusi vaxt, yer sərf etmirlər. Bundan başqa, xarici ölkələrdə camaşırxana ənənəsi geniş yayılıb. Evində paltaryuyan və paltarqurudan maşına yer vermək, eləcə də bu işlərə su, elektrik xərci ödəmək istəməyənlər kilo ilə paltar yuyulan camaşırxanaların xidmətindən istifadə edirlər.

Related Articles

050-295-94-79
top