BAKIDA 2 YAŞLI DANIŞA BİLMƏYƏN UŞAQ BAĞÇADA DÖYÜLDÜ – (VİDEO)

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Sosial şəbəkələrdə Pərvin Şükürzadə adlı valideyn Yasamal rayonu ərazisində “Nərgiz” uşaq bağçasında 2 yaşlı oğlunun döyülərək xəsarət aldığına dair dair video-fakt yerləşdirib. 
Pərvin Şükürzadə bildirib ki, azyaşlı oğlu danışa bilmir:
“Dostlar, başıma bəla gəlib. Xahiş edirəm, məsələnin ictimailəşməsində mənə yardımçı olun! 2 yaşı yenicə olmuş, hələ danışa bilməyən körpə oğlum Yasamalda yerləşən (İnşaatçılar metrostansiyasının yaxınlığında) “Nərgiz” özəl bağçasında zorakılığa məruz qalıb. Sonuncu dəfə belindən, onurğa nahiyəsindən üç dəfə yumruqla vurublar. Zorakılıq barədə hüquq mühafizə orqanlarına müraciət etsək də, bağça rəhbərliyi hadisəni törədənin şəxsiyyətini ört-basdır edir, bunun üçün müxtəlif yollara əl atır. Təsəvvür edin, hadisə günündən artıq 10 gün keçib, amma körpəni döyən şəxs bağçada rahat işləməyə davam edir”.
Valideyn bildirib ki, hadisə ötən ayın 21-də baş verib:
“Uşağı birbaşa bağçadan evə gətirmişəm, evdə özünü anormal aparıb, biz də şübhələnib bədəninə baxmışıq. Gördüklərimiz dəhşətdir. Zərbə yerinə müxtəlif həkimlər baxıb və uşağa yumruqla zorakılıq edildiyini təsdiqləyirlər. Yumruq izlərinin ölçüləri qadın əlinə xarakterikdir. Bağçadakı müşahidə kameraları da heç nə vermədi. Əvvəla kameralar bütün otaqları, besedkaları, koridor (hadisələr də əsasən burada olur) və tualetləri əhatə etmir. İkincisi də balamı müşahidə edən kamera guya ki, saat 17:00-dan sonra heç nə yadda saxlamayıb. 2 yaşlı danışa bilməyən bir körpəyə 3 yumruq vuran soyuqqanlı manyakın kamera altında uşaq döyməsi onsuz da inandırıcı deyil. Birmənalı olaraq uşağımı kameralar olmayan yerdə döyüblər. Ssenari klassikdir – kamera altında sevgi göstərmək, kamera olmayan yerdə döymək.
P.Şükürzadə qeyd edir ki, bu hadisə birinci belə hadisə deyil:
“Bundan əvvəl də uşaq müxtəlif xəsarətlə evə gəlirdi, bu barədə bağçaya xəbər vermişik, deyiblər xəbərimiz yoxdu, ola bilməz, siz nə danışırsınız. Yenə də bir valideyn olaraq onlara inandıq. Amma daha inanmıram. Çox xahiş edirəm paylaşın, məsələ ictimailəşsin”.
AZXEBER.COM məsələ ilə bağlı Nərgiz özəl uşaq bağçasının rəhbəri Fəridə Hacıyevanı danışdırıb.
Portalımıza açıqlamasında bağça rəhbəri bildirib  ki, qeyd olunan körpə və onun bacısı “Nərgiz” bağçasına gəlib-gedirlər:
“Valideyn bizə müraciət edərək uşağının döyüldüyünü iddia edib. Biz onunla birlikdə avqustun 21-də kamera görüntülərinə baxmışıq. Bütün görüntülərdə uşaq dostları ilə oynayır və deyib-gülür. Heç bir əməkdaşımız körpəyə əl qaldırmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları valideynin iştirakı ilə hadisə yerinə baxış keçirib və iddiaların əsassız olduğunu aşkara çıxıb. Valideyn də bununla razılaşıb və üstündən bir müddət sonra yenidən bununla bağlı ictimaiyyətə yalan informasiyalar ötürür. Onun bu addımı ilə nə etmək istədiyini anlaya bilmirəm. Amma iddialar əsassızdır”.

 

Related Articles

050-295-94-79
top