“ALMANİYA QAZ TƏMİNATINI RUSİYADAN ÇOX AZƏRBAYCANDAN ALMAĞA MARAQLIDIR”- ŞƏRH

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Almaniya kansleri Angela Merkelin regiona – hər 3 dövlətə rəsmi səfəri ondan xəbər verirdi ki, Almaniyanın regionun iqtisadi inkişafında, eləcə də regionda baş verən hadisələrin gedişatının istiqamətlərinə marağı var”

Bu sözləri millət vəkili Elman Məmmədov Publika.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Merkelin Gürcüstan, Ermənistan və nəhayət, Azərbaycanda səfərdə olduğu zaman səsləndirdiyi fikirlər bu qənaətə gəlməyə imkan verir ki, Almaniyanın bu ölkələrlə müxtəlif istiqamətlərdə apardıqları əməkdaşlıqlar müsbət istiqamətdə irəliləyir:

“Ümumilikdə bu səfəri xoşməramlı hesab etmək olar. Dövlətlər arasında əməkdaşlığın artan templə inkişafı, sərmayə qoyuluşları, alman şirkətlərinin ölkəmizdə müxtəlif sahələrdə fəaliyyətlərinin daha da genişləndirilməsi istiqamətində olduqca əhəmiyyətli səfər hesab etmək olar. Xüsusilə ölkədə qeyri-neft sektoruna yaxın gələcəkdə külli miqdarda sərmayə qoyulması gözləniləndir. Bundan başqa, Azərbaycanın Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyi məsələsindəki rolu Kansleri çox maraqlandırır. Yəni, bu, gizlin deyil ki, Almaniya ölkənin qaz təminatı məsələsində təkcə Rusiyadan asılı qalmaq istəmir. Hər vəchlə onlar bu istiqamətdə Azərbaycanın mövcud qaz layihələrindən bəhrələnmək istəyirlər. Bu məsələ də səfər zamanı müzakirə edilib. Təbii ki Azərbaycan özü də Almaniya ilə daha çox istiqamətlərdə əməkdaşlıq etməkdə maraqlıdır. Lakin ölkəmizin Almaniyadan gözləntiləri, xüsusilə Dağlıq Qarabağ məsələsinin həllində Almaniyanın dünya ölkələri sırasındakı yüksək nüfuzundan istifadəsidr. Avropa İttifaqının, Avropa Şurasının ən nüfuzlu dövləti olan Almaniya regionda olan münaqişələrin həll olunmasında maraqlıdır. Azərbaycan da istəyir ki, Almaniya özünün nüfuzundan bu istiqamətdə istifadə etsin və sağlam qərarlar qəbul etsin. Gürcüstanda səfər zamanı Abxaziya-Asetiya məsələlərinə toxunulmuşdu. Ermənistan təbii olaraq heç istəməzdi ki, bu məsələlər müzakirə edilsin, çünki onlara bu sərf edir. Azərbaycan özü də hər zaman olduğu kimi bu dəfə də Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə xanım Merkellə fikir mübadiləsi aparılmasını təklif etdi. Almaniya Avropanın sıradan bir dövləti deyil. Almaniyanın Avropa siyasətində söz haqqı var. Bu səbəbdən biz çox ümidlə gözləyirik ki, 30 ilə yaxındır işğal altında olan Azərbaycan torpaqlarının sülh yolu ilə azad edilməsində Almaniyanın təsiri öz nəticəsini verəcəkdir. Ümumilikdə konkret olaraq onu demək lazımdır ki, Almaniya ölkəmizin qaz, enerji təminatından bəhrələnmək istəyirsə, əvəzində Azərbaycan da Almaniyanın Avropadakı siyasi gücündən, nüfuzundan və ədalət prinsiplərindən bəhrələnmək niyyətindədir”.

E.Məmmədov onu da əlavə edib ki, alman şirkətlərinin ölkədə qeyri-neft sektoruna marağı artmaqdadır:

“İki dövlət arasında iqtisadi sahədə inkişaf artacaq. Azərbaycana qoyulan sərmayələr çoxalacaq. Avropanın bir sıra təşkilatlarının özündə belə bəzən Azərbaycana qarşı şər, qarayaxma kampaniyaları aparılır. Biz burada da Almaniyanın ədalətli mövqeyinə güvənirik. Bilirsiz ki, Almaniyada neft sektoru yoxdur. Almaniya iqtisadiyyatı çox şaxələnmiş iqtisadiyyatdır və bu gün Azərbaycanda da qeyri-neft sektoruna ayrılan diqqət bu istiqamətdədir. Ölkəmiz Almaniya yolu ilə gedir desək, yerinə düşər. Azərbaycanın Almaniya da daxil olmaqla digər ölkələrlə iqtisadi əməkdaşlıqlar zamanı diqqət etdiyi məqam odur ki, ölkəyə qoyulan yatırımların böyük hissəsi qeyri-neft sektorunda olsun. Kənd təsərrüfatında alman şirkətlərinin iştirakı, maraqlı olması bizim üçün çox daha sərfəlidir. Bu məsələlərə səfər çərçivəsində də toxunuldu və kifayət qədər müzakirələrə yer verildi”.

Related Articles

050-295-94-79
top