QARABAĞ QAZİSİ İMKANSIZLIQDAN ÖVLADINI OXUDA BİLMİR – MÜRACİƏT

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Qarabağ müharibəsi veteranı Osmanov Sakit İlyas oğluimkansızlıqdan övladının təhsil haqqını ödəyə bilmir.
O, Qaynarinfo-ya müraciət ünvanlayaraq, Azərbaycanın imkanlı şəxslərindən kömək istəyib. Zərdab rayonunun Gəlmə kənd sakini olan S. Osmanov bildirib ki, oğlu Oruc Osmanovmüəllim yanına hazırlığa getmədən, özü sərbəst hazırlaşaraq Mingəçevir Dövlət Universitetinin Maliyyə fakültəsinə daxil olub, ancaq imkansızlıq ucbatından oğlunun 1200 manat təhsil haqqını ödəyə bilmir.
“Mən Sakit Osmanov Qarabağ müharibəsinin ən ağır vaxtlarında – 1992-ci ildə bir vətən oğlumu kimi xalqım qarşısında borcumu yerinə yetirmək üçün cəbhəyə yollanmışam. 2 il Ağcabədi batalyonunun tərkibində Laçında, Kəlbəcərdə, Ağdamda ən şiddətli döyüşlərdə vuruşmuşam. Hazırda heç bir yerdə işləmirəm və müharibə veteranı kimi ayda cəmi 55 manat müavinət alıram. Kiminsə həyətində iş olanda gedib işləyirəm, aldığım günəmuzd pulla ailəmi dolandırmağa çalışıram. Mənim ali təhsilim yoxdur, oğlum çəkdiyim əziyyətləri görüb həmişə deyirdi ki, “ata, ali təhsil alıb, işləyib səni bu çətinliklərdən xilas edəcəyəm”. Maddi imkanım olmadığı üçün oğlumu müəllim yanına hazırlığa göndərə bilməmişəm, özü gecə-gündüz hazırlaşıb və universitetə qəbul olub. Ancaq 1200 manat təhsil xərcini ödəyə bilmədiyim üçün oğlumun ali təhsil almaq, valideynlərini sevindirmək arzusu ürəyində qala bilər. Həyat yoldaşım ağır astma xəstəsi olduğu üçün fəhləlik etməklə qazandığım pulları onun iynə-dərmanına xərcləmişəm, ona görə onun təhsil haqqını ödəyə bilmirəm”, – deyə o, müraciətində bildirib.
Qarabağ veteranı inanır ki, Azərbaycanın imkanlı, xeyirxah oğul və qızları ona oğlunun təhsil xərcini ödəməkdə yardım edəcəklər: “Oğlum da deyir ki, “ata, inşallah, yaxşı insanlar bizə kömək olsalar, gələn il işləyəcəm, dərslərimi yaxşı oxuyub təqaüd alacam, bu vəziyyətdən çıxacağıq. Əsas bu ildir, imkanlı insanlardan, xeyirxah, vətənpərvər soydaşlarımızdan bizə bu işdə köməklik etmələrini xahiş edirik”.
Sakit Osmanov oğlu Orucdan bir ata kimi razı olduğunu deyib: “Ailəmizin ilk övladı, yeganə olumuzdur. Ondan da çox razıyam. Ağıllı, vətənini sevən bir oğlandır. İnanıram ki, Oruc xeyirxah, yardımsevər insanların dəstəyi ilə ali təhsil ala biləcək və layiqli bir kadr kimi yetişib Azərbaycanımıza xidmət edəcək”.
Qeyd edək ki, təhsil xərci avqust ayının 25-dək ödənməlidir.
Ailə ilə əlaqə nömrəsi: (+994) 050 406 41 23

Related Articles

050-295-94-79
top