AZƏRBAYCANLI MƏMURUN VİLLASI BEYNƏLXALQ QALMAQALA SƏBƏB OLDU

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 22
    Shares

Araz Mahmudov: “Onun evinin təmiri bitib, hazırda ailəsi ilə orda yaşayır”
Fevralın 29-da Qafqaznews.az saytında “Abşeronun istintaq şöbəsinin rəisi 84 min manata villa təmir etdirib? – ŞİKAYƏT”başlıqlı yazı dərc olunub
Yazıda qeyd olunurdu ki, Qafqaz Xəbər Agentliyinə Türkiyə vətəndaşı, Azərbaycanda oturma izni olan və vergi ödəyicisi Murat Kılıç müraciət edərək, fırıldağa məruz qaldığını və bu məsələdə kömək istədiyini bildirib.
M.Kılıç Qafqaznews.az saytına bildirib ki, o, Bakı Türk Anadolu Liseyində bəzi taxta-mebel işləri yerinə yetirib və onun işini bəyənən Fatih adlı Türkiyə vətəndaşı ona üçmərtəbəli villanın təmirində iştirak etməyi təklif edib. Onun sözlərinə görə, Fatihlə Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Bilal Nəbiyevə məxsus olan, Xırdalan parkında (Heydər Əliyev Parkı – red.) yerləşən üçmərtəbəli villasında döşəmə, pilləkən, ümumilikdə taxta-mebel işlərini 5500 manata razılaşıblar.

“Altı ay əvvəl, Türkiyəli iş adamı Fatih adlı biri (Türkiyənin Siirt vilayətindən olan) mənə təklif etdi ki, Xırdalan şəhərində 3 mərtəbəli bir villanın qapı, pilləkən, divar, döşəmə işlərini görüm. Bu işi 5500 manata razılaşdıq. Avans olaraq 2500 manat verdi, qalan 3000 manatı 1 ay içərisində ödəmə şərti ilə razılaşdıq. Və işi vaxtında bitirdik ,amma haqqımızı ödəmədilər. Turan usta, Recai və Selim olaraq 3 nəfər işlədilər. Bir ay sonra Fatih dedi ki, pul yoxdur, “Yapı Kredi Bank”-ın 3000 manatlıq çekini verdi. Banka getdik, amma baxdıq ki, pul yoxdur”, – deyə M.Kılıç qeyd edib. M.Kılıçın sözlərinə görə, özünün hüquqşünas olduğunu deyən Araz adlı şəxs də Fatihə arxa çıxmağa kömək etməyə çalışıb. On gün öncə Araz, Fatih və mən villa sahibi Bilalın (Abşeron RPİ-də istintaq şöbəsinin rəisi) yanına getdik. Bilal dedi ki, Murat Kılıçın pulu ayın sonuna qədər ödənilməlidir. Onların yanında o saxta çeki Bilala verdim dedim ki, səndə qalsın çek . Fatih etiraf edib ki, Bilaldan təmir üçün ümumi 84000 manat alıb.
Söz verdi ki, 10 gün içində mənim borcumu bağlayacaq. Amma 29 fevralda Fatih zəng etdi ki, pul yoxdur, 4-5 gün daha gözləyək. Xahiş edirəm pulumuzun alınmasında bizə köməklik edəsiniz”. Qafqaz Xəbər Agentliyi olaraq, məsələdə adı keçən Bilal Nəbiyevlə də əlaqə saxladıq. B.Nəbiyev Murat Kılıçın adını eşidəndə təəccüblənməsə də, onu “tanımadığını” dedi: “Mən Devrimi tanıyıram, evimin təmir işini ona tapşırmışam. Onlar briqada ilə gəliblər, evi təmir ediblər. Onları Fatih ilə Devrim gətirib. Evimin təmirini yarımçıq qoyublar, pulunu da tam verməmişəm. Danışmışam ki, evi təmir edin, sonra gələrsiniz, amma iş bitməyib.”. “Sizinlə 10 gün əvvəl Araz, Fatih və Murad görüşüblər. Murad sizə çek verib dediyinə görə…” – deyə əməkdaşımız dəqiqləşdirmək istədi. “Yox, elə bir şey olmayıb. Ona saxta çeki Devrim verib, mən verməmişəm ki…”, – deyə Bilal Nəbiyev vurğuladı. “Araz və Fatihi tanıyırsınız?” – deyə soruşduq.
“Araz, Fatih və Devrim briqada ilə işlər görən bir qrupdurlar”, – deyə Abşeron RPİ-nin istintaq şöbəsinin rəisi bildirib. Müxbirimizin “Bəs Murat hara getsin?” sualına Bilal Nəbiyev belə cavab verib: “Murad isə hara gedir getsin. Hara istəyir, şikayət eləsin. Mənlik bir şey yoxdur”. Daha sonra B.Nəbiyev evin təmirini Devrimlə 84 minə yox, 32 minə danışdığını, sözügedən villanın isə “ikimərtəbəli həyət evi” olduğunu deyib. B.Nəbiyevlə telefon söhbətimizdən sonra Murat Kılıçla danışdıq, o isə təəccüblə dedi: “Məgər Bilal müəllim yaşadığı evin neçə mərtəbə olduğunu bilmir? Üçüncü mərtəbə mansardır. Bilal müəllim işçilərə demişdi ki, sizin pulunuzu verməsələr, özüm verəcəyəm. Evin təmiri isə çoxdan bitib, 6 aydır Bilal müəllim o evə köçüb”.
Şikayətçinin adını hallandırdığı Araz adlı hüquqşünas (özünü bizə Araz Mahmudov kimi təqdim etdi red.) və Fatih adlı Türkiyə vətəndaşı ilə də əlaqə saxladıq. Məlum oldu ki, Bilal Nəbiyevin adını hallandırdığı “Devrim” ləqəbli şəxsin əsl adı Efe Demireldir. O, “Demirel İnşaat” şirkətinin rəhbəridir. Bundan başqa, əlaqə saxladığımız şəxslərdən Bilal Nəbiyevin bir neçə ay əvvəl Efe Demireli həbslə təhdid etməsi barədə də məlumatlar əldə etdik.
Fatih adlı Türkiyə vətəndaşı soyadını deməsə də, Bakıda yaşadığını, Murat Kılıçı tanıdığını və aralarında borc söhbətinin olduğunu, eləcə də Xırdalanda üçmərtəbəli villanın təmirində əlaqələrini təsdiqlədi.

“Sifarişi mən yox, Efe verib. Mən sadəcə tanışdırmışam. Onun ləqəbi “Devrim”dir. Soyadı Demirel. “Demirel İnşaat”ın rəhbəridir, hazırda Azərbaycanda deyil, qaçıb. Mən özüm də Efe tərəfindən aldadılmışam. Bilalı da Efe vasitəsilə tanımışam. Efe onun işini görürdü, o da işlərində məndən kömək istəmişdi. Efe ona avans verdi, sonra 2 min daha verdi, daha sonra mən də üzərimə düşən vəzifəni gördüm, apardım onu Muratın ayağına, orda 3 min manatlıq “Yapı Kredi Bank”dan çek yazdı”, – deyə Fatih bildirib.
Fatih bəzi suallarımıza cavab versə də, ümumilikdə bizimlə səmimi söhbətə çox da maraqlı deyildi və hətta bizə “xəbərdarlıq” da etdi: “Mənim haqqımda yalnış şeylər yazmayın. Mən Türkiyədə nüfuzlu insanam, nüfuzlu qohumlarım var. Türkiyə vasitəsilə nəinki polis, nazirliklərə də çıxa bilərəm, öz haqqımı qoruya bilərəm”.
Biz isə izah etdik ki, məsələyə jurnalist olaraq, bitərəf yanaşırıq və sadəcə şikayətçinin sözləri əsasında araşdırma aparırıq.
“Fatih bəy, mən sizi nədəsə günahlandırmıram, amma aydınlaşdırmaq istərdim… Murat deyir ki, “10 gün öncə, fevralın 20-də biz – Fatih, mən, Araz və Bilal Nəbiyev Xırdalanda görüşdük,Fatih də etiraf etdi ki, Bilaldan 84 min manat alıb”, – deyə biz dəqiqləşdirmək istədik.

“Xeyr, mən Bilalla iş görməmişəm ki, Efe bey onunla işləyib. Nə olubsa, onların arasında olub. Burda bir fırıldaq baş verir, kimsə mənə böhtan atırsa, mən də onun  haqqında dava açacağam (“məhkəməyə verəcəyəm” –red.). Mən nə ondan pul almışam, nə 84 min almışam. Efe beyi tapa bilmirlər deyə, mənim yaxamdan yapışıblar. Efe Bilalla iş görüb deyə, Bilalı tanımışam. Hazırda qaçan Efedir. Mən də elə olsaydım, mən də qaçardım”.
Onun sözlərinə görə, Efe Demirelin müxtəlif adamlara borcları var və onları ödəməmək üçün ölkədən qaçıb.
Fatih qeyd etdi ki, Murat Kılıç 2500-dən əlavə, 2 min manat da alıb, deməli, ona 3 min yox, 1 min manat borc qalır: “Lakin dedi ki, bu qədər də materiala-filana xərc çəkmişəm, əlavə pul tələb etdi. Mənim boynuma 2 min manat qoydu. Mənim də işim yoxdur, böhrandır, tanışlardan-dostlardan borc istəmişəm, 3-4 günə mənə 1400 manat borc göndərməlidirlər, onun pulunu verməyə çalışacam. Mən ondan qaçmıram, qaçan adam aparıb ona yaşadığı evi göstərərmi? Özü də gəlib binanın mühafizəçisinə 5 manat verib, hələ də orda yaşayıb-yaşamadığımı dəqiqəşdirib”.

Onun sözlərinə görə, Murat Kılıç onu təhdid edib, ailəsinə xətər yetirməklə qorxudub: “Açığı, mən qorxdum. O, məni ailəmlə, xanımımla təhdid etdi. Onu tanış etmişəm deyə, arada mən qalmışam. Bəli, mən öhdəlik daşıyıram, amma onun məni təhdid etməyə haqqı yoxdur”.
Məsələdə adı hallandırılan Araz adlı hüquqşünasa da zəng etdik. Soyadını Mahmudov kimi bildirən hüquqşünas bizə bildirdi ki, “Murad getsin ağlına dua yazdırsın, mən vəkil adamam, şəxsən onun haqqında tədbir görəcəyəm”.
O bildirib ki, o nə işin yiyəsidir, nə podratçıdır, nə də vasitəçi: “Fatih onu aldatmayıb. Lap borcu varsa da, bu mülki məsələdir. Bildiniz?”.
A.Mahmudov Bilalı tanıdığını bildirib: “Bilal mənim qayınatamla bir yerdə işləyib. Efe Dəmirəli də çoxdan tanıyıram, amma onu belə fırıldaqçı adam kimi tanımırdım. O vaxt mənə dedi ki, Abşeronda Bilal adlı rəis var, məni sıxışdırır, gəl mənə kömək elə. Mən Fatihi də tanıyıram. Yaxın dostum deyil. Sonra onlara bu işdə kömək etməyə çalışdım. Fatihin mebel sexi var idi, sonra işi çatdıra bilmədi. Efeyə Muratı təklif etdi, o da razılaşdı. Bilalın da haqqı var ki, onlardan işini tələb edib. Amma mənim bu işdə hər hansı iştirakım yoxdur. Sadəcə onlar məndən hər hansı məsləhətlər istəyiblər. Son məsələdə də Fatih təhdid olunduğuna görə, məndən məsləhət istədi və o haqlı olduğu üçün, mən məsələni yoluna qoymağa çalışdım”.
Araz Mahmudov öncədən Bilal Nəbiyevə haqq qazandırsa da, “təmirin yarımçıq qalması” barədə fikirlərini təkzib edib: “Bildiyimə görə, təmir tam başa çatdırılıb, o  da hazırda ailəsi ilə həmin evdə yaşayır”.

O, Bilal Nəbiyev, Murat Kılıç və Fatihlə birlikdə Xırdalanda görüşdüklərini təsdiqlədi.
Lakin 84 min manatlıq iddia barədə Araz Mahmudov dəqiq fikir bildirməkdən imtina etdi: “Mən işin detallarını bilmirəm. Amma qəribə vəziyyət yaranıb. Bilal bir cür deyir, Efe bir cür, Murat bir cür”.
Müxbirimizin “Bilal Efeni niyə sıxışdırırdı?” sualına A.Mahmudov belə cavab verib: “Efe yanıma gəldi ki, bəs belə vəziyyət yaranıb, işləri sona çatdıra bilmirəm, sənin də əlaqələrin var, hüquq-mühafizə orqanlarını tanıyırsan, mənə kömək et… Bilal müəllimlə tanışlıq olduğu üçün, getdim xahiş etdim ki, Efeyə möhlət ver, bu işlərin axırına çıxsın. Başa düşdünüzmü? Ondan sonra da Efe satqınlıq etdi, mənim sözümdən istifadə etdi, yenə də işini görə bilmədiyi üçün Fatihi dövrəyə saldı. Fatihə dedim ki, Fatih səni də tanıyıram, onun həmşəhərlisisən, amma o mənim qarşımda sözünü yerinə yetirmədi. Dedim ki, sən bu işə getmə”.
Efe Dəmirəlin Bilal Nəbiyev qarşısında öhdəliyi barədə suala cavab olaraq, Araz Mahmudov bildirdi ki, B.Nəbiyevlə E.Dəmirəlin arasında müqavilə olub və bu müqaviləyə görə villanın təmiri başa çatdırılmalı idi. Efe isə Fatihə sözlə dedi ki, “sən et, mən sənin pulunu verəcəyəm”. Efe Fatihə də borclu qaldığı üçün, Fatih öz sexini çalışdıra bilmədi, kənardan Muradı cəlb etdi. Fatih bu gün çətinə düşüb, yeməyə çörək tapmır, Muradsa keçib bu yola. Fatihin ona 2 min manat borcu var. Borcundan qaçmır.Əsl dolandırıcı qalıb bir tərəfdə, Türkiyədə kef edir. Mənim haqqımda nə deyibsə, onun altından Murat çıxa bilməyəcək”.
Murat Kılıç isə Arazın Fatihlə bu işlərdə ortaq hərəkət etdiyini vurğulayıb, heç kimi təhdid etmədiyini, sadəcə pulu tələb etdiyini deyib: “Mən Efeni ancaq bir dəfə görmüşəm, mən Fatihdən pulumu tələb edirəm, çünki məni bu işə o qoşub”.
Efe Demirelin sosial şəbəkə profilini tapsaq da, mesajımıza cavab vermədi.
Mövzunu diqqətdə saxlayırıq. Əlavə fikirləri və iradları da dərc etməyə hazırıq.

Qafqaznews.az

Related Articles

050-295-94-79
top