QURBANLIQ VƏTƏNDAŞA NEÇƏYƏ BAŞA GƏLİR?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bu gün Azərbaycanda islam aləminin ən böyük bayramlarından olan Qurban bayramı keçirilir.

Qeyd edək ki, mərasim bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən, üç gün davam edir. Bayramda niyyəti olanlar adəti üzrə qoyun, qoç, inək, dana və ya dəvə kəsərək qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayırlar.

Bəs bu Bayram qurbanlıqlar vətəndaşa neçəyə başa gəlir?

AYDINLIQ.AZ məsələ ilə bağlı Oxu.az-ın reportajını təqdim edir:

İlk olaraq Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilən yarmarkalarda qiymətlərlə maraqlandıq.

Yasamal rayonu Şərifzadə küçəsi 196, “İdeal” şadlıq sarayının həyətində keçirilən yarmarkada satıcılarla söhbət zamanı öyrəndik ki, qiymətlər 150 manatdan başlayır 300 manata qədər yüksəlir:

“Qiymətlər heyvanın çəkisindən asılıdır. Heyvanın diri çəkidə kilosu 5.5 – 6 manat təşkil edir”.
O da məlum oldu ki, bu il qurbanlıqlar daha iridi. Bu səbəbdən də alıcılar qiymətlərin baha olduğunu düşünürlər:

“Alıcı azdır. Alanlar ya az çəkidə heyvan alır, ya da heyvanı kəsdirib alırlar. İkinci halda heyvanın ətinin kilosu 11-12 manatdan başa gəlir”.

Nəzərə çatdıraq ki, qurbanlıqlar təkcə yarmarkalarda deyil, bəzi ərazilərdə yol kənarlarında da satılır. Bu bazarlarda heyvanın diri çəkidə kilosu 10 manat təşkil edir. Satıcıların sözlərinə görə, heyvanları əsasən Aran rayonlarından və Gürcüstandan gətiriblər:

“Heyvanlar tam sağlamdır. Qiymətlər də ötən ilkindən fərqlənmir. Könül rahatlığı ilə alıb apara bilərsiniz”.

Ətrafda dayanıb heyvanların kəsimini gözləyən alıcılarla da söhbətləşdik. Onlar əksinə, qurbanlıqların baha olmasından şikayətlənərək, ötən il qiymətlərin daha ucuz olduğunu dedilər:

“Diri çəkidə heyvan almaq sərf etmir. Ötən il 95 manata da heyvan almaq mümkün idi. Bu il amma qiymətlər 160 manatdan başlayır”.

Göründüyü kimi, Qurban kəsərək Allahın könlünü almaq bu il elə də ucuz başa gəlməyəcək. Bəs, bankdan kredit götürərək və ya kredit kartı ilə ödəniş edərək qurbanlıq heyvan almaq olarmı?

Satıcılar kreditlə qurban satmadıqlarını söylədilər.

Müraciət etdiyimiz din xadimləri də qurban kəsmək üçün kredit almağa ehtiyac olmadığını dedilər. Onların sözlərinə görə, borcla qurban kəsilməsi günah hesab edilir.

Qurban kəsmək Həcc ziyarətində olanlar üçün vacibdir. Çünki ziyarətin ayinləri arasında yer alır. Əks halda Qurban bayramında qurban kəsmək zəruri deyil.

Related Articles

050-295-94-79
top